“Günümüzün bəlası xürafatçılıq və mövhümatçılıqdır” Hadisə

“Günümüzün bəlası xürafatçılıq və mövhümatçılıqdır”

Ceyhun Şükürov: "Cəhalətin hökm sürdüyü hər bir yerdə xürafatçılıq daim hökmran olub"

Azərbaycanda təəssüflər olsun ki, bir çox hallarda həqiqi dinə, onun buyurduğu əməllərə deyil, xurafatçılığa, mövhumatçılığa meyillənirlər. Bəs görəsən buna səbəb olan başlıca amillər nədir və insanlar nə üçün həqiqi dinə deyil, xurafatçılığa meyilli olurlar?
İlhaiyyatçı Ceyhun Şükürov bildirib ki, bu günümüzün bəlası xürafatçılıq və mövhümatçılıqdır. Bu da insanlardakı cahilliyin açıq-aşkar təzahürüdür: "Cəhalətin hökm sürdüyü hər bir yerdə xürafatçılıq daim hökmran olub. Bunun qarşısını doğru-dürüst maarifçilik və həqiqi dini öyrətməklə almaq mümkündür. Hər bir insanın qəlbində bir iman nuru, Allah sevgisi mövcuddur. Bu onun xislətindən irəli gəlir. Lakin yalnış olan inanc və iman insanı həmişə uçuruma və düzgün olmayan yönə istiqamətləndirir. Təəssüflər olsun ki, Azərbaycanda bu kimi hallar həddindən artıq çoxdur. Bunlara qarşı həmişə maarifpərvər alim və müctəhidlərimiz mübarizə aparmışlar. Lakin bu mübarizə mütəşəkkil olmadığından onlardan bir qisim insanlar faydalana biliblər. O ki, qaldı niyə insanlar bu xürafatçılığa bu cür meyl edirlər, çünki bizdə mütəşəkkil dini təhsil lazımi qaydada deyil. Sovet imperiyasının boyunduruğundan çıxanlar ya ateist fikirli olublar, ya da dinə xürafat və mövhümatçılıq yönündən inanıblar. Həqiqi Quranın meyarını və Quranın bizdən istədiklərindən tamam xəbərsizdirlər. Mənim fikrimcə, bu işdə dinə gəlir mənbəyi kim baxan "molların"da günahı az deyil". İlahiyyatçı Ceyhun Şükürov deyib ki, Qurani-Kərimə diqqət yetirsək orada üç prinsipdən başqa bir şey görməyəcəyik: "Birincisi Tövhid prinsipi, ikinci Fikh (hüquq) prinsipi və nəhayət üçüncü prinsip isə Əxlaq prinsipidir. Tövhid tək olan şəriki, bənzəri olmayan höküm verməkdə, yaratmaqda, ibadətdə və s. bütün işlərdə Allahın tayı-bərabəri olmadığını bizə açıq-aydın şəkildə öyrədən bir elmdir. Bütün peyğəmbərlərin və eləcə də Peyğəmbərimiz Muhəmməd Mustafa (s.as) nın göndəriliş səbəbi elə tək olan, şəriki olmayan Allaha ibadət etmək, insanları tək olan Allaha iman gətirməyi və yalnız ona ibadət etməyi təbliğ etmək olub. İnsanların göz muncuğu, at nalı və s. şeylərə ümid edib ona bağlanmaları və onlardan mədət unmaları həm xürafatçılıqdır, həm də Uca Yaradıcımız olan Allah-Təalaya şərik qoşmaq kimi qiymətləndirilir". Ceyhun Şükürov qeyd edib ki, xürafatçılığın bir nümunəsi də elə falçılıq və kahinlikdir:
"Dinimiz bunu qadağan edir. Allah taala buyurur:" Ey iman gətirənlər! Şərab (içki), qumar, bütlər, fal da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız. (əl-Maidə-90). Bütün bunların nəticəsi olaraq görürük ki, insanlarımızın Qurani-Kərimdən xəbərləri yoxdur. Allah Rəsulu(s.a.s) buyurur :"Falçıya gedib onun dediklərini təsdiq edən Məhəmmədə nazil olanı inkar etmiş sayılır." Bu falçılar hamısı fırıldaqçılardır və onlar insanların pullarını mənimsəyirlər. Bu insanlar doğurdan da acınacaqlı bir vəziyyətdədirlər. Onların halı qiyamət günü çox pis olacaq. Bu kimi insanlara müsalman demək olarmı? Ona görə də qiyamət günü rəbbimizin hüzurunda heç bir şey edə bilməyəcəyik. Bütün bu xürafat və mövhümatçıları İslamla əlaqələndirmək düzgün olmaz. Amma bir şeyi deyim ki, peyğəmbərimiz daim təbliğini sonacan aparmış və heç kəsə sən kafirsən, sən müşriksən deyə müraciət etməmişdir. Bu onun təbliğində ən ümdə məsələ idi. Amma biz təbliğimizi düzgün aparmırıq, ya da xürafatçılara düzgün olanı göstərə bilmirik. İnkar edən onsuz da inkarını edəcəkdir. Allah cəhənnəmi məhz inkarçılar üçün hazırlayıb". Ceyhun Şükürovun sözlərinə görə, pirlərə və digər ziyarətgahlara gedib oraya qara parça bağlamaq, o piri tavaf etmək, ondan mədəd ummaq da doğru deyil: "İslamın əsas prinsipi olan tövhid insanı yalnız Allaha bel bağlayıb ona ümid etməyi və yalnız ona ibadət etməyi əmr edir. Ona şərik qoşmağı isə qadağan edir. Pirə və ya ziyarətgaha gedib orada hər hansı bir dinə zidd olan əməli etmək Peyğəmbərimizin və imamların qınadığı bir əməldir. Allah Taala buyurur:" Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın!"( Nisə-36)" Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer oddur. Bildiyimiz kimi İslam dini gözəl əxlaq dinidir. Bəzən isə deyirlər ki, at nalı və göz muncuğu guya nəsə fayda verir. Bu psixoloji bir haldır. Onlar ona o qədər bağlanırlar ki, bəzən onun fikirləşdiyi baş verəndə bu şeylərə inanır ki, onun əsli yoxdur. Və yaxud falçının yüz yalanından biri doğru çıxanda deyirlər ki, gördün dediyi düz çıxdı və.s. Bəs falçının doxsan doqquz yalanı nə oldu, onu niyə demirlər?. Bütün bunlar hamısı bu xürafatçıların inancları olduğu üçün onlara bu cür bağlanırlar ki, bunun da əsası yoxdur".