

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Günəbaxan bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda elmi-praktik tarla seminarı keçirilib. Tədbir günəbaxan bitkisinin seleksiyası, becərilmə texnologiyaları, xəstəlik və zərərvericilərlə mübarizə sahəsindəki yeniliklərin müzakirəsinə həsr olunub.
Seminarda Aqrar Xidmətlər Agentliyinin nümayəndələri, Samux, Goranboy və Göygöl rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinin və digər müvafiq qurumların rəhbərləri, mütəxəssisləri, eləcə də fermerlər və institut əməkdaşları iştirak ediblər. Seminarın əsas məqsədi günəbaxan əkinlərində innovativ yanaşmaların tətbiqi, yeni sortların qiymətləndirilməsi və aqrotexniki tədbirlərin daha səmərəli planlaşdırılması olub.
Seminarda AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov günəbaxan bitkisinin ölkə üçün strateji əhəmiyyətini qeyd edərək, onun becərilməsində elmi yanaşmanın və seleksiya təcrübələrinin əhəmiyyətindən danışıb.
Ardınca a.e.d. Ələddin Tağıyev introduksiya olunmuş sortların biomorfoloji xüsusiyyətləri və seleksiya üçün ilkin material kimi qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Tarla şəraitində keçirilən seminar zamanı iştirakçılara günəbaxan bitkisinin becərmə texnologiyası, torpaq hazırlığı, gübrələmə, suvarma və məhsul yığımına dair müasir metodlar barədə praktiki izahlar verilib. Əkin sahələrində müşahidə olunan əsas zərərvericilər və onlara qarşı bioloji və kimyəvi mübarizə üsulları haqqında ətraflı məlumat çatdırılıb.
Bundan əlavə, günəbaxan əkinlərində geniş yayılmış kəhrə (Orobanche) alaq otu ilə bağlı da əyani şəkildə təqdimat aparılıb. Kəhrənin parazitlik xüsusiyyəti canlı bitki üzərində nümayiş etdirilib, onun yayılma şəraiti və törətdiyi zərərlər izah olunub. Bu alaq otuna qarşı profilaktik və kimyəvi mübarizə tədbirlərinin vaxtında aparılmasının məhsuldarlığa birbaşa təsir etdiyi vurğulanıb.
Seminarın sonunda iştirakçılar sahəyə baxış keçirərək tətbiq olunan texnologiyaları yerində müşahidə edib, təcrübə mübadiləsi aparıblar.