“Ədəbi heykəl ömürlükdür” Hadisə

“Ədəbi heykəl ömürlükdür”

Mənasız mübahisələr, yersiz müzakirələr, yüngül söhbətlər sözün həqiqi mənasında insanları yorur. Ədəbi mühitdə də belədir. Əsər var ki, ədəbi mühitə gümrahlıq gətirir, ədəbi mühit də, oxucu da, ədəbi tənqid də bu əsərlə tanış olduqdan sonra yüngülləşir. Oxucu özündə yeni əsər oxumaq gücünü toplayır, yazıçı yeni əsər yazmaq istəyində olur, ədəbi tənqid axtarmaq, araşdırmaq, təhlil etmək ovqatı üzərində köklənir. Bir sözlə, taleyini belə məqamlarda ədəbiyyata bağlayanlar özlərini xoşbəxt sayırlar. İsmayıl Şıxlı yazır: "Bəzən yorulursan. Bir anlığa da olsa ədəbi söhbətlərdən uzaqlaşmaq istəyirsən. Çalışırsan ki, zehnin dincəlsin, ədəbi mübahisə və münaqişələri unudasan. Lakin İmranla görüşən kimi hər şey yaddan çıxır. Özün də hiss etmədən bu və ya digər əsər haqqında söhbətə başlayırsan. Dəqiqələr ötür, mövzu dairəsi genişlənir". Söhbət İmran Qasımovdan gedir. İmran Qasımov taleyini ədəbiyyata bağlamış yazıçıdır. Onun müxtəlif illərdə yazdığı "Xəzər üzərində şəfəq", "İnsan məskən salır", Həsən Seyidbəyli ilə birlikdə yazdığı "Dəniz cəsurları sevir", "Nə üçün yaşayırsan?" əsərləri teatr tamaşaları kimi həmişə maraq dairəsində olub.
İsmayıl Şıxlı İmran Qasımovun ədəbi mühitdə oynadığı rolu çox sərrast xarakterizə edir. O, həyatını ədəbiyyata bağlamış bu yazıçı barədə yazır: "İmran həmişə axtarış aparan sənətkardır. Mən bu sözü təkcə onun bədii söz vasitələri, ya da mövzu axtarması ilə məhdudlaşdırmaq istəmirəm. Çünki bu sahədə onun kifayət qədər təcrübəsi var. İmranın axtarışları xalqımızın tarixi, onun mətanətli insanları ilə bağlıdır. Dünyanın ən ucqar guşəsindən bir azərbaycanlı balasından yaxşı soraq gəlirsə, İmran bir yazıçı və vətəndaş kimi dərhal onunla maraqlanır, onun haqqında axtarış aparır. Əgər belə olmasaydı, onun H.Seyidbəyli ilə birlikdə yazdığı "Uzaq sahillərdə" əsəri yaranmazdı". Deməli, İsmayıl Şıxlı İmran Qasımovu həmişə axtarışda olan, xalqımızın tarixi ilə maraqlanan, mətanətli insanların sorağında olan bir yazıçı kimi xarakterizə edir. Eyni zamanda o, İmran Qasımovu bu sahədə kifayət qədər təcrübəsi olan bir yazıçı kimi dəyərləndirir. Bununla belə, İsmayıl Şıxlı "Uzaq sahillərdə" əsərinin ədəbiyyatımızın, xalqımızın tarixində oynadığı rolu və əhəmiyyəti də xüsusi olaraq qeyd edir. İsmayıl Şıxlı yazır: "Burada iki başlıca cəhəti qeyd etmək lazımdır. Birincisi, əsərin bədii keyfiyyətidir. İkincisi isə uzaq İtaliya torpaqlarında alman faşistləri ilə qəhrəmancasına vuruşub həlak olmuş şair qəlbli, rəssam təbiətli bir azərbaycanlı gəncin yenidən həyata qaytarılmasıdır. Mənə elə gəlir ki, yazıçının ucaltdığı heykəl bütün abidələrdən güclü və əbədidir. Tuncdan tökülmüş heykəl bəlkə də zaman keçdikcə dağıla bilər, lakin ədəbi heykəl ömürlükdür. Bu mənada "Uzaq sahillərdə" əsəri Mehdi Hüseynzadənin ədəbi heykəlidir".
"Uzaq sahillərdə" əsəri Mehdi Hüseynzadəni milyonlara tanıdan bir əsərdir. Bu əsər olmasaydı, milyonlarla insanın Mehdi Hüseynzadənin qəhrəmanlığından xəbəri olmazdı. Məhz bu əsər Mehdi Hüseynzadənin şərəfini ucaltmaqla, ona əbədiyyət abidəsi yüksəltməklə xalqımızın şərəfini yüksəklərə qaldırıb.
İsmayıl Şıxlı İmran Qasımovun bir insan kimi, yazıçı kimi şəxsi keyfiyyətlərini, qayğıkeşliyini, dosta və yoldaşa münasibətini həssaslıqla qeyd edir. İmran Qasımovda olan elə insani keyfiyyətləri qeyd edir ki, bu keyfiyyətlər insanlara olduqca lazımdır. Nədir həmin insani keyfiyyətlər? Nədir həmin qayğı? Bütün bunlar barədə İsmayıl Şıxlı yazır: "İmran söhbətlərində atasının insanlara yaxşılıq etmək fikrini ona təlqin etməsini tez-tez xatırlayır. Mən ondan "insan gərək hər dəqiqə insanlara lazım olduğunu hiss etsin" sözlərini çox eşitmişəm. Bu, yalnız söz deyil. İmran istər ədəbi məsələlərdə, istər şəxsi münasibətlərində həmişə yoldaşlarına qayğıkeşlik göstərir. Mən onun gənc yazıçılarla söhbətlərində bu qayğını çox görmüşəm. Dostlarının ən kiçik arzularını həyata keçirməyə, çətinliyə düşdüklərini gördükdə onlara yardım etməyə çalışır. Hiss edirsən ki, İmran insanlara lazım olduğuna görə fərəhlənir".
İsmayıl Şıxlı İmran Qasımovun yazıçı kimi keçirdiyi bütün hisslərə, duyğulara, uğurlara rəğbətlə yanaşır. Hətta İsmayıl Şıxlı İmran Qasımovun uğurlarının bəzi məqamları barədə yazır: "Bizim mübahisələrimiz çox olur. Həmin mübahisələrin mövzularından biri yazıçının başqa dillərdə səslənməsi və öz xalqına bağlılığı məsələsidir. Növbəti görüşlərin birində İmranın Moskvada Akademik Teatrda tamaşaya qoyulan "İnsan məskən salır" pyesindən söhbət düşdü. Mən ondan soruşdum ki, "sənin əsərlərin Moskva səhnəsində göstərilərkən nə kimi hisslər keçirirsən?" İmran bir az susdu və təmkinlə dilləndi: "Böyük, mərkəzi şəhərlərdə əsərin oynanılması çox yaxşıdır. Səhnədən Azərbaycan adları eşidirsən, tamaşaçılar Azərbaycan sözlərini təkrar edirlər. Teatr elanlarında azərbaycanlı adlarını görürsən, azərbaycanlı imzalarını oxuyursan. Lakin əsas məsələ hər sənətkarın öz xalqının qəlbində yer tutmasıdır".
Dilin, ədəbiyyatın keşiyində dayanmağın bir bariz nümunəsi yüksək səviyyəli əsərlərin yazılmasıdır. Belə əsərləri yazmaq üçün təkcə istedadlı olmaq kifayət etmir, həm də yazıçı daim axtarışda olmalıdır. Yeni mövzular axtarışında olmaq, onu zamanın tələblərinə, tələbkar və zövqlü oxucuların tələblərinə uyğun yazmaq ədəbiyyatın inkişafına kömək edir: "İmran Qasımov yeni ədəbi axtarışlarla məşğuldur. Onun axtarışı bu dəfə Fransa torpağında olacaqdır. İmran Qasımov orada bir "ceyranın" izinə düşüb. Bu "ceyran" müharibə illərində Fransada faşistlərə qarşı gizli mübarizə aparan Azərbaycan balalarının – partizanların toplaşdıqları bir çayxananın adıdır. Onun rəhbəri azərbaycanlı qız olub. "Ceyran" sözü həmin adamların fəaliyyəti ilə bağlıdır. Mövzu maraqlıdır. Hadisələr gərgindir. Bu iz bəlkə də yeni bir qəhrəmanın, ya da qəhrəmanların döyüşlərlə dolu olan həyat yollarına aparıb çıxaracaqdır. Bəlkə də indiyə qədər tanımadığımız Mehdi Hüseynzadələrlə tanış olacağıq? Qoy axtarışlar davam etsin".
İsmayıl Şıxlı ədəbi mühitə amal, məslək uğrunda mübarizə kimi yanaşır, cəsarət və prinsipiallıq göstərərək diqqətini çəkən, onu narahat edən, yaxud da ürəyindən xəbər verən hər bir məsələyə münasibət bildirir. O, ədəbi mühitdə baş verənlərə münasibət bildirməkdən kənarda qalmır. Bu barədə fikrini açıq söyləyir, mövqeyini açıq bildirir, məqsədini və istəyini açıq bəyan edir. Əlbəttə, ədəbi mühitə bu cür münasibət bildirmək üçün qətiyyətli, cəsarətli, mövqeli və olduqca prinsipial olmaq vacib şərtdir.
İsmayıl Şıxlı bir ədəbiyyat adamı kimi, eləcə də ədəbi mühitə münasibətdə həssas bir ədib kimi vicdanla danışan, vicdanla yazandır. Qətiyyən məsələlərə münasibətdə ciddiliyini itirmir, ötəri, keçici, boğazdanyuxarı münasibət bildirmir. Düzü düz, əyrini əyri deyir və ona görə də dediklərində və yazdıqlarında səmimiyyətdən kənarda heç nə görmək olmur. O, "Tofiq Bayrama açıq məktub"da yazır: "Sözün düzü, mən sənin ilk şeirlərini oxuduqda ritorik cəhətin gələcəkdə üstünlük təşkil edə biləcəyindən qorxurdum. Çünki sənin bəzi şeirlərində zahiri təmtəraq, daxili məna və məzmun dərinliyindən güclü idi. Elə zənn edirdim ki, sənin ilk qələm təcrübələrin ötəri gənclik həvəsinin məhsuludur. Sən də bir çoxları kimi şairliyin zahiri cəhətlərinə aludəsən, xitabət kürsülərində şeir oxuyarkən dinləyicilərin alqışını qazanmaq yeganə məqsədindir. Məndən incimə. Özün bilirsən ki, belələri çoxdur. Ömrünü-gününü ədəbiyyatın ətrafında keçirib, saç-saqqal ağardan "cavan şairlər" mövcuddur."
İsmayıl Şıxlının bu fikrində səmimiyyətdən kənarda heç nə yoxdur. O, şeirdə zahiri təmtəraq axtaranlar, dinləyici alqışından məst olanlar, müxtəlif vasitələrlə öz cızmaqaralarını çap etdirənlər, bir-iki kitabça buraxdıranlar barədə, nə deyirsə düz deyir. Onun bu dedikləri ədəbi mühitdə həmişə olub, indi də belədir. Deməli, İsmayıl Şıxlı "Tofiq Bayrama açıq məktub"da bütövlükdə ədəbi prosesə münasibət bildirir, ədəbi prosesi şəxsi və ucuz maraq dairəsinə çevirənlərin əleyhinə olur. Eyni zamanda onun bu mövqeyi ədəbi prosesin cəfakeşlərini bütün zamanlarda düşündürür. İsmayıl Şıxlı Tofiq Bayramın bu şeirini nümunə kimi gətirir:


Bir qoşma deməklə dağdan, arandan,
Şairlik olmayır, ad-san olmayır.
Dəmir əridəndən, qaya yarandan,
Şairin zəhməti asan olmayır.

Hər ürək bu yola gətirməyib tab,
Şairlik nə bəylik, nə sultanlıqdır.
Şairlik ən böyük əziyyət, əzab,
Şairlik ən böyük qəhrəmanlıqdır.

İsmayıl Şıxlı bu şeir nümunəsindən sonra yazır: "Lakin bunu başa düşməyənlər, şairliyi ədabazlığa, modabazlığa çevirərək şöhrət qazanmağa çalışanlar var. Elələri var ki, yanmadan yandırmaq, qanmadan qandırmaq istəyirlər. Sənin qəlbin (Tofiq Bayram nəzərdə tutulur – B.X.) haqlı olaraq belələrinə dözmür. Şairliyi adi peşə hesab edənlərə, vəzifə gücünə yazıçılıq xəyalına düşənlərə qarşı üsyan edirsən". İsmayıl Şıxlı görkəmli bir nəzəriyyəçi kimi çıxış edir, fikirlərini əsaslandırmağı bacarır. Bu da İsmayıl Şıxlının nəzəri hazırlığının yüksək səviyyəsindən xəbər verir. O, Bualonun "Poeziya sənəti" kitabından istinad gətirir: "Siz ey içi şöhrət hissi ilə alışıb-yanan, yüngül qələbə üçün poeziyanın çətin yollarına can atan kəslər, birdəfəlik bilin ki, o yüksək zirvəyə çatmaq sizin işiniz deyil. Hər şeir quraşdıran qafiyəpərdazdan şair çıxmaz!". İsmayıl Şıxlı bu fikrin sənətin əzəli və əbədi qanunları ilə bağlı olduğunu, bu gün də ədəbi hadisələrə qiymət vermək üçün çox dəyərli, müasir olduğunu nəzərə alaraq yazır: "Görünür, sənətə yüngül şöhrət mənbəyi kimi baxanlar, onu qazanc qaynağına çevirmək istəyənlər bütün əsrlərdə olmuşdur. Qafiyəli dəllallar hər yerdə və hər zaman əsl sənət adamlarının əl-ayağına dolaşıblar, onları sıxışdırmağa çalışıb və bəzən də dövrün qabaqcıl adamı kimi özlərini qələmə verməyə belə müvəffəq olublar. Belə olmasaydı, yüngül şöhrət düşkünü olan "şairlər ordusu" ədəbi mühiti, estetik zövqləri korlayıb, ürək bulandıran əsərlər yazmasaydılar və bu meyl xəstəlik halına düşməsəydi, hələ qədim Romada, Avqust imperiyası dövründə Horatsinin "Pizonlara məktublar" əsəri meydana çıxmazdı. Bualo XVII əsrdə şairlikdən, şeir qanunlarından bu qədər ehtirasla danışmazdı".
İsmayıl Şıxlı "Tofiq Bayrama açıq məktub"da şairliyin fitri istedad olduğunu, şairliyin fədakarlıq olduğunu qeyd edir. Onu da qeyd edir ki, "Şair xalqın vicdanıdır. Vicdan isə daim ədalət və haqq yolunda çarpışmalıdır".


Buludxan Xəlilov,
professor