Qaqauz türklərinin ədəbiyyatı Hadisə

Qaqauz türklərinin ədəbiyyatı

II yazı

Ötən yazıda qaqauzların ədəbiyyatı ilə bağlı danışılmışdı. Mövzunu davam etdiririk. Qaqauzlarla bağlı araşdırma aparan Ə.Şamil bildirir ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan Dövlət Nəşriyyatı türk xalqlarını və toplumlarını tanıtmaq üçün dünya türkləri haqqında silsilə kitablar çap etdirməyi planlaşdırdı. Ancaq "Axısqa Türkləri", "Uyğurlar", "Qaqauzlar" adında broşürlar işıq üzü gördükdən sonra nəşriyyatın iqtisadi sıxıntısından bu iş dayandı. Həmin seriyadan olan "Qaqauzlar" kitabını Güllü Yoloğlu hazırlamışdı (1996). Elə həmin il "Yazıçı" nəşriyyatının çap etdiyi "Qaqauz folkloru" kitabının da tərtibçisi və ön sözün yazarı Güllü Yoloğludur: "Onun 1999-cu ildə Türkiyədə Atatürk Kültür Mərkəzi tərəfindən çap olunan "Türklərin ailə mərasimləri" kitabında ailə mərasimləri müqayisəli araşdırılan dörd türk boyundan biri də qaqauzlardır.
Qaqauz sözünün mənşəyindən bəhs edən "Qaqauz", yoxsa "qaqouz?" ("Novruz", 1991, 16 iyul), "Çağdaş qaqauz ədəbiyyatı" ("Ədəbiyyat və incəsənət", 1989, 21 aprel), "Bucaqdan səslər" ("Ulduz", 1989, 57-60, sayı 1), "Qaqauz yazıçılarının hekayələri"("Xəzər", 1991, 124-129, sayı 4) "M. Kö¬sə-60" ("Ədəbiyyat qəzeti",1993, 5 mart), "Qardaş qaqauzlar" ("Ədəbiyyat qəzeti", 1996, 4 oktyabr) və "İstər Azərbaycan, istərsə də qaqauz ziyalıları arasında qısqanclıq var" (T.Zanetlə müsahibə) ("Dövran", 1999, 30 noyabr-6 dekabr) və başqa yazıları mövzu ilə maraqlananlara geniş bilgi verir. Özəlliklə Kişinyovda çıxan "Ana sözü" qəzetində çap olunan 10-a qədər məqaləsi aktuallığı ilə seçilir.
Bakı Slavyan Universitetinin professoru Nizami Tağısoyun (Məmmədov) elmi konfranslarda oxuduğu məruzələri, universitetdəki mühazirələri, qəzet-jurnallarda çap etdirdiyi "Qaqauzlar: keçmişdən bu günə", "Qaqauzların tarixindən səhifələr", "Qaqauzların toy-düyün mərasimləri", "Qaqauz ədəbiyyatı" məqalələri elmi səviyyəsini, yüksəkliyi ilə seçilir. O həmin məqalə və məruzələrini "Etnos və epos: keçmişdən bu günə" (2010) kitabına daxil edib".
Azərbaycanlı araşdırıcılardan Cəlil Nağıyevin (Qəriboğlu), Tamella Əliyevanın, Əli Şamilin, Qalibə Hacıyevanın və b. da uluslararası simpoziumlardakı çıxışlarında və məqalələrində qaqauz ədəbiyyatı və mədəniyyət ilə bağlı maraqlı fikirlər var. Araşdırıcı S.Sədiyevin filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün 2005-ci ildə AMEA Ədəbiyyat İnstitutuna təqdim etdiyi "Balkan türklərinin ədəbiyyatı" dissertasiyasının bir fəsli də qaqauz ədəbiyyatına həsr edilib. Azərbaycanda qaqauzlara yalnız mətbuatda geniş yer ayrılmayıb. Milli kadrlar hazırlanmasında da onlara daha çox yardım göstərilib. Belə ki, Dionis (Dəniz) Tanasoğlu 1965-ci ildə Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda akademik Məmmədağa Şirəliyevin rəhbərliyi ilə "Çağdaş qaqauz türkcəsində tabeli mürəkkəb cümlə" (Şamil Ə., 2006), Fedora (Tudora) Arnaut 1999-cu ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda professor Qara Namazovun rəhbərliyi ilə "Qaqauz folklorunda mani nevi (Türkiyə və Azərbaycan mani-bayatı örnəkləriylə qarşılaşdırma) (Arnaut T., 1999) və Valentina (Güllü) Qərənfil 2005-ci ildə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda professor Həsən Quliyev və professor Dionis Tanasoğlunun rəhbərliyi ilə "Qaqauz dilinin məişət leksikası" (Qərənfil G., 2004) mövzularında elmi iş yazıblar. 60-a yaxın qaqauz gənci isə ali məktəblərimizdə oxuyublar. Onların böyük əksəriyyəti 1988-1996-cı illərdə Bakı Dövlət Universitetini bitirib. Bir sözlə, Azərbaycanda türk xalqları haqqında yazılanları qarşılaşdırsaq, sayca az olan qaqauzlara daha çox yer ayrıldığını görərik. İlk baxışda elə təsir yaranır ki, Azərbaycanda qaqauzlar haqqında xeyli araşdırma aparılıb və qaqauzların tanıdılması da yetərincədir. Amma bir az dərinliklərə getdikdə öyrənilməmiş, qaranlıq qalmış çox mövzuların olduğunu görürük. Dayım qızı Ülviyyə Qarayeva qonşu kənddə-Böyük Məzrədə yaşayan qohumumuz İsgəndər İbrahim oğlu ilə ailə qurduqdan sonra ərinin təyinat yeri – Şəki rayonunun Turan qəsəbəsinə köçmüşdü. İsgəndər Gəncədə Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini bitirmişdi. Mən də Turan qəsəbəsinə gedəndə adamların əhval-ruhiyyəsini öyrənmək üçün onunla çayxanaya gedər, söhbətlərə qulaq asar, müzakirələrə qoşular, folklor örnəkləri toplayardım. Çayxanada bəzən kimlərəsə "qaqauz", "türkman" deyə zarafat etdiklərini eşitsəm də, buna o qədər əhəmiyyət verməmişdim. Qəbələ rayonundakı Komrat baba piri haqqında oxuyanda yadıma qaqauzların yığcam yaşadıqları Moldova Respublikasındakı Komrat şəhəri düşdü. Bizimlə eyni illərdə jurnalistika fakültəsində qiyabi oxuyan, Qəbələnin Çarxana kəndində doğulmuş Akif Hacıyev rayonlarındakı Zizik və Dizax kəndlərində yaşayanlara "türkman" deyildiyini, "türkmanlar" evlənərkən öz tayfalarından qız aldıqlarını, hətta münasıb qız tapmayanda qonşu kəndlərdən deyil, Bərdədəki "türkmanlar"dan qız aldıqlarını eşitdikdə bölgəyə marağım artdı. Turan qəsəbəsində eşitdiklərim yenidən diqqətimi çəkdi.
Turan qəsəbəsindəki çayxanada Oğuz rayonunun Baş Daşağıl kəndində yaşayanlara qaqauzlar deyildiyini qeydə almışdım. Məsələni aydınlaşdırmaq üçün Baş Daşağıl kəndinə getdim. Kəndin çevrəsindəki qəbiristanlıqlarda başdaşlarının çoxu torpağa batıb. Kənddən aşağıda isə xristian məbədinin xarabalıqları qalır. Burada araşdırma aparılmayıb.
Kəndin indiki sakinlərinin əksəriyyəti Qafqazda Rusiya müstəmləkəçiliyinə qarşı Şeyx Şamilin başçılığı ilə 30 il davam edən müridizm hərəkatı məğlub olduqdan sonra, yəni son 100-150 ildə burada məskunlaşıblar. Hətta elə ailələr var ikinci dünya savaşından sonra buraya köçüblər.
Rayon mərkəzindən Baş Daşağıla gedən yolun sağında Bucaq adlı kənd var. Bu kənd haqqında "Azərbaycan toponimləri. Ensiklopedik lüğət" kitabında yazılıb: "Bucaq-Oğuz rayonunda kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Əsil adı Bucaq Daşağıl. 19-cu yüzildə kənd ərazisində Güllü Bucaqlı adlı icma vardı. Bölündükdən sonra bir hissəsi Daşağıl kəndi yaxınlığında yerləşdiyinə görə Bucaq Daşağıl, digər hissəsi isə Muxas kəndi yaxınlığında olduğuna görə Muxas Bucaq adlandırılıb. Kənd Qozluçayın sahilində yerləşdiyinə görə, "Qozlu Bucaq" da adlanırdı.
Toponim bucaq tayfasının adı ilə bağlıdır. Keçmişdə Azərbaycanda Bucaq adlı 7 kənd vardı. Bucaq etnonimi ilə bağlı toponimlər Qafqazda geniş yayılıb. 13-cü yüzildə moğollar qıpçaqları Şimali Qafqazda sıxışdırdıqdan sonra bir hissəsi, o cümlədən bucaqlar Azərbaycana gəlib məskunlaşıblar. Bucaqlar qədim türkdilli bulqarların bir hissəsi idilər. Dnepr-Dunay çayları ilə Qara dəniz arasında Bucaq adlı yerdə məskunlaşdıqlarından qədim bulqarların bir hissəsi bu adı qəbul ediblər. Həmin ərazi yunan qaynaqlarında Oqloss (künc, bucaq) adlandırılırdı. Toponimin yayılma arealı genişdir. Moldova ərazisindəki cənub-şərqi Bessarabiya düzü Bucaq düzü adlanır. Türkiyədə eyni adlı yaşayış məntəqəsi, rayon ərazisində Bucaq çayı, İlisu kəndində (Qax rayonu) tabun tirəsi var" (Azərbaycan toponimləri, 1999).
Baş Daşağıl kəndi yaxınlığında indi də Qoca Bucaq bulağı və Qoca Bucaq çəməni var. XX yüzilin əvvəllərində Azərbaycanda yeddi Bucaq kəndi vardısa, indi onların sayı üçdür, bunlardan biri Oğuz, ikisi Yevlax rayonundadır".
Ə.Şamilin Komrat dağı və Komrat baba piri ilə bağlı araşdırmasının sonucu maraqlıdır: "Baş Daşağıl kəndində xristianlıq abidələrinin olması, buranı müsəlmanların da ziyarət etmələri, qışlağının Bucaq adlanması ilə yanaşı, Qəbələ rayonunda Komrat baba adlı dağın və bu dağda eyniadlı ocaq-pirin varlığı da diqqətçəkəndir. Sovetlər Birliyi dönəmində dini yerləri ziyarət etmə yasağı olduğundan, Komrat baba piri üzərindəki bina da uçub. Son illərdə orada təmir işləri görülüb. Təmir zamanı binanın əski memarlığı qorun¬mayıb. Səbəb - bu işi mütəxəssislərin deyil, həvəskarların görməsidir. Onlar təmiri öz bildikləri kimi aparıblar.
Komrat baba pirinə, əsasən, uşağı olmayan qadınlar ziyarətə gəlirlər (Azərbaycan folklor antalogiyası, 2005). Araşdırıcı Mətanət Abdullayeva Qəbələ rayonunun Mirzəbəyli kəndindəki 70 yaşlı Anaxanım Ağayevadan "Komrat" əfsanəsini toplayıb (Azərbaycan folklor antalogiyası, 2005,). Adamlar Komrat sözünün mənasını unutduqlarından onu belə yozublar. Kırımda, Türküstanda, xüsusən də qaraqalpaqların yaşadığı bölgədə də Komrad toponimi geniş yayılıb. Bu mövzuda özbək və qaraqalpaq araşdırıcılarının maraqlı məqalələri çap olunub.
Baş Daşağıl kəndi yaxınlığındakı və bölgədəki xristian abidələri dağıdıldığından yazılı qaynaqlar, qəbir daşları tapa bilmədik. Buradakı əski xristian qəbir daşlarında adlar xristian adları, soyadlar türk adları olsa, qaqauzlarla bağlılıq artardı. Bölgənin yaşlı sakinləri isə 20-ci yüzilin başlarında Otmannı kəndində və başqa kəndlərdə yaşayan xristianların qonşu xristian kəndlərdən fərqli olaraq, türkcə danışdıqlarını xatırlayırlar.
Bölgədə xristian türklərinin yaşadığı haqda qaynaqlarda da maraqlı bilgilər var. Nə yazıq ki, bunlar geniş araşdırmaya cəlb edilməyib. Əmir Teymurun Qafqaza yürüşündən bəhs edən bir qaynaqdan parçaları Aydın Məmmədov dilimizə çevirib. Ərəbcə yazılmış və farscaya çevrilmiş bu qaynağın yazarı İbn Ərəbşahdır. Aydın Məmmədova görə, Əmir Teymur Şamı aldıqda özü ilə Səmərqəndə apardığı adamlar arasında yeniyetmə İbn Ərəbşah da olub və o, Əmir Teymurun ordusu ilə birlikdə Şəkiyə gəlib. Salnaməsində də gördüyü hadisələri təsvir edib".
Bir neçə qaynağı qarşılaşdıran Aydın Məmmədov "Əcaibül-məqdur fi nəvaib Timur" əsərindəki Şəkiyə dair naməlum bəhslər (Gələsən-Görəsən qalasında və ətrafında 1403-cü ildə baş vermiş hadisələr barədə məlumatlar)" məqaləsində yazır: "Şirvanşah Şeyx İbrahimin dililə yerli əhali gürcü yox, tatar adlanır. Bu zaman bizim üçün aydınlaşır ki, hekayələrdəki (İbn Ərəbşahın salnaməsindəki hadisələrin təsviri nəzərdə tutulur-Ə.Ş.) gürcü sözləri millət yox, hümmət və məzhəb, yəni xristian-pravoslav mənasında işlənilir".
Tarixçi Sevda Süleymanovanın "Albaniyanın şimal-qərb sərhəd bölgəsi liniya-ereti" məqaləsi də mövzuya aydınlıq gətirə biləcək faktlarla zəngindir: "Nəinki orta yüzillərdə, hətta 19-cu yüzildə, 20-ci yüzilin əvvəllərində milliyyətlə dini inancın eyni mənada işləndiyini müşahidə edirik. Çox vaxt isə dini inancın milliyyəti üstələdiyinin şahidi oluruq. Adamlar mənsub olduqları millətin adı ilə deyil, dininə görə adlandırılırdılar"


Uğur