

“Azərbaycan uzun müddətdir ki, Ermənistana ikitərəfli danışıqlar formatını təklif edirdi. Lakin Ermənistan hər zaman üçüncü bir tərəfin danışıqlarda iştirakını tələb edir, bunun öz maraqlarının daha çox qorunmasına xidmət edəcəyini zənn edirdi. Lakin aydındır ki, üçüncü tərəflər yalnız öz maraqları kontekstindən məsələlərə yanaşırlar. Elə buna görə də, Rusiyanın vasitəçiliyi ilə danışıqlarda bölgədə Rusiyanın təhlükəsizlik zəmanətçisi kimi rolu təsbit olundu (üçtərəfli bəyanatın 9-cu bəndini xatırlaya bilərik). Yaxud Avropanın rəhbərlik etdiyi danışıqlar Avropa missiyasının bölgəyə yerləşdirilməsi ilə nəticələndi. Halbuki, Azərbaycan sadəcə olaraq 2 aylıq müşahidə missiyasına razılıq vermişdi, amma onlar qalıcı oldular. Beləliklə, üçüncü tərəflərin iştirakı ilə olan danışıqlarda sülh prosesi müəyyən qədər irəli aparılsa da, artıq sülh müqaviləsinin mətni tam olaraq razılaşdırılsa da, hər iki dövlətin maraqlarını əks etdirəcək real nəticələr məhz iki ölkə rəhbərinin danışıqlarından və verəcəkləri qərarlardan asılıdır. Məhz buna görə Azərbaycanın inisiativi ilə, Azərbaycan liderinin rəhbərliyi ilə Abu-Dabidə baş tutan ikitərəfli görüşün iki ölkə arasında açıq qalan məsələlərin sülh yolu ilə həllini tezləşdirməyə xidmət etdiyini deyə bilərik”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə söyləyib.
Siyasi şərhçi əlavə edib ki, bu məsələlər Zəngəzur dəhlizinin açılması, delimitasiya, sülh müqaviləsinin imzalanması məsələləridir və onların nizamlanması sülh müqaviləsindən əlavə müqavilə-protokollarla nəzərdə tutulub: “Ehtimal etmək olar ki, bütün bunlarla bağlı Ermənistanla Azərbaycan arasında artıq bağlı qapılar arxasında artıq müəyyən razılaşmalar var. Elə buna görədir ki, Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gələndə Paşinyan daima “Sülh Kəsişməsi” layihəsini önə sürürdüsə, artıq bu məsələdə müsbət məcraya keçid var. Ermənistan dəhlizi açmağa razılıq verib, sadəcə onun üzərində nəzarət mexanizmləri razılaşdırılmalıdır. Görüşdən dərhal sonra Ermənistan Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə üçüncü tərəfin yola nəzarəti “Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü” prinsiplərinə uyğun olarsa, kommunikasiyaların açılması mümkündür. Bəlkə də qarşıdakı dövrdə Ermənistandakı anklav kəndlərlə bağlı da yeni xəbərlər aldıq. Başqa ifadə ilə, Ermənistan hazırda mühüm bir keçid mərhələsindədir və bu mərhələdə regional mövqelərini itirmək təhlükəsi olan Rusiyadan çoxsaylı təzyiqlər alır”.
Ş.Cəlilzadə bildirib ki, öncə Paşinyanın Türkiyəyə səfəri və cənab Ərdoğanla ikitərəfli görüşü, ardından Dubayda Prezident İlham Əliyevlə baş tutan ikitərəfli görüş – bütün bunlar Ermənistanın qarşıdakı təlatümlərdən keçərkən bu iki ölkənin dəstəyini qazanmağa, hakimiyyətini qorumağa hesablanıb: “Ermənistanın bundan sonrakı qərarları onun taleyini həll edəcəkdir. Əsas məqam, Paşinyan hökümətinin Cənubi Qafqazda Azərbaycanla razılaşdırmadan atılan addımların Ermənistana heç bir fayda verməyəcəyini anlamasıdır”.
Röya İsrafilova