Həsrətin sonu vüsal… Hadisə

Həsrətin sonu vüsal…

Bəşər övladı dünyaya gəlib ömür payını yaşadığı çağlarda öz yolunu vaxtında tapmağı bacarırsa, insanlıq missiyasını şərəflə yerinə yetirmiş olur. Yazıb-yaratmaq eşqinə düşənlər isə sözün sehrini mənəvi qidaları sanıb, Haqdan butalarını alanda əsil möcüzə baş verir. Axı ulu əcdad çox qədim zamanlarda ayaq üstə durub şüura sahib olandan dünyamızın sirlərini öyrənməyə can atıb. Ağıl, kamal həmişə kortəbii gücü üstələyib. Bu mənada hay-harayla, əl-qol açmaqla, "qılınc oynatmaqla", dil pəhləvanlığı ilə deyil, bilik, hikmət və müdrikliyin yardımı ilə Tanrının yaratdığı heyrətamiz varlıqların – kainatın, göy cisimlərinin, təbiətin dərkinə doğru dolğun addımlar atan düşüncə sahiblərimizdən birinin "Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi ("Əsli-Kərəm" və "Dədə Qorqud")" monoqrafiyasını oxuyub qürurlanmamaq mümkün deyil.
Ürəyin genişliyinə, böyüklüyünə baxın. Kitabını kədərli notlarla başlayan Seyfəddin Rzasoy içində qovrulsa da, yanıb-yaxılsa da, cavan anasının itkisindən on illər keçəndən sonra atasını haqq dünyasına yola salmasında sevgi və gözəllik axtarır...
Ata itkisinin nə qədər ağır olduğunu yaxşı bilirəm, beş yaşımdan onsuz qalmışam. Alim dostumun atasına xitabən yazdığı ithafdakı "Ölümün də özün kimi gözəl idi: ölümünü sevdim" fikrinin arxasında, məncə, bu məna gizlənib: atası həyat yoldaşının yoxluğu ilə o vaxta kimi barışa bilib ki, təkbaşına onun yadigarlarını evli-eşikli, oğullu-qızlı etsin. Nəvələrinin toy-düyünündən, sonbeşiyi Seyfəddin müəllimin doktorluq müdafiəsindən sonra öz missiyasını bitmiş hesab edib, bitib-tükənməyən həsrətdən qurtarmaq üçün haqq dünyasına yollanıb ki, ömür-gün yoldaşının vüsalına çatsın... Bəlkə də, hər iki valideyninin yoxluğundakı həsrətdən qaynaqlandığı üçün alimin bu əsəri orijinallığı ilə əvvəlkilərdən seçilir və spesifik quruluşu, problemin dərinliyi, düzgün həlli yollarına görə nəinki başqalarının, özünün də əvvəlki əsərlərindən əsaslı şəkildə fərqlənir. O, bir övlad olaraq ata-anasının xatirəsinə sözdən möhtəşəm abidə ucaltmağı bacarıb.
Məqsədim monoqrafiyanın elmi təhlilini vermək deyil, alimin forma və mündəricəsi ilə Azərbaycanda tamamilə fərqli əsər ərsəyə gətirməsini, standartlıqdan, şablon qəliblərdən yan keçərək filologiya sahəsində yeni cığırlar açmasını, araşdırdığı aktual məsələləri bütün detallarınadək incələməsini, epos məkanında indiyədək həllini tapmayan çoxsaylı problemlərin şərhini özünəməxsus üsullarla aparmağı bacarmasını diqqətə çatdırmaqdır. Əsər epos düşüncəsinin elə çalarlarına güzgü tutur ki, "Əsli-Kərəm" və "Kitabi-Dədə Qorqud" dastanlarındakı şəbəkələrin rəngarəngliyi bütün əlvanlığı ilə üzə çıxır.
Müəllif eposa iki aspektdən yanaşır: milli düşüncə sisteminin energetik strukturunun ümumbəşəri problemi kimi; etnosun yaşamasının bütün genetik struktur sxemlərini özündə qoruyan bədii düşüncə sistemi və etnosu düşüncə enerjisi ilə təmin edən milli energetik sistem kimi.
İlk baxışda adama elə gəlir ki, bir-biri ilə müqayisədə əks qütblərdə dayandığı zənn edilən məhəbbət dastanı ("Əsli-Kərəm") ilə alplıq, ərənliyə həsr olunan "Kitabi-Dədə Qorqud"un ("Salur Qazanın evinin yağmalanması" boyu) tipoloji müqayisəsi mümkün deyil. S.Rzasoy zahiri əlamətlərdə oxşarlığı, yaxınlığı o qədər də nəzərə çarpmayan epik bədii mətnlərin alt qatlardakı kosmoloji struktur modellərinin müqayisəsini bütün dolğunluğu ilə, deyərdim ki, xırdalıqlarına kimi verməyi bacarıb.
S.Rzasoy tədqiqatında "Əsli-Kərəm"in Azərbaycan-türk epik təfəkkürünün ən qədim və mürəkkəb əsərlərindən biri olduğunu, onun mayasında heç də hamını hiddətləndirən erməni-müsəlman qarşılaşmasının durmadığını dəqiq elmi dəlillərlə sübut etməklə elmimizdə olan mövcud sterotiplərin hamısını alt-üst edib, bununla erməni xəyanətinin də kökünün çox dərinlərdən gəldiyini əsaslandırıb. Əslində, ilkin dünyagörüşünə söykənən motivlər sonralar dini əqidə toqquşması donuna bürünüb. S.Rzasoyun tədqiqatı göstərir ki, Qanlı Yanvar qırğınından və Xocalı soyqırımından sonra "Əsli-Kərəm"i məsum xalqın qəzəbindən qorumaq üçün qara keşişi ermənilikdən çıxardıb xristian-müsəlman əksliyini albanlaşdıranların da qənaətləri yanlışdır. Alim indiyədək nakam eşq dastanı kimi təqdim olunan epik lövhələrin arxasında nələrin gizləndiyini elə səlisliklə açıqlayır ki, adamı heyrət bürüyür. Bu, istedadlı təfəkkür sahibinə ilahidən gələn fəhm və vergidir ki, minillərin arxasında formalaşıb uzun əsrlər boyu müxtəlif sosial institutlarda kodlaşa-kodlaşa gələn, sirrə-müəmmaya çevrilən epizod və deyimlərin açarını bir-bir tapmağı bacarır. Kərəmi xaoslaşdırılmış kosmik məkandan real həyata gətirən və təzədən sakral aləmə qaytaran yolda elə detallar və amillər (məsələn, xəbərləşmə silsilələri: Yurdla xəbərləşmə, Ağacla (sərvlə) xəbərləşmə – qarğış, Evlə (Bağla) xəbərləşmə, Qızla/İnsanla xəbərləşmə: etnokosmik identifikasiya, Ata, Ana və Dostlarla xəbərləşmə, Qızlarla xəbərləşmə: etnokosmik identifikasiya və keçid, Karvanla xəbərləşmə, Oba ilə xəbərləşmə, Durnalarla xəbərləşmə və s.) üzə çıxarmaqla Dünyamızın dünəni ilə bü günü arasındakı sınıq körpüləri bərpa edir. Və onun irəli sürdüyü onlarla semantik struktur əlamətlərinin hər biri barədə geniş diskussiya açmaq mümkündür.
Bir detalın üzərində dayanmaq istərdim. On il əvvəl bir əfsanənin şərh edərkən tədqiqatımızda bu qənaətə gəlmişdik ki, Azərbaycan türklərinin "Əsli və Kərəm" eposunun mifoloji qaynaqlarında qırx düyməli xalat gerçək aləmin bitməsi – ömür yolunun bağlanması, o biri dünyanın qapısının isə açılması kimi mənalandırılır. Füzuli rayonu, Şükürbəyli kənd sakini Qurbanov Faiq Kamal oğlu danışırmış: "Toy gecəsi Kərəmlə Əsli tək-tənha qalıb bir-birinə sarmaşırlar. Kərəm əl atır ki, xalatının düymələrini açsın. Düymələr Kərəmin əli dəyən kimi öz-özünə açılır, axırıncıya çatanda təzədən hamısı düymələnir. Kərəm işi başa düşür. Bilir ki, Qara keşiş nə isə onların başına bədbəxtlik gətirəcək. Əsli də Kərəmə kömək edir. Bu dəfə isə düymələr açılıb axırıncıya çatanda ondan bir qığılcım qalxıb Kərəmin sinəsinə düşür. Kərəm alışıb yanır. Bir göz qırpımında kül olur. Əsli hay-həşir salır, saçlarını süpürgə edib Kərəmin külünü ağlaya-ağlaya yığışdırmağa başlayır. Həmin küldən bir qığılcım da qalxıb Əslinin üstünə düşür. O da yanıb külə dönür. Bu vaxt səs-küyə el-oba adamları tökülüşüb gəlirlər. Otaqda bəylə gəlin əvəzinə ikicə topa kül tapırlar. Bilirlər ki, bu, Qara keşişin işidir. Hamı göz yaşı töküb ağlayır, hər iki nakam gənci Lüləli deyilən yerdə basdırırlar. Bir zaman keçməmiş keşiş də azarlayıb ölür. Onu da Əsli və Kərəmin yaxınlığında dəfn edirlər. Nakam gənclərin qəbrinin üstündən gül kolları bitib bir-birinə sarmaşır. Qara keşişin də qəbrindən qaratikan boy verib güllərin arasına soxulur. Deyirlər, gül kolları Əsli və Kərəmin ruhudur ki, o biri dünyada qovuşmaq istəyirlər. Qara keşişin ruhu isə qaratikana çevrilib onların qovuşmalarına mane olmaq istəyir".
Bu əfsanə rəmzlərlə doludur. Eyni adlı dastandan fərqli olaraq burada Qara keşiş heç bir kənar hökmdarın təkidi ilə deyil, Kərəmin qarabaqara onları izlədiyini görüb birdəfəlik özü məsələni çürütmək istəyir və bu anadək gerçəkliklə yoğrulan epizodlar poetik simvollarla, mifik eyhamlarla əvəzlənir. Ata qızının nişanlısı üçün öz əlləri ilə xalat tikir. Əslində, bu, xoş və bəşəri hadisədir. Hələ Kərəmə tapşırır ki, toy gecəsi Əslinin yanına getməzdən əvvəl onu geyinib, düymələrini öz əlinlə açarsan. Lakin "xalat" burada erməni keşişinin türk oğlu üçün hazırladığı qəbirdir, düymələr Kərəmin bəxtidir, taleyinin açarıdır – açılıb qurtaran kimi təzədən bağlanır. Tale də keşişin toya razılıq verməsi ilə Kərəmin üzünə gülür, kamına çatmasına mane olan xalatın içində bağlanıb qalmasıyla ondan həmişəlik üz döndərir. Od qəzadır, dünyadakı fəlakətlərin mənbəyidir. Kül yaradıcıya qovuşmaqdır. Gül kolu həyatın davamı deməkdir, doğrudur, əfsanədə məhəbbətin qələbəsi kimi göstərilir. Qaratikan isə xeyirlə şərin mübarizəsinin əbədiliyi deməkdir. Beləliklə, mifoloji görüşlərdə qırx düymənin açılıb-bağlanması ilə həyatın bu dünyada sonu göstərilir. Zamanın 40 kiçik mərhələsinin (40 günün) və məkanın 40 balaca hissəsinin (40 otağın) başa çatması ilə sirli aləmin yolu tapılır, eləcə də bir sıra problemlər həll olunur. Koroğlu Qıratı 40 gün qaranlıq tövlədə saxlamalı idi ki, qanadları çıxıb onu qaranlıq dünyaya apara bilsin. Lakin 39-cu gecə dözməyib, tövlənin damından deşik açır, içəriyə ay işığı düşür, Qıratın qanadları əriyir. Mifik mədəni qəhrəman Koroğlu əski çağlardakı funksiyasını – o biri dünyaya ilk yola düşən Yimin fədakarlığı ilə səsləşən missiyasını yerinə yetirməyə imkan tapmır. Bu səbəbdən də bütün var-qüvvəsi ilə gerçək dünyanın qəddarlıqlarına qarşı mübarizə aparır. Oxay qırxıncı otağın qapısından içəri keçməklə yeraltı dünyaya düşür. Göy aləmində dünya gözəllərinin məclisinə düşən Səlim şah isə 40 gün müddətinə baş pəriyə əl uzatmamalı, başqaları ilə eyş-işrət keçirməli idi. Lakin o da 39-cu gün səbirsizlik etdiyindən həyatın bütün şirinliklərini əldən verir. Beləcə Kərəmin xalatının 40 düyməsi dünyalar arasındakı keçidlərin açarını simvollaşdırırdı.
S.Rzasoy əfsanədəki epizodları daha dəqiq və əsaslı şəkildə şərh edir: "Məsələ burasındadır ki, süjetüstünə görə qəriblikdə (Hələbdə) olan Kərəmlə Əsli kosmoloji sxemə görə Xaosda – ölülər dünyasındadır. Onlar Kosmosa qayıtmaq üçün hökmən ölüb-dirilmə ritualından keçməlidirlər. Çünki Xaosdan Kosmosa və əksinə keçid yalnız ölüb-dirilmə ritualı vasitəsi ilə reallaşa bilər. Final süjetindəki bütün epizod və elementlər bu ölüb-dirilmə ritualnın süjetüstündəki metaforasıdır".
Bir cəhət də maraqlıdır, alim "Kitabi-Dədə Qorqud" eposunun mifoloji obraz, süjet və motivlərlə zəngin olan "Duxa Qoca oğlu Dəli Domrul" boyunun, "Basatın Təpəgözü öldürdüyü boy"unun, yaxud "Baybörə oğlu Bamsı Beyrək boyu"nun deyil, əksər tədqiqatçılar tərəfindən tarixlə səsləşən mətn kimi səciyələndirılən "Salur Qazanın evinin yağmalanması" boyunun kosmoloji struktur modelini araşdırır. Araşdırmadan çıxan məntiq odur ki, bütövlükdə "Kitabi-Dədə Qorqud"un tarixi kökləri ilkin mifoloji dünyagörüşündən qidalanır və epik düşüncənin başlanğıc konturları boyların hamısında qorunub saxlanılır.

Ramazan QAFARLI
professor