Avropalılar niyə erməniləşirlər? Dünya

Avropalılar niyə erməniləşirlər?

Krımın işğalı ilə bağlı çığır-bağır salan qərbli siyasətçilər Qarabağın işğalı qarşısında ən yaxşı halda susurlar

Cavid

İyunun 4-də İrəvanda səfərdə olan İsveçrə prezidenti, ATƏT-in sədri Didye Burkhalter Ermənistan prezidenti Serj Sərkisyanla birlikdə brifinq keçirib. Didye Burkhalter deyib ki, İsveçrə ATƏT-ə sədrlik etdiyi dövrdə Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminin möhkəmlənməsinə və insidentlərin araşdırılması mexanizminin qurulmasına çalışacaq.
"Belə bir mexanizmin yaradılmasını hamı istəyir. Amma onu həyata keçirmək mümkün olmayıb" deyə Burkhalter İrəvanda bildirib.
ATƏT sədri əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo variant sayıla bilməz və addım-addım sülhə doğru irəliləməyə çalışmaq lazımdır.
Serj Sərkisyan bildirib ki, Ermənistan Dağlıq Qarabağ probleminin tezliklə çözülməsinə tərəfdardır: "Biz Burkhalterlə problemin hərbi yolla həllinin olmadığı barədə vahid rəyi ifadə etdik. Güc tətbiqi hədəsi və atəşkəsin pozulması danışıqlar prosesinə böyük zərbə vurur".
Sərkisyan deyib ki, münaqişənin həlli üçün "Dağlıq Qarabağ xalqı"na yetərincə hörmət olunmalıdır və onun "öz müqəddəratını təyin etmək hüququ" nəzərə alınmalıdır: "Bunsuz heç bir nəticə əldə etmək mümkün deyil".
Ermənistan prezidenti İsveçrə dövlətinə "erməni soyqırımı"nı tanıdığı üçün təşəkkür edib.
Təəccüb doğuran məqamlardan biri də odur ki, Ermənistana səfər edən ATƏT sədri İrəvanda Dağlıq Qarabağdakı işğalçı rejimin rəhbəri Bako Saakyanla da görüşüb. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin, digər məsul şəxslərin iştirak etdiyi görüşdə Qarabağ münaqişəsindən söhbət gedib.
Separatçıların lideri ATƏT sədrinə rəsmi Bakıdan gileylənib, Azərbaycanı barışmaz siyasət aparmaqda günahlandırıb və deyib ki, bu, münaqişənin nizamlanmasına ən böyük maneədir.
Qanunsuz rejimin başçısı Saakyan beynəlxalq ictimaiyyətin Azərbaycanın hərəkətlərini pisləməli olduğunu vurğulayıb və qeyd edib ki, ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqlarda bütöv format bərpa olunmalı, Dağlıq Qarabağ da prosesdə təmsil olunmalıdır.
Xatırladaq ki, Bakıda Azərbaycan prezidenti ilə görüşdən sonra mətbuat üçün bəyanatında deyib ki, Dağlıq Qarabağ münaqişənin həlli vaxt tələb edir.
"Mən, həmçinin müxtəlif fikirləri dinləmək, anlamaq və ola bilsin ki, danışıqlar prosesində irəliləyişə nail olmaq məqsədilə yol tapmaq üçün buraya gəlmişəm. Mənim ATƏT-in fəaliyyətdə olan sədri kimi yanaşmam çox aydındır. Biz əminik ki, sülhə doğru addım-addım irəliləməliyik. Bu isə o deməkdir ki, biz iki əsas məsələni təbliğ edirik.
Birincisi, biz dialoqun intensivləşdirilməsini təbliğ edirik, dialoq artıq olub. Lakin Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün keçirilməsinə zərurət yaranıb. Bu görüşün Parisdə keçirilməsi təklif olunub və biz də bu fikri dəstəkləyirik. Yaxın gələcəkdə bu görüşün keçirilməsini təbliğ edirik. Bu görüş danışıqların yeni fazasının başlanğıc nöqtəsi olmalıdır. Digər tərəfdən, bu, sülh sazişinə aparacaq strukturlaşdırılmış danışıqlar prosesi ola bilər. Bu danışıqlar prosesi isə Madrid prinsipləri əsasında aparılmalıdır". Bu fikirləri ATƏT sədri Bakıda olanda bəyan etmişdi.
Yerli ekspertlər isə ATƏT sədrinin bölgəyə səfərinin bu dəfə də əhəmiyyətsiz hesab ediblər.
Ekspert Hail Cəlilin sözlərinə görə, ATƏT sədrinin bölgəyə səfəri Minsk qrupu həmsədrlərinin səfərlərinin davamıdır və heç bir fərqlilik yoxdur: "Ümumiyyətlə, bu vaxtadək ATƏT-ə sədrlik edən istənilən dövlətin rəsmisi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin olacağını vəd edir. Amma onların sədrlik dövrünə nəzər yetirdikdə heç bir irəliləyişin olmalığını görürsən. Sadəcə danışıqlar aparılır, tərəflər arasında görüşə təşəbbüslərdə olunur və s. Bu dəfə də belə oldu. ATƏT sədri Bakıda və İrəvanda görüşlər keçirdi. Ənənəvi çıxışlar, ənənəvi çağırışlar. Bakıda olarkən dedi ki, atəşkəsin elan edilməsindən 20 il keçməsinə baxmayaraq Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində, eləcə də sərhəd zolağında silahlı insidentlərin tez-tez yaşanmasına görə təəssüflənir. Burkhalter tərəfləri atəşkəs razılaşmasına ciddi riayət etməyə, "xalq-xalqa" əlaqələrinin təşviq edilməsi və əlavə inam yaratma ölçülərinin götürülməsinə çağırıb. Bununla da missiyasını yerinə yetirmiş hesab etdi. İrəvanı demirəm, heç Bakıda olarkən Ermənistanın işğalçılıq siyasətinə toxunmadı. Ermənilər tərəfindən hər gün intensiv atəşkəsin pozulduğunu dilinə gətirmədi. Yəni, işğalçını adı ilə çağırmadı, ümumi fikirlər söyləməklə səfərinə yekun vurdu. Şəxsən mən bu kimi səfərlərin əleyhinəyəm".
Ekspert Tərlan Həsənov isə bildirib ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz imkanından geniş istifadə edə bilər, amma müəyyən səbəblər üzündən etmir: "Baxın, Didye Burkhalter ATƏT-in fəaliyyətdə olan sədri qismində aprelin 8-də Rusiya prezidenti Vladimir Putinlə görüşməyə nail olur. Maraqlıdır ki, Burkhalter Putini mövqeyində geri çəkilməyə vadar edə bilir. Bu görüşdən sonra Putin Ukraynada keçiriləcək prezident seçkilərini dəstəkləyəcəyini, Ukrayna sərhədlərinə cəmləşən rus qoşunlarını geri çəkəcəyini bəyan etdi, eyni zamanda Donetsk və Luqansk əyalətlərindəki separatçılara refererendumu təxirə salmalarını məsləhət gördü. Yəni demək istəyirəm ki, əgər ATƏT sədrinin Qarabağı münaqişəsinin həllinə dəstəl istəyi olsaydı tərəflərə, xüsusən də rəsmi Moskvaya təzyiq göstərə bilərdi. ATƏT sədri niyə Ukrayna məsələsində Putinə tsir göstərdi? Ona görə ki, Ukrayna Qərbin maraqlarına cavab verir, başlıcası isə burada bir xristian təəssübkeşili var. Ona görə də ATƏT sədri bu məsələdə az da olsa qətiyyət nümayiş etdirdi. Bilirsiniz, beynəlxalq səviyyədə neytrallığı tanınan, Avropanın mərkəzində yerləşən, lakin Avropa Birliyinə üzv olmayan İsveçrə dünyada ən etibarlı bank sisteminə malik dövlətdir. Amerika dəfələrlə öz vətəndaşlarının vergidən yayınmasının qarşısını almaq məqsədilə İsveçrə banklarından həmin vətəndaşların bank hesabları barədə məlumat əldə etmək istəsə də, buna nail ola bilməyib. AB ilə İsveçrə arasında hüquqi islahatlarla bağlı hələ də fikir ayrılığı mövcuddur. AB İsveçrədən məhkəmə sistemini özünə uyğun qurulmasını təmin etmək üçün islahatların keçirilməsini tələb edir. Belə olan halda avropalılar məhkəmə qaydasında hansısa şəxsin bank hesabları barədə məlumat əldə edə, yaxud sanksiya tətbiq etməyə ümid edirlər. Bütün bunlara baxmayaraq İsveçrənin bank sistemi konfedensiallığı qorumağı özünün əsas üstünlüyü hesab edir. Putinin, yaxud onun yaxın ətrafının İsveçrə banklarında hesabının olub olmaması barədə hansısa məlumat yayılmasa da, Rusiya rəsmilərinin İsveçrə dövlətinin bank xidmətlərindən yararlanmadığını iddia etmək sadəlövhlük olar. İsveçrədə rusların bank hesablarının dondurulması bir yana, hesablar barədə məlumat sızdırsa belə bunun Rusiya rəhbərliyinə neçə böyük zərbə olacağını proqnozlaşdırmaq o qədər də çətin deyil. Ona görə də ATƏT sədri olan İsveçrə dövləti bu kimi məsələlərdə öz nüfuzundan istifadə etməlidir. Xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həllində. Amma etmir, nə Ermənistana, nə də Rusiyaya təsir mexanizmlərini işə salmır. Ona görə də burada və yaxud da Ermənistanda hansısa açıqlama ilə çıxış etməsinin o qədər də əhəmiyyəti yoxdur. Çünki Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət çox ağırlaşıb. ATƏT bu məsələdə rəsmi Moskvanı yola gətirə bilməyəcək".
Onu da qeyd edək ki, ATƏT sədri bildirib ki, Dağlıq Qarabağ probleminin "Madrid prinsipləri"nə uyğun həllinə tərəfdardır. Bu, Minsk qrupunun amerikalı həmsədri Uorlikin açıqladığı prinsiplərdir ki, Azərbaycanın işğal olunmuş yeddi rayonunun ilkin mərhələdə boşaldılmasını nəzərdə tutur: "Amma bu prinsipi didə gətirməklə iş bitmir. Əsas odur ki, bu prisnipin yerinə yetirilməsi üçün tərəflərə, xüsusən də Rusiyaya təsir edilsin. ATƏT bunu edə biləcəkmi?".