Türkiyə Suriyada əməliyyata başlayır, NATO-dan çıxır… – Ərdoğandan kritik açıqlama Dünya

Türkiyə Suriyada əməliyyata başlayır, NATO-dan çıxır… – Ərdoğandan kritik açıqlama

“60 ildən çoxdur NATO üzvlüyünü təhlükəsizlik siyasətimizin əsas sütunu kimi qəbul edirik. NATO-dakı müttəfiqimiz və strateji tərəfdaşımız olan ABŞ-dan da bu çərçivədə müttəfiqliyə yaraşan addımlar gözləyirik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan ABŞ-la problemlərin müzakirə masasında həllinə tərəfdar olduğunu bildirib, eyni zamanda ölkəsinin NATO-dan çıxmaq ehtimalına da toxunub:
“Problemlərin dialoqla həllinə təkid edirik. Amma Türkiyə müttəfiqləri olmadan da milli maraqlarını təhdid edən bütün təhlükələri təkbaşına dəf etmək haqqına sahibdir”.
Türk lider Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemlərinin NATO və “F-35”lərə zərər verməyəcəyini deyib:
“Kimsə kimsəni aldatmasın. Biz də Amerikadan FETÖ liderinin Ankaraya təslim edilməsindən tutmuş PKK/YPG terror təşkilatlarının silahlandırılmasının dayandırılmasınadək bir sıra addımları gözləyirik. Avropa İttifaqı isə qlobal oyunçu olmaq istəyirsə, əvvəlcə Türkiyəni razı salmalıdır. Türkiyənin bu ittifaqa üzvlüyü bir neçə ölkənin tamahkarlığına qurban verilməməlidir”.
Rəcəb Tayyib Ərdoğan Suriyada hərbi əməliyyatın anonsunu da verib: “Cənub sərhədimizdə müttəfiqlərimizin silahları ilə böyüyən qruplar ortadan qalxmadıqca Türkiyə özünü əmin-amanlıqda hiss edə bilməz. Fərat qalxanı, Zeytun budağı əməliyyatları ilə start verdiyimiz prosesi çox yaxında fərqli bir mərhələyə gətirəcəyik”.