İran Ermənistana qucaq açdı Dünya

İran Ermənistana qucaq açdı

Ermənistanın baş naziri Nikol Paşinyan İrana Qarabağ məsələsindəki “ölçülü-biçili” mövqeyinə görə təşəkkür edib.
“Azadlıq” radiosunun erməni xidməti xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkədə keçirilən Avrasiya İqtisadi İttifaqının iclasında iştirak üçün gəlmiş İran prezidenti Həsən Ruhani ilə görüşüb.
Paşinyan İran prezidenti ilə söhbətində deyib ki, Tehran və Yerevan arasında münasibətlər yüksək səviyyədə qalmaqda davam edir.
Ermənistan baş naziri onu da deyib ki, Yerervan Tehranla münasibətlərinin imkan daxilində geosiyasi təsirlərdən kənarda qalmasını istəyir.
Bu, Həsən Ruhaninin Ermənistana ölkədə baş vermiş “məxməri inqilabdan” sonra ilk səfəridir.
İran prezidenti Nikol Pashinyanla görüşdə deyib:
“Biz dost və qonşu Ermənistanla bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi və genişləndirilməsinə tərəfdarıq. Biz sizin hökumətinizlə yeni proqramların işlənməsi və reallaşdırılması, qaz-elektrik enerjisi mübadiləsi proqramının genişləndirilməsinə tərəfdarıq”.
Ruhani əlavə edib ki, İran Ermənistana qaz enerjisinin elektrik enerjisinə çevrilməsində, külək və günəş enerjisindən istifadə proqramlarında dəstək verə bilər.
İran prezidenti bunu da qeyd edib ki, onun ölkəsi Ermənistanla nəqliyyat infrastrukturlarının yaradılması sahəsində əməkdaşlığa hazırdır.
Tərəflər habelə dəmir yolu, yüksək texnologiyalar, gömrük, elm və turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Həsən Ruhani deyib ki, baş nazir Paşinyanın İrana səfərindən sonra iki ölkə arasında ticarət dövriyyəsi xeyli artıb.
Ruhani bildirib ki, Tehran Yerevana Meqri su elektrik stansiyasının inşasında kömək edə bilər.
Tərəflər habelə Fars körfəzindən Qara dənizə tranzit yolları layihələrini müzakirə ediblər.
Məlumatlara görə, Ruhani və Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə də toxunublar.
Paşinyan İran prezidentinə Qarabağ məsələsində “ölçülü-biçili” mövqeyinə görə təşəkkür edib.
Öz növbəsində Ruhani bu münaqişənin dinc vasitələrlə və bütün tərəflərin maraqlarının nəzərə alınması ilə həllinin vacibliyini vurğulayıb.
Qafqaz Strateji Araşdırmalar və Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Araz Aslanlı qəzetimizə verdiyi açıqlamasında bildirib ki, İran-Ermənistan münasibətləri hər iki ölkə üçün daim xüsusi xarakter daşıyıb. Hər ikisi ortaq xarici siyasət problemləri yaşayır: “İranın dünyanın əksər ölkələri ilə münasibətləri pisdir, region ölkələrlə də münasibətləri İran üçün arzuladığı səviyyədə deyil. İranın xarici siyasətində əməkdaşlıqdan çox problemlər diqqəti çəkir. İran bu problemlərdən yaxa qurtarmağa çalışır, amma buna da nail ola bilmir. Bunun da müxtəlif səbəbləri var. Ermənistan üçün da ağrılı formada xarici siyasət problemləri mövcuddur. Torpaqlarını işğal edən Azərbaycanla, Türkiyə ilə münasibətlər gərgindir. Digər qonşularla –Gürcüstanla da ürəkaçan münasibətdə deyil, dünyanın digər dövlətlərlə müqayisədə İranla münasibətləri normal olsa da, ideal vəziyyətdə deyil. Amma regional iqtisadi layihələrdən kənarda qalır, xarici iqtisadi və siyasi münasibətlərdə problemlər yaşayır. Bu mənada xüsusən Azərbaycan və Türkiyə ilə yaşanan problemlər, həm də ümumən xarici iqtisadi fəaliyyətdə təcrid olunmuş durumda yaşadıqları onların maraqlarının üst üstə düşməsinə gətirib çıxarıb”.
Politoloq qeyd edib ki, Ermənistanla İran ikitərəfli münasibətlərə xüsusi önəm verirlər. Baxmayaraq ki, Ermənistan Qərblə münasibətlərdə İrandan fərqli düşünür. Amma Qərblə əməkdaşlığa görə zaman-zaman İran tərəfindən tənqid edilsə də hər iki ölkə çalışır ki, bu problemlərdən yaxa qurtarmaq üçün birgə əməkdaşlıq etsinlər: “İran Avrasiya İqtisadi İttifaqına maraq göstərir, bu təşkilata üzv olmağa önəm verir. İranın qlobal iqtisadi əməkdaşlıqdan bir qədər kənarda qalması yeni ittifaqlara, yeni əməkdaşlıq imkanlarına yönəlmə ehtiyacı yaradır. İran fikirləşir ki, qonşusu olan Ermnənistan vasitısilə həmin təşkilata üzv ola və ya əməkdaşlıq edə bilər. Bu çərçivədə Ruhaninin Ermənistanda keçirdiyi görüşlər, Paşinyanın Qarabağ münaqişəsində tutduğu mövqeyə görə, rəsmi Tehrana təşəkkür etməsi bizim üçün ilk deyil. Xarici siyasətində guya islam ölkələrinə yardımı əsas prinsip kimi elan etməsi, həm də on milyonlarla azərbaycanlıların ərazisində yaşaması əslində İranın Qarabağla bağlı fərqli siyasət aparmasını şərtləndiridi. Amma İran təəssüf ki, Ermənistanı qane edən bir siyasət aparır, bu mövqe ilə əvvəl də rastlaşmışıq. Bu mövqe nə beynəlxalq prinsiplərə, nə də İranın elan etdiyi siyasi xəttə uyğundur”.
Dünya Azərbaycanlıları Milli Birliyinin (DAMB) sədri Cavad Derəxti isə qəzetimizə bildirib ki, İran demokratik bir ölkə deyil: "Bu gün şiə adlanan İran rəhbəri Ermənistanda səfərdədir. İran bilə-bilə işğalçı ermənilərlə sıx əməkdaşlıq edir. Sizcə, belə bir rejimin əlində nüvə silahı olarsa, kimə tuşlayar bunu? Ələttə ki, birinci qonşularına, başqa Azərbaycan olmaqla. Onun üçün də faşist rejimi olan İrana belə bir fürsət verilməməlidir".
Cavad Derəxti onu da qeyd edib ki, İran əsas məqsədi Güneydəki Azərbaycan türklərinə ediləcək yardımın qarşısını almaqdır: "Bunu bu yaxınlarda
İran Milli Məclisinin Tehrandan seçilmiş millət vəkili Əli Mütəhhəri açıq etiraf etdi ki, ölkəsi Qarabağ müharibəsi zamanı Ermənistanın tərəfini tutub".
Xatırladaq ki, adıçəkilən millət vəkili bu günlərdə deyib ki, keçmişdə də Azərbaycanla Ermənistan arasında Qarabağ uğrunda baş verən münaqişədə Azərbaycanın haqlı olmasına baxmayaraq, biz (İran-red.) milli məsələlərə görə ümumilikdə Ermənistanın tərəfini tutduq.
Onu da vurğulayaq ki, Qarabağ müharibəsi zamanı İran Ermənistana kömək edən başlıca ölkələrdən olub. Hazırda da Ermənistanın ən böyük iqtisadi tərəfdaşlarından biri İrandır. Rəsmi Tehran İrəvan üçün nicat qapısı hesab edilir.
Cavad Derəxti də İranın dağlıq qarabağ münaqişəsinin həllində Azərbaycana qarşı səmimi mövqedə dayanmadığını bildirib.