Türkiyə: Netanyahunun siyasəti dünyanı “Hitlerizmin qaranlığına” aparır Gündəm

Türkiyə: Netanyahunun siyasəti dünyanı “Hitlerizmin qaranlığına” aparır

İsrailin baş naziri Benyamin Netanyahu və onun hökuməti bəşəriyyəti “Hitlerizm"in qaranlığının yeni mərhələsinə sürükləyir və o, məhkəmə qarşısına çıxarılmalıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə parlamentinin sədri Numan Kurtulmuş ABŞ və İsrailin İranla münaqişəsi ətrafındakı vəziyyətlə bağlı Türkiyənin xarici işlər və müdafiə nazirlərinin deputatlara məlumat verəcəyi qapalı iclasdan əvvəl bildirib.

Kurtulmuş deyib ki, diplomatik həll yolları axtarıldığı bir vaxtda həyata keçirilən hücumlar sülh niyyətini deyil, dağıdıcı məqsədləri göstərir və bu yanaşma gələcək danışıqlar mexanizmlərinə inamı sarsıdır.

Onun sözlərinə görə, problemin kökündə bu gün İsrail hökumətini və tərəfdarlarını idarə edən aqressiv və qanunsuz sionist düşüncə dayanır və bu dəyişməlidir. Kurtulmuş əlavə edib ki, Netanyahunu “ikinci Davud” kimi təqdim etməyə çalışanlar əslində bəşəriyyəti “Hitlerizmin ikinci qaranlığına” aparan barbarlığa şərait yaradırlar.

Kurtulmuş hesab edir ki, Netanyahu “tarixin ən sərt məhkəməsi qarşısında cavab verməlidir”. O vurğulayıb ki, onların tənqidi hər hansı xalqa qarşı deyil, soyqırıma bərabər cinayətlərə, işğalı qanuniləşdirən siyasi fanatizmə və dağıdıcı gücə çevrilən dövlət hakimiyyətinə qarşıdır.

Parlament sədri həmçinin bildirib ki, beynəlxalq sistemin dağılması artıq təkcə real münaqişələrlə məhdudlaşmır. Onun sözlərinə görə, bir tərəfdən atəşkəs elan edilir, digər tərəfdən bombardmanlar davam edir; sülhdən danışılır, lakin blokadalar gücləndirilir; təhlükəsizlikdən bəhs olunur, amma hədəf mülki əhali olur; humanitar yardımdan danışılır, lakin yardımın çatdırılması əngəllənir. Kurtulmuş bunu açıq şəkildə siyasi manipulyasiya sistemi kimi qiymətləndirib.

O qeyd edib ki, belə şəraitdə sülhün təmin edilməsi və atəşkəs razılaşmalarının əldə olunması xeyli çətinləşir, hüquqi və mənəvi meyarlar zəiflədikdə isə münasibətlər yalnız güc prinsipi üzərində qurulur.

Məryəm Quliyeva