Nə baxırsan süzgün-süzgün? Hadisə

Nə baxırsan süzgün-süzgün?

XIX əsrdə Şamaxının yaradıcı mühiti

Xankəndli Əziz (XIX-XX əsr)

Xankəndli Əziz Hüseyn oğlu XIX əsrin ortalarında Şamaxı qəzasının Xan kəndində doğulub. Deyilənlərə görə, atasının yaxşı səsi olsa da, sənətə getməyib. Dörd övladının - Səhab, Vahab, Musa, Əziz dördünün də səsi olub. Onlardan ikisi - Əziz və Səhab xanəndəlik edib, Vahab isə balaban sənətini atasının dostu Allahverən Şıxı oğlundan öyrənib. Əziz Şamaxıda molla məktəbində oxuyub. Gəncliyində məhərrəmlikdə mərsiyə deməklə məşhurlaşıb. Bu zaman Mirzə Məhəmməd Həsənlə tanış olur. Sonra Mirzədən muğam sənətini kamil öyrənir. Məlahətli səsi olduğunu görən Mirzə onu Mahmud Ağa məclisinə özü təqdim edir. Ondan sonra Əziz Mirzənin şagirdi kimi ad çıxarır, Mahmud Ağanın məclisinin bəzəyi olur. "Segah", "Şur" muğamlarını ustadı kimi oxuyarmış. "Mənsuriyyə"ni daha zil və şirin ifa edə bilirmiş. Mahmud Ağa həmişə ona ayrıca "Mənsuriyyə" oxutdurarmış.
O, həm də şair imiş... Odur ki, "Beytüs-Səfa" məclisinin üzvləri ilə dostluğu da vardı. Xan kəndindən olduğu üçün S.Ə.Şirvani onu "Xanoğlu" çağırarmış. Ondan sonra bütün məclis əhli də ona "Xanoğlu" deyərmiş. Şeirlərini də "Xanoğlu" təxəllüsü ilə yazarmış. Əziz qardaşı Səhabdan muğamları öyrənib. Səhab da sonra Mirzə Məhəmməd Həsənə şagird durub. Mirzə özü şagirdini Mahmud Ağa məclisinə gətirib. Onun da şakəri "Şur" və "Şüştər" olub. Səsi zil olduğu üçün qardaşı da, özü də "Şüştər"in zərb şöbələrini bənzərsiz oxuyarmış. Mahmud Ağa qardaşların zərb-muğamlarını çox bəyənirdi. Əziz həm klassik, həm də xalq şeir üslubunda şeirlər yazıb. Mərhum Aşıq Baratın yaddaşından onun qəzəllərindən bir neçə beyti bir qoşma, gəraylılarını yazıya almışıq:

Səhər-səhər seyrə vardım,
Yarı gördüm bağ içində.
Yaxası güllü bostandı,
Şamamalar tağ içində.

Dodağının axar balı,
Canlar alır qoşa xalı,
Bir tamaşa gül camalı,
Tər böyrəkdir, yağ içində.

Əziz deyər, vardı qəsdim,
Bulaq üstə yolun kəsdim,
Onda bilər zərbi-dəstim,
Ələ düşsə, bağ içində.

...Xanoğlunun səsi təzə,
Məclislərə qatar məzə,
Əlbət ki, gələcəm sizə,
Məndən incik düşən yarım.




Xankəndli Səhab (?-1948)

Səhab Hüseyn oğlu Şamaxı qəzasının Xan kəndində anadan olub. O, Əzizin kiçik qardaşı idi. Şamaxıda qardaşı ilə mollaxanada təhsil alıb. Ona görə də dostları onu Mirzə Səhab çağırırdılar. Bu zaman artıq XIX əsrin 90-cı illəri olardı. Səhab da muğamatı Mirzədən öyrənir. Səhabın səsi Əzizdən daha zil, daha məlahətli idi. Başqaları kimi Mahmud Ağanın daha çox sevdiyi "Şüştəri" isə ayrı cür oxuyurdu. Mirzədən sonra Şamaxıda mükəmməl "Şüştər" oxuyanlardan idi. Aşıq Şamilin ilk ustadı dayısı Soltan olub. Amma sonralar o, Səhabdan da muğamları öyrənir. "Şüştəri" isə daha ayrı cür...
Sirvan aşıqlarının demək olar ki, hamısı - Aşıq Barat, Aşıq Şərbət, Aşıq Xanmusa, Aşıq Xanış, Aşıq Mahmud deyərdilər ki, Aşıq Şamil kimi, "Şüştər" oxuyan yox idi. Biz də qədim "Şüştəri" ondan öyrənmişik...
Aşıq Şamillə çoxdan görüşmüşəm. Dediklərini və xatirələrini sonralar yaratdığım "Şirvanlı Aşıq Şamil" (Bakı, 2009) kitabında vermişəm. O, dayısı və Səhab haqqında da mənə xeyli məlumat vermişdi. "Mən, Səhabla tanış olanda 20-25 yaşım olardı. O, əsasən Aşıq Bilalla toylara gedirdi, sonra mən də Aşıq Bilala xanəndəlik etdim. Həmişə ustadı Mirzədən, Cabbardan, Mahmud Ağadan çox danışırdı. Dayım Soltana görə ustad mənimlə daha şirin söhbət edərdi. 30-cu illərdə Səhab Şamaxıdan kəndə köçdü, sonra da müharibə başladı. İki qardaşı müharibədə həlak oldu. Səsi yerində olsa da, Səhab bir daha sənətə dönmədi"... Səhabdan söz açan xanəndə Ağakərim yazır: "Çox yaxşı xanəndə imiş. Ağam deyərdi ki, mən Mirzədən sonra Səhab kimi xanəndə görməmişəm. O çox güclü və zil səsə malik idi. Elə vaxt olarmış ki, zurnanın müşayiəti ilə oxuyarmış". Mirzə Səhab 1948-ci ildə vəfat edib.


Mirzə Səlim (1850-?)


Mirzə Səlim Məşədi Nağı oğlu 1850-ci ildə Şamaxının Sarıtorpaq məhəlləsində doğulub. Deyilənlərə görə, o, S.Ə.Şirvaninin qohumu imiş. Mollaxana və mədrəsə təhsili alan bir şair idi. Gənclikdən saz və tar sənətinə meylini salmışdı. Özü də Mirzə Məhəmməd Həsənlə yaxın dost olub, onunla Mahmud Ağa məclisinə gedib-gəlib. İlk illərdə Mirzəni o müşayiət edib. Mirzə Məhəmməd Həsən sonralar Mahmud Ağa məclisinin əsas xanəndəsi olanda, onu Topal Məhəmmədqulu, Cavad, Humayi, Sadıqcan müşayiət edib. Amma el məclisi, toylara Mirzə çox vaxt Səlimlə gedərdi. Bu barədə xanəndə Ağakərim Hafiz qeyd edir: "Mirzə Səlim tərifə sığmayan bir tarzən idi ki, Mirzə Məhəmməd Həsən ancaq onunla rahat çalıb-oxuyarmış". Bununla yanaşı, Mirzə Səlim daha sonralar onun şagirdlərinin Sarəng Zeynal, Mirzə Sahab, Mirzə Zülfüqarı da müşayiət edib. Mirzə Səlim Şamaxı ziyalılarının çoxu - Seyid Cəfər, M.Ə Sabir, M.Mahmudbəyov, Səid Əfəndi, A.Səhhət və b. ilə dost idi. Şamaxıda tar, saz sənətinin inkişafında Cavadla yanaşı, Mirzə Səlimin də xüsusi xidmətlərini qeyd etmək lazımdır. Deyilənə görə, o, ötən əsrin 30-cu illərində vəfat edib.


Sarəng Zeynal (1869-1941)


Sarəng Zeynal Mehdi oğlu 1869-cu ildə (mənbələrdə o, Sarəng və ya Çopur ləqəbləri ilə də göstərilir) Şamaxının İmamlı məhəlləsində doğulub. Əvvəl mollaxana, sonra S.Ə.Sirvaninin məktəbində oxuyub. Gözəl səsə, rəvan təbə malik imiş. Onun atası Mehdinin də gözəl səsi vardı. Həm də Mahmud Ağa ilə həmtay, dost imiş. Muğamı Zeynal əvvəl atasından öyrənmişdi. Zeynalı da Mirzə Məhəmməd Həsənlə atası tanış edir. Zeynalın 15-16 yaşı olanda, artıq Mirzə Mahmud Ağa sarayında fəaliyyət göstərən məşhur xanəndə idi.
Bu illərdə Mahmud Ağa məktəbi üçün istedadlı gənclər toplanırdı. Zeynal da öz dərsini Mirzədən alıb və Mahmud Ağaya verdiyi imtahandan da uğurla çıxıb. Zeynal bütün məqamları xüsusi şövqlə, ustalıqla ifa edirdi. Şakəri isə "Şur", əsasən onun "Sarəngi" idi. "Sarəngi" demək olar ki, onun kimi oxuyan başqa xanəndə bəlkə də yox idi. "Sarəngi" özünəməxsus ecazkar, dinləyiciləri vəcdə gətirən bir səslə oxuduğu üçün ona həm Mahmud Ağa, həm sənət dostları, həm də şamaxılılar "Sarəng" təxəllüsünü veriblər.
Deyilənlərdən: Zeynal həm də çox mahir ovçu idi. Mahmud Ağa Kudri düzünə ova gedəndə öz adamları ilə Zeynalı da aparardı. Orada Zeynalı oxutdurar, zarafat edərdi. Xanəndə Ağakərim Nafiz yazır: "Ağam Əli bəy İsrafil bəy oğlu deyərdi ki, Sarəngi Zeynal oxuyanda elə zəngulə vurardı ki, elə bilərdin ki, Mirzə Məhəmməd Həsəndir. Zənguləsi uzun və sürəkli olardı. Sarəng Zeynal elə həmin illərdə Aşıq Bilalla dostlaşır, onun səsinin vurğununa çevrilir. Sonralar o, uzun illər Aşıq Bilalın dəstəsində xanəndəlik eləmişdi. Səhab, Mirzə Zülfüqar, Aşıq Şamil kimi. Sarəng Zeynal həm də şair idi. Klassik üslubla yanaşı, aşıq şeiri üslubunda da əsərlər yazıb. Həm də bəstələri-təsnifləri olub. Mahmud Ağa Zeynalın baməzə şeirlərinin vurğunu idi. Mahmud Ağa özü də zarafatcıl olduğu üçün məclisdə ona məişət mövzusunda yazdığı şeirlərini də söylətdirər və ya bəzilərini də muğam üstündə oxutdurardı. Köhnə şamaxılılar və qocaman sənətkarların yaddaşlarından Zeynalın bir neçə (yarımçıq) şeirlərini əldə edə bilmişik. Sarəng Zeynal Böyük Vətən müharibəsi başlayanda vəfat edib.
Şeirlərindən yarpaqlar:


Nə baxırsan süzgün-süzgün?
Söylə, indi qəsdin nədir?
Qaşların da yaylı oxdur,
Söylə, indi qəsdin nədir?

***

Sən eylə bilirdin ki, sirrini aşkar edəcəm?
Həm səni dərdə salıb, hal əhlindən ar edəcəm.

***

Bizim arvad

Gör nə günə saldı bu arvad məni?
Eylədi lap billahi bərbad məni.
Gündə deyir, ay kişi, ət alginan,
Mən yazığın bir halına qalginan.
Yum gözümü xəyallara dalginan.

***

Ət yeməsəm, mən dönərəm lap çöpə,
Ay belə arvad nə ola tez köpə.
Salsa ayaq altına hərdən məni,
Durmağa qoymaz daha yerdən məni.
Ta ki, gərək lap soyuda hirsini,
Baş-gözümə endirəcək ərsini...



Topal Məhəmmədqulu (1840-?)


Topal Məhəmmədqulu Əhməd Sultanın dostlarından olub. XIX əsr Şamaxının musiqi həyatından bəhs edən müəlliflərin əsərlərində quruca adı çəkilir. Həyatı, ömür yolu barədə geniş məlumat yoxdur. Tədqiqatçıların əsərlərindən onu öyrənə bildik ki, Şamaxıda yaşayıb, yaradıb, ziyalılarla dostluq edib; ilk dəfə Mirzə Məhəmməd Həsənin ustadı Kərbəlayi Mirzə Əkbəri müşayiət edib, məclislərə də birgə gedib. Mahmud Ağa məclisinə də Mirzə Əkbərlə gəlib. Mahmud Ağa məclisini, Humayini, Sadıqcanı tanıyana qədər Mirzə Səlimlə məclislərdə daimi tar çalıb. Mirzə dəvət aldığı Bakı, Tiflis, Qarabağ, İran məclislərinə də Topal Məhəmmədqulu ilə gedib. Bu barədə xanəndə Cabbar Qaryağdıoğlu xatirələrində yazır: "Həmən bu Məhəmməd Həsəni 1888-ci ildə Bakıda olduğum vaxt şamaxılı Hacı Əlabbasın uşaqlarının toy məclisində görmüşdüm. O, toya tarzən Topal Məhəmmədqulu ilə gəlmişdi. Mən də yoldaşım tarzən Sadıqla dörd gecə həmin toyda iştirak etdim. Onun çox bilikli və gözəl səsə malik olduğunu orada yəqin etdim"...
1888-ci ildə Mirzə Məhəmməd Həsən 36, Sadıqcan 42, Cabbar isə 27 yaşındaydılar. Belə hesab etmək olar ki, Məhəmmədqulu da 45 yaşlarında olub. Beləliklə, Məhəmmədqulunun doğum tarixi təxminən, 1840-cı ilə uyğun gəlir.
Faktlar göstərir ki, Topal Məhəmmədqulu məşhur xanəndə Mahmud Ağa məclisində uzun illər tarzənlik edib, eləcə də bu sənətin Şamaxı mühitində təbliği, yayılması və gənc nəslə aşılanmasında ustad müəllim kimi çalışıb. O, ustad tarzənlər - Mirzə Səlim, Sadıqcan, Mirzə Fərəclə uzun illər dostluq edib. Ustad sənətkarın nə vaxt vəfat etdiyi məlum deyil.



Seyfəddin Qəniyev
professor