Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmaması Aİ-ni narahat edir... Dünya

Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmaması Aİ-ni narahat edir...

Rik Stagenborq: "Rusiya-Türkiyə təbii qaz razılaşması Avropadakı İngiltərə-Amerika hegemonluğunu yıxacaq"

Hikmət Hacızadə: "Ankaranın Kremllə yaxınlaşması Türkiyənin Qərbdən incikliyindən qaynaqlanır"

Qərbin təkidlərinə baxmayaraq, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Ankaranın "sözə baxmamasından" ciddi narahat olan Aİ rəsmiləri Türkiyə rəhbərliyini sanksiyalara qoşulmağa və ya mövcud şəraitdən "öz xeyri üçün sui-istifadə etməməyə" inandırmaq istəyir. Aİ-nın xarici əlaqələr departamentinin rəhbəri Frederik Moqerinin rəhbərlik etdiyi heyət də bu məqsədlə Türkiyəyə rəsmi səfərə gedəcək.
Xatırladaq ki, Türkiyə 2005-ci ildən Aİ-na daxil olmaq barədə rəsmi danışıqlara başlayıb. Ancaq başda Kipr məsələsi olmaqla bir çox problemlərin həll olunmaması və bəzi ölkələrin Ankara ilə danışıqlara etirazı Türkiyənin quruma daxil olmasını hələ də mümkünsüz edir. Aİ-nın rəsmiləri ümid edirlər ki, Türkiyənin yeni baş naziri və Aİ-nın Brüsseldəki komissiyası yeni danışıqlara start verəcək.
Aİ-nın xarici əlaqələr departamentinin rəhbəri Frederik Moqerinin rəhbərlik etdiyi heyətin səfərinin Putinin Ankaraya səfərindən sonraya təsadüf etməsi onu deməyə əsas verir ki, müzakirə ediləcək əsas məsələ Türkiyə - Rusiya münasibətləri olacaq. Aİ rəsmilərinin müzakirə edəcəyi digər məsələlər isə islamçı qruplaşmalara qarşı mübarizə, suriyalı və iraqlı qaçqınların vəziyyəti olacaq.
"Amerikanın səsi" radiosu yazıb ki, Avropa Birliyi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Türkiyənin qoşulmamasından narahatdır. Radionun məlumatına görə, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Frederik Moqerinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Türkiyəyə səfər edəcək. "Amerikanın səsi" qeyd edir ki, avropalı diplomatlar Ankaranı sanksiyalara qoşulmağa, yaxud da ən azından məhsullarını Rusiyaya ixrac etməklə vəziyyətdən sui-istifadə etməməyə inandırmağa çalışacaqlar. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin də ötən həftə Türkiyəyə səfəri öncəsi "Anadolu" xəbər agentliyinə müsahibəsində sanksiyalara qoşulmayan Ankaraya təşəkkürünü bildirib. V.Putin Türkiyənin addımını uzaqgörən adlandırıb.
"Türk partnyorlarımız kənar siyasi ambisiyalara görə öz maraqlarından imtina etmədilər. Hesab edirəm ki, bu həqiqətən də düşünülmüş və uzaqgörən hesablamadır", - Rusiya lideri qeyd edib.
Qərbin çağırışlarına baxmayaraq, Ankara anti-Rusiya sanksiyalarına qoşulmaq niyyətində deyil. Əksinə, Türkiyə Rusiya ilə hazırda 35 milyard dollar olan ticarət dövriyyəsini yaxın illərdə 100 milyard dollara qədər artırmağı planlaşdırır. Təbii ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu planın həyata keçirilməsi üçün real şans yaradır. V.Putin də bildirib ki, Rusiyaya ət, süd və balıq məhsulları, tərəvəz və meyvələrin ixracını artırmaq barədə Türkiyənin niyyətini alqışlayır.
"Biz artıq Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanla ticarət dövriyyəsinin 100 milyard dollara qaldırılması haqqında razılaşmışıq", - Putin "Anadolu" agentliyinə müsahibəsində deyib.
Ankaranın Moskva ilə yaxınlaşmağa vadar edən əsas amillərdən biri Avropanın davranışlarıdır. Rəsmi Ankara 2005-ci ildən Avropa Birliyinə giriş haqqında danışıqlar aparır. Ancaq Kipr problemi, həmçinin Türkiyənin üzvlüyünə qarşı bəzi Avropa Birliyi ölkələrinin, o cümlədən Fransa və Almaniya kimi güclərin etirazı prosesin dalana dirənməsinə səbəb olub.
Avropa Birliyinin nümayəndələrinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşəcək. Ancaq avropalı diplomatların Ankaranı Moskvaya qarşı sanksiyalara qoşulmağa inandıracağına ümid çox azdır.
Politoloq Hikmət Hacızadə Türkiyə-Rusiya yaxınlaşmalarına münasibət bildirərkən deyib ki, "bu "istiləşmə" böyük yaxınlaşma demək deyil". Hikmət Hacızadənin sözlərinə görə, iki yeni müttəfiq arasında "istiləşmə" Dağlıq Qarabağ münaqişəsinin həllində də birmənalı mövqe ortaya qoyub: "Mənə elə gəlir ki, Çankaya Kreml yaxınlaşmalarının Dağlıq Qarabağ məsələsinə elə bir təsiri olmayacaq. Bu "mülayimləşmə" balaca bir şeydir. Dağlıq Qarabağ Rusiyanın strateji problemidir. Ona görə də Rusiya Dağlıq Qarabağ məsələsində Türkiyənin maraqlarına güzəştə getməyəcək". Politoloq Türkiyə-Rusiya yaxınlaşmasının pərdəarxası məqamlarından da danışıb: "Ankaranın Kremllə yaxınlaşması Türkiyənin Qərbdən incikliyindən qaynaqlanır. Avropa Birliyi (AB) bu Anadolu respublikasını öz daxilinə buraxmaq istəmir. Belə olan halda isə qardaş ölkə özünə yeni müttəfiqlər axtarmağa başlayıb. Ərəb ölkələri, Rusiya ilə əməkdaşlıqlar da bu qəbildəndir. AB əgər Türkiyəni qəbul etsə, o zaman Ankara da onların dediyini deyəcək və hər kəslə bir dildə danışacaq. Hələlik Türkiyə-Rusiya yaxınlaşması Avropanın acığınadır".
Amerikalı analitik Rik Stagenborq deyib ki, Rusiya-Türkiyə təbii qaz razılaşması Avropadakı İngiltərə-Amerika hegemonluğunu yıxacaq. O, Türkiyənin Rusiya ilə razılaşmaqla böyük riskə getdiyini bildirib: "Avropa Birliyi və ABŞ-ın alçaldıcı davranışlarından sonra "qürurlu" Türkiyə Rusiyanın "qucağına" atıldı. Türkiyə bu qərara görə Qərb müttəfiqləri arasındakı mövqeyini riskə atdı. Rusiya-Türkiyə təbii qaz razılaşması Avropadakı İngilis-Amerika hegemonluğunu yıxacaq. Ərdoğan niyyətlərini tam açıqlamadığı üçün Qərbin Yaxın Şərqdə idarəçiliyi ələ keçirmək üçün etdiyi "Don Kixotluq" tez bir zamanda sona çatacaq. ABŞ "imperialist fırıldaqçılığın"ın nəticələrini çox tez bir zamanda anlayacaq".
Xatırladaq ki, Türkiyə-Rusiya arasında diplomatik "istiləşmə" Kremlin rəhbəri Vladimir Putinin 1 dekabr Ankara səfərindən sonra daha da artıb.

Əli