Putin Qərbi hədələdi Dünya

Putin Qərbi hədələdi

Rəsmi Moskva atəşkəsin hər an pozula biləcəyini deyib

Cavid

Rusiya prezidenti Vladimir Putin Rusiya təhlükəsizliyinə qarşı çıxan istənilən gücə cavab verəcəklərini bildirib.
İTAR-TASS-ın verdiyi məlumata görə, hərbi sənayə komissiyasının rəhbəri seçilən Putin Avropada NATO-nun genişlənməsi məsələsinə də toxunub. Vladimir Putin buna cavab veriləcəyini bildirib.
"Biz Rusiya üçün potensial təhlükəni dəqiq müəyyənləşdirərək adekvat addımlar atmalıyıq", - deyə Vladimir Putin 2016-25-ci illərdə silahlanmaya aid dövlət proqramının müzakirəsi zamanı bildirib.
Bununla yanaşı Rusiya prezidenti Rusiyanın "silahlanma yarışı"nda iştirak etməyəcəyini də diqqətə çatdırıb.
Ukrayna böhranı səbəbindən ABŞ başda olmaqla Qərb ölkələrin təzyiqləri ilə üz-üzə qalan Rusiya hərbi potensialını nümayiş etdirməyə başlayıb.
"Bulava" adlı raketin sınağı Rusiyanın şimal-qərbində yerləşən Ağ dənizdə keçirilib. Rusiya Müdafiə Nazirliyi daha 2 sınağın keçiriləcəyini açıqlayıb. Nazirliyin sözçüsü İqor Konaşenkov çox sayda döyüş başlığı daşıma xüsusiyyətinə sahib "Bulava" raketinin Ağ dənizdə olan "Vladimir Manomah" adlı atom sualtı qayığından atıldığını bildirib.
Nüvə başlıqılı raketin sınağının sualtı döyüş sistemlərinin idarəsinin proqramı çərçivəsində həyata keçirildiyini deyən Konaşenkov raketin uğurla ölkənin şərqində yerləşən Kamçatkadakı Kura poliqonuna çatdığını söyləyib.
Qeyd edək ki, "Bulava" adlı raket 12 metr uzunluğundadır və ABŞ-ın II Dünya Savaşında Yaponiyanın Xirosima şəhərinə atdığı atom bombasından 100 dəfə güclüdür.
Xatırladaq ki, Rusiyanın 2013-cü ilin sentyarın 6-da "Aleksandr Nevskiy" sualtı qayığından atdığı raketin sınağı uğursuz olmuşdu.
Avropa Birliyi (AB) ilə imzalanan assosiasiya haqqında razılaşma Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən 16 sentyabrda Ali Radaya daxil edilə bilər.
Bu barədə Ali Radanın rəsmi saytında bildirilir.
"Bildiyim qədər prezident Pyotr Poroşenko Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanı 16 sentyabrda Ali Radaya təsdiq edilməsi üçün təqdim etməlidir. Parlament bu razılaşmanı dərhal səsverməyə çıxaracaq", - xəbərdə Ali Rada sədri Aleksandr Turçinovdan sitat gətirilir.
Dünən isə Rusiya prezidenti Vladimir Putin Kiyevə hədə sayıla biləcək bir bəyanat verib. "Bizim keçə bilməyəcəyimiz sərhədlərimiz var" deyən Kreml rəhbəri nazirlər səviyyəsində prosesin bütün iştirakçıları üçün münasib olacaq hansısa güzəştlərə nail ola biləcəyinə ümid etdiyini bildirib.
Brüsseldə keçiriləcək Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli konsultasiyaları şərh edən Putin konsultasiyaların gedişatında Rusiya Nazirlər Kabinetinin güzəştləri axtarmalı və elastiklik göstərməli olduğunu vurğulayıb. Amma Putin bunun müəyyən hüdudlara qədər olacağını deyib.
Xatırladaq ki, Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli konsultasiyalar sentyabrın 12-də keçiriləcək.
"Ümid edirik ki, nazirlər səviyyəsində hansısa güzəştlərə nail olacağıq və bu, prosesin bütün iştirakçıları üçün münasib olacaq, həm Avropa Birliyi, həm Ukrayna, həm də Rusiya üçün. Hər halda, mən sizdən güzəştləri axtarmağı və müəyyən elastiklik göstərməyi xahiş edəcəyəm. Amma əlbəttə ki, müəyyən hüdudlara, müəyyən sərhədlərə qədər. Həmin sərhədlər ki, istehsalçılarımız və iqtisadiyyatımızın maraqları üçün keçə bilmirik", - Putin söyləyib.
Qeyd edək ki, Rusiya Ukraynanın Avropa Birliyi ilə imzaladığı assosiasiya haqqında razılaşmanın dəyişdirilməsi üçün tələblərini irəli sürüb. Bu danışıqların isə minimum iki il davam edəcəyi bildirilir. Rusiyanın irəli sürdüyü tələblərin analizi göstərir ki, Rusiya Avropa Birliyi ilə Ukrayna arasındakı ticarətin qarşılıqlı şəkildə liberallaşdırılmasına qarşıdır. Yəni, söhbət idxal rüsumlarının ləğvi və yaxud azaldılması siyasətindən imtina etməkdən gedir. Moskva Kiyev və Brüsselə məhsulların 20 faizdən çoxunun azad ticarətdən çıxarılmasını təklif edir.
Ekspertlərin qiymətləndirmələrinə görə, Moskvanın əsas məqsədi razılaşmanın Ukrayna Ali Radasında təsdiqinə imkan verməmək, Avropa Birliyini isə yeni və uzunmüddətli danışıqlara başlamağa inandırmaqdır.
Bir müddət əvvəl isə Ukrayna baş naziri Arseniy Yasenyuk bildirmişdi ki, nəyin bahasına olursa-olsun, assosiasiya haqqında razılaşma sentyabr ayında ratifikasiya olunacaq. O, Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli konsultasiyaların nəticəsinin də Kiyevin qərarına təsir etməyəcəyini dilə gətirib.
Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişin siyasi hissəsini 21 mart, iqtisadi hissəsini isə 27 iyunda imzalayıb.
Prezident Petro Poroşenko isə bəyan edib ki, Ukrayna parlamenti gələn həftə Donetsk və Luqansk ərazilərinin bir hissəsinin xüsusi statusu haqda qanun layihəsinə baxacaq.
"Mən xahiş edərdim ki, bu qanun layihəsi dəstəklənsin. Və xahiş edərdim ki, biz heç bir halda Minsk prosesini pozmayaq. Ukraynanın qanun layihəsi Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında müvəqqəti özünü idarə haqqındadır və bu regionların Ukraynanın tərkibində dəqiq statusunu nəzərdə tutur. Minsk protokolunda heç bir "DXR" və "LXR" xatırladılmır", - deyə prezident sənədə aydınlıq gətirərkən bildirib.
"Protokol Donbasın bütün ərazisində, o cümlədən hazırda yaraqlıların nəzarətində olan ərazilərdə Ukraynanın suverenliyinin bərpası və qorunmasını nəzərdə tutur. Bu ərazi də Ukraynanın hüquqi müstəvisinə qayıdacaq? - əlavə edib prezident.
Onu da bildirək ki, Ukrayna prezidenti Petro Poroşenko və Almaniya kansleri Angela Merkel telefon danışıqları zamanı Ukraynanın Avropa inteqrasiyası zamanı növbəti addımlarını müzakirə ediblər.
Bu barədə Ukrayna dövlət başçısının saytında qeyd edilir.
"Petro Poroşenko və Angela Merkel danışıqlarını Ukraynanın avropa inteqrasiyası yönündə növbəti addımları, xüsusən Ukrayna və Aİ arasında assosiasiya haqqında sazişin həyata keçirilməsi yönündə aparıblar" - deyə məlumatda bildirilir.
Poroşenko və Merkel eləcə də 5 sentyabrdan tətbiq olunan atəşkəs rejimi fonunda Donbasdakı vəziyyət barədə də müzakirə aparıblar. Ukrayna prezidenti müvafiq monitorinqin və ATƏT tərəfindən atəşkəsin yoxlanılmasının, əsirlərin qaytarılmasının vacibliyini qeyd etdi.
Xatırladaq ki, bəyan olunmuşdu ki, Ukraynanın şərqində separatçılar barışığın şərtlərinə uyğun olaraq 648 əsir götürülmüş ukraynalı əsgəri azad edib və daha 500 hərbi qulluqçunun azad olunması üzrə iş gedir.
Bazar ertəsi isə Ukrayna prezidenti 1200 əsgərin azad olunduğunu bəyan edib.
Separatçılar isə Ukrayna hərbçilərinin girovluğunda 311 döyüşçünün olduğunu bəyan edirlər.
Atəşkəsin şərtlərinə əsasən, bütün girovlar qeyd-şərtsiz azad olunmalıdırlar.
Rəsmi şəxslər iddia edirlər ki, tərəflər barışığa yerli toqquşmalar və atışmalar haqda ortaya çıxan məlumatlara baxmayaraq bütövlüklə riayət edirlər.
Bu arada Ukrayna müdafiə nazirliyinin təmsilçisi Andrey Lısenko Donetsk və Luqansk regionunda vəziyyətin gərginləşdiyini bəyan edib və separatçıları razılaşmaları pozmaqda ittiham edib.
Qeyd edək ki, barışıq elan olunduğu cümə günündən beş ukraynalı hərbçi həyatını itirib.
Ukrayna hadisələrinə görə Avropanın sərt sanksiyaları ilə üzləşmiş Rusiya ilk günlərdə ehtiyatlı davransa da, hazırda bu istiqamətdə Qərbə meydan oxuyur.
Argumentua.com saytının verdiyi xəbərə görə, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bildirib ki, Rusiya Avropa Birliyinin istənilən sanksiyasına eyni qaydada cavab verəcək. Spiker əlavə edib ki, Moskva hazırda atəşkəs rejiminin pozulmasına fürsət axtarır.
Onun sözlərinə görə, əgər Avropa Birliyinin sentyabrın 8-də təsdiqlədiyi yeni və yersiz sanksiyalar paketi qüvvəyə minərsə, cavab kimi Kreml Ukraynada hərbi əməliyyata başlayacaq.
O da bildirilib ki, Ukraynanın Donetsk ərazisində anti teror əməliyatlarının keçirildiyi zamanı Dövlət Sərhəd Xidmətinin 58 əməkdaşı həlak olub.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti açıqlama yayıb.
Qurumun rəsmi saytında yer alan məlumata görə, bu rəqəmlər 2014-cü il sentyabrın 10-a dək olan statistikaya aiddir.
Ümumilikdə, sentyabrın 7-nə olan məlumata görə, Donetsk və Luqansk ərazisində anti teror əməliyatlarının keçirildiyi dövrdə 864 Ukrayna hərbi qulluqçusu həlak olub.