Yaxın Şərqin İsrail problemi Dünya

Yaxın Şərqin İsrail problemi

Təl-Əviv hərbi əməliyyatlarını genişləndirir

Cavid

"Sarsılmaz qaya" əməliyyatının qızğın gedişatı fonunuda rəsmilər atəşkəsdən danışarkən Fələstində 1 385 nəfər yaralanıb, 184 mülki şəxs həlak olub.
Bu barədə Həmas hərəkatının nümayəndəsi Fəvzi Barhum bildirib. O deyib ki, "Razılaşma əldə olunanadək atəşkəs olmayacaq. Müharibə vaxtı danışıqlara kimi atəş dayandırılmaz".
Eləcə də İsrail Müdafiə Ordusunun baş qərərgah rəisi Beni Hansın dediyinə görə "Sarsılmaz Qaya" əməliyyatı nəinki dayandırılır, hətta yaxın günlərdə genişlənəcək.
ABŞ prezidenti Barak Obama isə Benyamin Netenyahu ilə görüşündə danışıqların baş tutması üçün ABŞ-ın köməyini təklif edib. "The Wall Street Journal" bildirir ki, rəsmilər danışıqlarda Türkiyə, Qatar və Misirin də vasitəçi kimi iştrakına üçüd bəsləyirlər.
"Biz münaqişənin gərginləşməməsi naminə ciddi səylərimizi əsirgəməyəcəyik. Sözsüz ki, biz İsrailin özünümüdafiə hüquqlarını tanıyırıq. Biz həm də Həmasın raket hücumlarının dayandırılması istiqamətində təminat istəyirik" - deyə ABŞ-ın milli təhlükəsizlik sözçüsünün müavini Ben Rods bildirib.
BMT baş katibi Pan Gi Mun isə baş verənləri şərh edərkən bilidirib ki, fələstinlilər Həmasın məsuliyyətsizliyi, İsrailin isə sərt cavabının girovuna çevriliblər.
Bu arada "Sarsılmaz qaya" əməliyyatının qızğın gedişatı fonunuda KİV İsrail və Fələstin İslam Hərəkatı olan Həmas arasında atəşkəs barəsində danışıqların getdiyini bildirir. İsrail ordusunda isə əməliyyatın genişlənəcəyi xəbərlər gəzir.
"Walla News" agentliyinin verdiyi məlumatda bildirilir ki, hər iki tərəf atəşkəsin bərqərar olması üçün öz şərtlərini irəli sürür. İsrail Həmasdan 2012-ci ilin noyabrında "Buludun sütunu" əməliyyatından sonra əldə olunan atəşkəs danışıqlarına qayıtmağı tələb edir. İsrail qruplaşmanın tam şəkildə tərkisilah olmasını və raket atışları üçün nəzərdə tutulan tunel və şaxtaların yıxılmasında israr edir.
Öz növbəsində Həmas 2011-ci ilin oktyabrında "Şalat müqaviləsi"nə görə azad edilən lakin daha sonra keçən ilin yayında "Qardaşları qaytarmaq" əməliyyatı zamanı yenidən həbs edilən 55 fəalın azad olunmasını tələb edir. Bundan əlavə Həmas Misir və Fələstin milli administrasiyasından Misir sərhədində Rifah keçidinin açılması və keçmiş Həmas hökumətinin 40 min işçisinin maaşlarının verilməsi tələbini irəli sürüb.
Qeyd edək ki, Qəzzaya istiqamətli hücumlarda 184 nəfərin ölməsi, 1385 nəfərin isə yaralanması barədə xəbər yayılıb.
Digər tərəfdən İsrail polisi və səhiyyə mənbələrinə görə, Qəzzadan İsrailə atılan raketlər səbəbiylə 3 israilli yaralanıb.
"Yəhudi səsi" adlı internet saytının məlumatına görə, "Mərmi düşməsi nəticəsində 11, sığınacaqlara qaçarkən 36, həyəcan səsindən qaynaqlanan yol qəzaları səbəbindən 6 və baş verən çaxnaşma nəticəsində 151 olmaqla cəmi 208 israilli yaralanıb".
İordan çayının Qərb sahilində iyunun 12-də itən 3 yəhudinin 18 gün sonra ölü tapılmasının ardından fələstinli gənc Məhəmməd Əbu Hudayr 2 iyulda məskunlaşdırılan yəhudilər tərəfindən qaçırılmış və yandırılaraq öldürülüb. Keçən bazar ertəsindən artan gərginlik və İsrailin hücum əməliyyatı bu günə kimi davam edir.
Onu da bildirək ki, İsrail hökuməti Misirin atəşkəs təklifini qəbul edib. Atəşkəsi qəbul etməyəcəyini açıqlayan Həmas isə hərtərəfli bir müqavilə istəyir.
Misir Qəzza zolağındakı toqquşmalar davam etdiyi üçün bir təklif irəli sürüb. Təklifdə qeyd olunur ki, İsrail və Həmas yerli vaxtla saat 09:00-dan etibarən atəşkəs elan etməlidir.
İsrail hökuməti Misirin atəşkəs təklifini qəbul etdiyini açıqlayıb. Rəsmi Qahirə bu atəşkəslə havadan, dənizdən və qurudan həyata keçirilən bombardmanın qarşısını almağı hədəfləyir. Atəşkəs həmçinin sərhəd məntəqələrini açıb mülki şəxslərin təhlükəsiz giriş-çıxışını təmin edəcək.
Məsələ ilə əlaqədar Həmasın silahlı qolu olan Kassam Tuqayları açıqlamalarında "Mətbuatda gördüyümüz atəşkəs xəbərləri məsələsində heç kim bizə rəsmi və ya qeyri-rəsmi bir təklif irəli sürməyib. Amma təklif doğrudursa, bu, diz çökmək və təslim olmaq mənası verir ki, biz bunu qətiyyən qəbul etmirik", - deyib.
Həmas sözçüsü Fevzi Barhum bəyan edib ki, "Hərtərəfli razılıq əldə edilməsə, atəşkəsi rədd edirik. Müharibəni vaxtından əvvəl bitirib sonra da müzakirə etməzlər".
Həmas olaraq atəşkəs mövzusunda heç bir rəsmi təklif almadıqlarını deyən Barxum qeyd edib: "Dirəniş silahları qırmızı xəttimizdir".
İslami Cihad Hərəkatının lideri Ramazan Abdullah Şallah "Əl-Cəzirə" kanalına müsahibə verib. O, İsrailin son bir həftədir ki, Qəzzaya qarşı başladığı hücum barədə danışıb.
Döyüşün nə vaxt bitəcəyini onların müəyyənləşdirəcəyini deyən Ramazan Abdullah Şallah İsrailin 2012-ci ildəki atəşkəs şərtlərinin heç birini yerinə yetirmədiyini bildirib: "Bundan sonra biz 2012-ci ildə əldə olunan atəşkəs razılaşmasının şərtlərini qəbul etmirik. İsrial Qəzzaya qarşı tətbiq etdiyi embarqonu qaldıracaq və sərhədləri açacaq. İsrailin başqa yolu yoxdur".
O, İslami Cihad Hərəkatının ortaya qoyduğu mübarizə nəticəsində bölgədə möcüzəvi bir atmosferin yarandığını dilə gətirib: "Dastanlara yazılacaq bir müqavimət bu xalqın tarixində çox az baş vermişdir".
Hərəkat liderinin sözlərinə görə, İsrail məskunlaşma və digər bir çox problemi gizlətmək üçün Qəzzaya hücum edib: "İsrail bu hücumlarla keçmişdəki problemlərdən xilas ola biləcəyini zənn edir. Hərəkatın gücünü döyüşlə yox edə biləcəyini düşünür. Ancaq hər kəs bilməlidir ki, İsrail əsla bu hədəflərinə çata bilməyəcək. İsrail hazırda bu xaos mühitindən necə çıxacağını bilmir. İsrail hədəflərini həyata keçirmək istəyərkən böyük bir rüsvayçılıqla qarşılaşdı. İsrail ordusu Qəzzadakı hədəfləri təsadüfi vurur, İslami Cihad Hərəkatı ilə əlaqədar heç bir məlumata sahib deyil. Hərəkatın raket gücünü təxmin belə edə bilmirlər".
O qeyd edib ki, atəşkəs üçün vasitəçi axtarmayacaqlar: "Atəşkəs üçün vasitəçiyə ehtiyacı olan İsraildir. ABŞ bu döyüşün ortağıdır. ABŞ bu döyüşə yaşıl işıq yandırmasaydı, İsrail belə bir hücumu həyata keçirə bilməzdi".
Hərəkat liderinin sözlərinə görə, Misirdən başqa heç bir ölkə vasitəçilikdə müvəffəqiyyətli ola bilməz: "Döyüşdən əvvəl İsrail bəzi görüşlər keçirmişdi. Ancaq artıq bu görüşlərin heç bir dəyəri qalmayıb. Hazırda heç bir vasitəçini qəbul etmirik. Amma mən Misirin iştirakı olmadan bu döyüşün başa çatmayacağını söyləyirəm. Tarixi və coğrafi baxımdan Misirdən başqa heç bir ölkə vasitəçilikdə uğur əldə edə bilməz. Misir hərəkətə keçərsə, sionist rejimi dayandıra və atəşkəsə məcbur edə bilər".
Hərəkat liderinin sözlərinə görə, İsrial Fələstin xalqının ağ bayraq qaldırmasını gözləyir. O, Əbu Hudayrın yandırılması kimi iyrənc bir hərəkətin dünya tarixində görünmədiyini bildirib.
Ramazan Abdullah Şallah bildirib ki, Fələstin lideri Abbas israillilərə "mən sizinlə görüşməyəcəyəm" deməlidir: "Mahmud Abbasın hazırda heç bir təsiri yoxdur. Fələstin Azadlıq Təşkilatı görməlidir ki, İslami Cihad Hərəkatı nələr edə bilər. Qəzzadakı ortaq qərar müqavimətin davam etdirilməsi ilə bağlıdır. Bu döyüşün nə vaxt bitəcəyini biz müəyyən edəcəyik. Müqavimət hərəkatı hərbi və siyasi olaraq çox yaxşı bir koordinasiya olunmuş vəziyyətdədir. Allahın yardımı ilə İsrial böyük məğlubiyyətə uğradacayıq".
Onun sözlərinə görə, bu döyüş nəticəsində ən böyük itkiyə uğrayacaq şəxs Mahmud Abbasdır: "Çünki Fələstin xalqını müdafiə etməyən hər kəs itirər. İsrail Orta Şərqdəki daxili qarışıqlıqdan istifadə edərək Qəzzaya hücum edib. Dünya miqyasında görünməyəcək qədər kiçik olan Qəzzanın necə müqavimət göstərdiyini görməliyik. Abbas da bunu görməlidir. Amma Mahmud Abbas İslami Cihad Hərəkatının ortaya qoyduğu mübarizəyə zərər verməməlidir".