Erməni mətbuatı ölkənin çıxılmaz vəziyyətindən yazıb
Cavid`
Ermənistanın "Joxovurd" qəzeti Avrasiya İqtisadi İttifaqına (AAİ) üzvlükdən sonra ölkənin çox çətin duruma düşdüyünü, son 6 ayda Ermənistan iqtisadiyyatının demək olar, tamamilə "sahibsiz vəziyyətdə" olduğunu yazıb.
"Avrasiya İttifaqına üzvlük Ermənistana ağır zərbə oldu" başlıqlı məqalədə deyilir ki, özünü hakimiyyət elan etmiş insanlar bu təşkilata ümidlə baxmağa çalışırlar, amma hər şey nəticəsizdir: "Serj Sarkisyanın Aİİ-yə daxil olmaq haqqında sənədi imzalamağa getdiyi gündən 6-7 ay keçir. Bu vaxt ərzində səslənmiş proqnozların əksəriyyəti onu göstərdi ki, Aİİ-də Ermənistanın üzvlüyü ölkə iqtisadiyyatına yaxşı heç nə vəd etmir. Ermənistan rəhbərliyi və onların istənilən addımını tərifləyən "xadimlər" az qala bu pessimistik proqnozların müəlliflərini satqın elan edirlər.
Əsas dəlil ondan ibarət idi ki, Ermənistan Aİİ üzv ölkələri bazarlarına, xüsusilə Rusiya bazarına çıxmaqla iqtisadi dirçəlişə nail olacaq. Ancaq hər şey əksinə oldu, Rusiya bazarı hamı üçün, o cümlədən Ermənistan üçün bağlandı. İndi bu ölkə ilə alver etmək mümkün deyil, milli valyutanın məzənnəsi tamamilə ölü vəziyyətindədir.
Nəticədə Ermənistandan bui ilin 2 ayı ərzində cəmi 533 min dollar mal ixrac edilib. Halbuki, Rusiyaya keçən ilin eyni dövründə 40 milyon 135 min mal ixrac olunub. Maraqlıdır ki, Aİİ-nin başqa üzv ölkələrinə – Belarusa və Qazaxıstana bu il, ümumiyyətlə, heç nə ixrac olunmayıb. Ermənistanın Rusiya ilə "Eşq oyunu" ona gətirib çıxardı ki, Ukraynaya ixrac 75% azaldı. Bu ölkəyə bu ilin iki ayı ərzində ötən ilin eyni dövründəki 10 milyon əvəzinə, 2,5 milyon dollar mal ixrac edilib.
Məqalədə bildirilir ki, hələ Ermənistanın iqtisadiyyatına qoyulan investisiya haqqında rəsmi statistik məlumatlar dərc olunmayıb, ancaq, ekspertlərin fikrincə, birinci rübdə sərmayə qoyuluşu olmayıb. Çünki iqtisadi mühit üçün şəraitin olmaması, ölkədə yaranmış vəziyyət, qorxunc proqnozlar investisiya üçün əlverişli deyil.
Bu ilin yanvarında keçən ilin eyni ayı ilə müqayisədə Ermənistan banklarındakı əmanətlər 28 milyard 716 milyon dram azalıb. İnsanlar öz ehtiyatlarını xərcləməyə başladı. Bu gün aydın görünür ki, Avrasiya İqtisadi İttifaqında Ermənistanın üzvlüyü bizim dövlətimizə ağır zərbə vurdu, həm də respublikanın iqtisadiyyatı üçün neqativ proseslərin davam etməsinə gətirib çıxardı.
İndi heç kim deyə bilmir ki, Ermənistan iqtisadiyyatında başlamış bu çöküş hara gedib çıxacaq. Hakimiyyətdəkilərin fikrincə, valyuta bazarında son 10 gündür gedən proseslər onu göstəririr ki, "erməni soyqırımı"nın 100 illiyi tədbirləri ölkə iqtisadiyyatında kəskinləşmiş "maliyyə aclığını" müəyyən dərəcədə yumşaldacaq. Ən yaxın 10 gündə minlərlə xarici nümayəndə Ermənistana gələcək, guya burada bir neçə milyon dollar xərcləyib ölkəni tərk edəcək. Bununla biz yay ayını bir təhər yola verəcəyik. Bu, gülünc doğuran düşüncə tərzi deyilmi?!
"Joxovurd" ironik şəkildə yazır: "Bir sözlə, "erməni soyqırımı"nın 100 illiyi sayəsində iqtisadiyyatımız payıza kimi yaşayacaq. Buna təşəkkürmü düşür?! Görünən odur ki, belə olan halda Ermənistana heç kim kömək göstərməyəcək. Beynəlxalq ictimaiyyət kredit ayırmaq istəmir, Rusiya bizim üçün əvvəlki kimi dəridən-qabıqdan çıxmır, Ermənistana kömək etmək gücündə deyil. Çıxış yolu isə yeni hakimiyyət tərəfindən indiki oyun qaydalarının dəyişməsi ola bilər."