Şamaxı mədəniyyətinin keçmişini araşdırarkən... Hadisə

Şamaxı mədəniyyətinin keçmişini araşdırarkən...

Xatirə və qeydlərdə XIX əsrdə Şamaxıda bütünlükdə mədəniyyətin inkişafı barədə günümüzədək geniş məlumatlar gəlib çatıb. Belə maraqlı məlumatlardan biri də knyaz, rəssam Qaqarinin kətana köçürdüyü rəqqasələrin tablosudur. Bundan savayı Şamaxı rəqqasələrindən Nisə, Rəna, Sona, Səkinə, Məleykə və rəqqas Hikmətin adları çəkilən mənbələrin də günümüzədək qalması sevindirici haldır. Knyaz Qaqarinin o dövrdə çəkdiyi rəsm əsərində həm ifaçıların alətləri, həm də rəqs edən, oxuyan xanımlar aydınca görünür. Tamaşaçı keçmişə dönə bilir, onun gözləri önündə Mahmud Ağanın bənzərsiz sarayı bütün gözəlliyi ilə canlanır. Şamaxı mədəniyyətinin keçmişini araşdırarkən bir günü də musiqisiz keçməyən Mahmud Ağanın bir şəhərlə məhdudlaşmadığını, Azərbaycanın hər yerindən ustad sənətkarları ətrafına toplamasının, onları himayəyə götürməsinin şahidi oluruq.
Məşhur sənətkarların Şamaxı kimi musiqi məbədində səxavətli xeyriyyəçinin başına toplanması Azərbaycan mədəniyyətinin, Azərbaycan xalq musiqisinin inkişafında əvəzsiz rol oynayıb. Məhz bu nəcib addımlar sayəsində xalqımızın qədim mənəvi sərvəti təbliğ edilib, qorunub və geniş yayılıb. Özü də görkəmli musiqişünasın sarayına hər zaman yaxşıların yaxşısı, bir sözlə, ustad sənətkarlar dəvət olunublar. Onlar böyük ehtiramla qarşılandıqları kimi, böyük hörmətlə, hədiyyələrlə də yola salınardılar.
Mahmud Ağa Sadıqcan üçün qızıldan tar düzəltdirmişdi. Əfsus ki, o tar bizə gəlib çatmadı. O, Qaryağdıoğlu Cabbar üçün də qızıldan qaval sifariş vermişdi. Həmin qavalı Cabbar 1913-cü ildə Şəmsi Əsədullayevin qızının toyunda Seyid Şuşinskiyə bağışlayıb. Sonralar bu qaval da itib, gəlib bizə çatmayıb. Mahmud Ağanın muğam ustadları, müsabiqə qalibləri, şair və aşıqlar, rəqqasələrə verdiyi hədiyyələrin tükənməyən siyahısını saymaqla qurtarmaz: qızıldan hazırlanan təsbehlər, üzüklər, saatlar, camlar, bazubəndlər, kəmərlər, boyunbağılar, sinəbənd, araqçın, sırğalar, qolbağlar, qızıl əsalar və Buxara papaqları, zərli-baftalı əbalar, çərkəzi çuxalar...
Haşiyə: Bununla yanaşı, Mahmud Ağa müsabiqəsinin başqa bir dəyərli tərəfi o idi ki, bu məclisdə təkcə Azərbaycanda deyil, Təbriz, Tiflis, Dərbənd, hətta Orta Asiyada yaşayan həmyerlilərimiz bir-birinin sənətlərinə bələd olduqları qədər də uzun illər dostluq edər, sənətlərini təbliğ etməklə öyünərlərmiş. Yəni Mahmud Ağa məclisi muğam dünyasının təsnələrini qədim Şamaxıda bir araya cəm edə bilmişdi. Cabbar, Mirzə Məhəmməd Həsənin "Şur"da vurduğu xalları, Davud Səfyarov, Məşədi Zeynal zəngulələrini, Məşədi İsi, Səttarın oxuduğu xalq mahnılarının şirinliyini, Hacı Hüsü, Topal Məmmədqulunun alt-üst mizrablarının
ecazkarlığını, Malıbəyli Cümşüd, Sərənc Zeynalın, Sadıqcanın bülbül ləhcəli ününü, Natəvanın qəzəllərini, söz sərrafı Seyidin şah beytlərini, Ağanın öz şirin səsindəki məlhəmini, Bülbülcan, Aşıq İbrahim, Aşıq Bilalın ərşə bülənd avazının bu məclisdə şahidi olmuş, özü də üzbəüz... Mahmud Ağanın yeni sarayı tikiləndən sonra Şamaxının bəy-bəyzadələri, tacir dostları daha çox məclislərə qatılmağa başladılar. Artıq şəhərin bütün - Şıxminaş, Sarıtorpaq, Ucarlı, Gürcübazar, Kövşərli, İmamlı, Nar ağacı, Meydan, Yuxarı Qalabazar, Pirani Şirvan məhəllələrinin zəngin, varlı-karlı insanları - Hacı Kərim, Hacı Dadaş, Zeynalov qardaşları, Azad bəy, Cavad bəy, Rüstəm bəy, Camo bəy, Salamovlar və hətta dövlət adamları mütəmadi olaraq məclisə qatılır, dəyər verir, ora gələn qonaqlarla tanış olaraq, onları evlərinə - saraylarına mehman aparırdılar... Bu xeyirxah zənginlər Şamaxını dağıdan zəlzələlərdən (1859, 1902) sonra yenidən qurulmasına, abadlaşdırılmasına, məktəblərin yaradılmasına, karvansara və məscid
lərin bərpasına, tikilməsinə böyük köməklik göstəriblər. Əfsuslar ki, həmin bəy-bəyzadələrin 1902-ci il zəlzələsindən sonra tikdikləri malikanə, saray və evlərini erməni cəlladları zəlzələlərdən betər 1918-ci ildə yerlə-yeksan etdilər, yandırdılar. Əsilzadələrin bir tikilisi də qalmadı. Hətta Mahmud Ağanın nəvələrinə yadigar qalmış mülklərinə də od vurub yandırdılar. Onun doğmalarının çoxu həmin faciədən sonra Şamaxıdan köçüb getdilər; Bakıya, Moskvaya və Orta Asiyaya səpələndilər.
Haşiyə: Azərbaycanın çox bölgələri və eləcə də Şamaxıda erməni cəlladlarının 1918-ci ildə viranə qoyduğu imarətlərin xarabalıqlarının şəkillərini professor S.Rüstəmova yaxın vaxtlarda Parisdən böyük çətinliklə əldə edə bilib, respublikamıza gətirib, həmin faciəli tarixi özündə əks etdirən şəkilləri çap edərək, oxuculara çatdıra bilib. Dağıdılmış mülkləri görəndə insanın təpədən-dırnağa qədər vücudu silkələnir. Qədim Şərq üslubunda, bir-birindən yaraşıqlı mülklər dursaydı, Şamaxı bu gün muzey-şəhər kimi dünyanın ən məşhur və qədim muzey şəhərlərindən biri sayılardı. Belə olan təqdirdə Şamaxının vaxtilə mədəniyyət mərkəzi olması barədə gələn qonaqlara artıq söz deməyə ehtiyac da qalmazdı...
Ümumiyyətlə, Əhməd Sultan və oğlu Mahmud Ağa musiqidən sadəcə zövq alan, ona qulaq asan insanlardan olmayıblar. Onlar xalq musiqisini, aşıq sənətini, muğamlarımızı, oyun havalarını sevdikləri qədər, bu mənəvi sərvətin qorunması, təbliği, inkişafı üçün varından-dövlətindən "uf demədən" keçməyə, qurban verməyə hazır olan musiqi xiridarları idilər...
Deyirlər, Mahmud Ağa bir tərəkəmə oğlanın gözəl səsi olduğunu eşidib, səsini bəyənir və sənəti öyrətmək məqsədilə onu evinə gətirir. Oğlan tez bir zamanda poeziya və muğamları yaxşı öyrənir. Lakin o, daima açıq havaya, köçəriliyə öyrəşdiyindən, ya da nəsə başqa bir səbəbdən bir ildən sonra vərəm xəstəliyinə tutulur. Mahmud Ağa onu adlı həkimlərə, kurortlara göndərsə də, nəticəsi olmur, oğlan vəfat edir. Mahmud Ağanın yanına gələn tanışlarından biri deyir:
- Heyif o qədər pulu tökdün, bir xeyri də olmadı.
Mahmud Ağa deyir:
- Muğamat üçün milyonlar versəm, uf demərəm. Onda qala ki, muğamatı oxuyan gözəl səsli adam ola. Onun sağalmasına bütün mülkümü verərdim...
Məktəbin əsas uğurlarının ən başlıcası təkcə Şamaxı üçün yox, bütün ölkə üzrə muğam müsabiqəsi keçirmək olub. O muğam müsabiqələrinə Azərbaycanda zamanına görə ən böyük ustad sənətkarlar qatılardı və o istedadlar bir-birilərini yaxından tanıdıqları kimi, bir-birinin ifalarını eşidib, məsləhətlər alıb və məsləhət veriblər. Qırx ildən artıq bu muğam məktəbinin və məktəbdə keçirilən müsabiqələrin rəhbəri Mahmud Ağanın özü olub. Əslində bu təhsil ocağı adi məktəbdən daha çox bir universitetə bənzəyirdi. XIX əsrin əvvəllərində Rusiyanın ali təhsil sistemində böhran yaşanırdı. Müəllim çatışmırdı. İmperiyadan xaricə müəllim kimi təhsil almaq üçün cəmi 100 nəfər göndərilmişdi. Mahmud Ağanın universitetində isə zəmanəsinin ən güclü və dahi sənətkarları, söz xiridarları sənətin və şeirin sirlərini davamçılarına öyrədirdi. Bu təhsil və elm məbədinin özünəməxsus kitabxanası var idi. Kitabxanada dövrünə məxsus əlyazmalar, risalələr, gündəliklər, bəyazlar, kitablar yerləşdirilmişdi. Məktəbdə o dövrün qədim musiqi alətləri də cəmlənmişdi. 1902-ci il zəlzələsi zamanı Mahmud Ağanın evi də dağıldı. Evdə olan qiymətli əşyalarla yanaşı, dəyəri heç nə ilə ölçülməyən həmin kitab və əlyazmalar da məhv olmuşdu. Qalanlarını da erməni cəlladları 1918-ci ildə məhv etdi.
Mahmud Ağanın beş övladı olub. Bu övladların hamısı musiqiyə, poeziyaya bələd gənclər idilər. Ağılları söz kəsəndən evlərində ancaq musiqi dinləyib, tanıdıqları və tanımadıqları məlahətli səs sahiblərinin avazları, çalğılarına qulaq asıblar. Özləri də mənəviyyat sahibi kimi yetişib, böyüyüblər. XIX əsrin 90-cı illərinə kimi Əhməd Ağa və Gövhər xanım nəvə-nəticələrin sevinci ilə ömür sürdülər, Mahmud Ağa da nəvələrinin...
Haşiyə: Ə.Cəfərzadənin yazdığına görə, Mahmud Ağanın oğlanlarından Cavad bəy həm şair imiş, həm də pəsdən səsi olub və həm də atası kimi gözəl tar çala bilirmiş. Özü də muğamların yol-yolacağını yaxşı bilib. Cavan xanəndələr ondan muğamların sirrini öyrəniblər. Bəzi yarışlara o da qatılardı. Cavad bəy böyük şair S.Ə.Şirvaninin oğlu Seyid Cəfər, M.Ə.Sabir və Hadinin ən yaxın dostlarından idi. Mahmud Ağanın qızı Bəyim xanımın da məlahətli səsi vardı. Atasının ölümündə dediyi ağılarla o, bütün qadın məclisini kövrəldə bilmişdi. Bu illərdə ailəyə ağır itki üz verdi. Ağanın anası Gövhər xanım soyuqdəymədən qəfil xəstələndi, heç iki ay keçməmiş dünyasını dəyişdi. Vəsiyyətinə əsasən, əqrəbalarının uyuduğu Şamaxının "Laləzar" qəbiristanlığında dəfn olundu. Əhməd Sultan ömür-gün yoldaşı, Mahmud Ağa isə ana itkisinə görə yanıb-yaxılırdı. Ailənin ümman sevinci az bir vaxt içində əriyərək qeyb oldu. Dalğa dalınca dalğa gəlirmiş kimi dərd dərd üstünə qalaqlandı. Bu hadisə sən demə, ailənin faciəsinin birinci dalğası imiş. Bir il sonra, Mahmud Ağanın oğlu Ağa bəy azara tutuldu. Neçə yerdən həkimlər, təbiblər, türkəçarələr dəvət olundu. Çarə tapılmadı ki, tapılmadı. Nənəsindən il yarım sonra bir uşaq atası olan Ağa bəy də dünyasını dəyişdi. Ömrünün çoxunu musiqi məclislərində keçirən, kədəri, qəm-qüssəni o qədər də özünə yaxın qoymayan, ona boyun əyməyən Mahmud Ağanın qara günləri başladı.
Əhməd Sultan da yaşının yüzə yaxınlaşan çağında ömür-gün yoldaşının itkisinin yarası qaysaqlanarkən ona nəvə dərdi də yükləndi. Özünü bədbəxt insan sayan Əhməd Sultan hüzrə gələn adamları görəndə: "Əcəl mənim qismətimiydi, Böyük Yaradan cavanlarımı apardı", - deyib ağlayardı. Mahmud Ağa nə edəcəyini bilmirdi. Oğlu Ağa bəyi də "Laləzar"da - anasının yanında dəfn etdi. Günlər, aylar ötdükcə Mahmud Ağa qismətilə barışmalı oldu. Cümə günləri əvvəl oğlu ilə anasının "Laləzar"dakı məzarını, sonra, "Şaxəndan"da uyuyan dostu - S.Ə.Şirvaninin məzarını ziyarət etməklə təsəlli tapırdı.
Ağa bəyin ölümü bütün ailəni, qohum-ərqəbanı başdan-başa sarsıtdı. Bu ağır itki şamaxılıların çoxunu, Mahmud Ağanın Qarabağ, Tiflis, Bakı, Naxçıvan, Gəncə, hətta İrandakı sənətkar dostları və tanışlarını da çox məyus etmişdi. Xatirələrdən bəlli olur ki, Mahmud Ağanın evi bir ildən çox gəlimli-gedimli olur, ona hərə bir yolla təsəlli verməyə çalışırdı. Nəhayət, Ağa bəyin ili verildi. Qonaqlı-qaralı, çal-çağırlı saray sükuta qərq olaraq ildən sonra da lal qaldı. Buna baxmayaq məclis üzvlərinin - Seyid Cəfər, Mirzə Məhəmməd Həsən, Topal Nəcəfqulu, Məbud, Camo bəy və başqalarının ayaqları bu evdən kəsilmədi. Onlar öz söhbətləri, söylədikləri əhvalatlarla Mahmud Ağanı ovundurmağa, fikrini dağıtmağa çalışırdılar... Artıq oğlunun ölümünün ikinci ili də arxada qaldı. Nəhayət, Mahmud Ağanın nəvə, Əhməd Sultanın isə nəticə toyları da başladı. Dost-tanışlar həmin məclislərə cəm oldular. Heç kəs Mahmud Ağaya cürət edib, - "Gəl məclisini yenidən quraq, Ağa", - deyə bilmirdi…



Seyfəddin Qəniyev
professor