Memarlar İttifaqının 2016-cı ilin yay plenumu keçirilib Hadisə

Memarlar İttifaqının 2016-cı ilin yay plenumu keçirilib

Mayın 25-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin "Azərbaycanda memarlıq təhsilinin müasir vəziyyəti və vəzifələr" mövzusunda 2016-cı ilin yay plenumu keçirilib. Plenumda çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə memarlıq sənətini və təhsilini daima inkişaf etdirmək, müasir memarlıqda yeniliklərlə yaxından tanış olmaq baxımından tədbirin əhəmiyyətini yüksək dəyərləndirib.
Təhsil nazirliyi aparatının rəhbəri Mətin Eynullayev AzMİU-nun yaranma tarixi, fəaliyyəti, yüksək kadr potensialı barədə məlumat verərək, ali təhsil ocağının respublikamızın quruculuq işlərinə layiqli töhfə verdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biri olan universitetin memarlıq fakültəsinin məzunlarının xidmətləri yüksək dəyərləndirilməlidir. Təsadüfi deyil ki, fakültənin məzunları arasında tanınmış dövlət xadimləri, alimlər və mütəxəssislər, əməkdar memarlar var.
AzMİU-nun rektoru, Azərbaycan Memarlar İttifaqının katibi Gülçöhrə Məmmədova plenumda müzakirə olunan məsələnin aktuallığını nəzərə çatdırıb. Qeyd olunub ki, ölkəmizdə inşaat sahəsinin sürəli inkişafı memarlıq sənətinə diqqəti xeyli artırıb. Bakı və digər şəhərlərin müasirləşməsi, abadlaşdırılmasını təmin edən mütəxəssislər də əsasən memarlıq təhsili verən universitetlərdir. Həmin istedadlı memarların da əksəriyyəti AzMİU-nun yetirmələridir.
Rektor deyib ki, Azərbaycanın bugünkü iqtisadi inkişafı, gələcəyə yönəlmiş möhtəşəm planlar memarlıq təhsilinin də keyfiyyətinin artırılmasını, müasirləşməsini tələb edir. Universitetin memarlıq fakültəsinin qarşısında duran başlıca vəzifələrdən biri də bu sahəni beynəlxalq standartlar səviyyəsində qurmaqdır. Bildirilib ki, Azərbaycanda ali memarlıq təhsili 1920-ci ildə yaranıb və böyük ənənələrə malikdir. Hazırda isə memarlıq fakültəsində 750 tələbə təhsil alır ki, onlardan da çoxu xarici vətəndaşlardır. Bu göstəricinin özü də universitetdə memarlıqla bağlı təhsilin yüksək səviyyəsindən xəbər verir. Gülçöhrə Məmmədova, həmçinin fakültəyə mütəxəssis hazırlığında daha çox praktik memarların cəlb edilməsi, tələbələrə isə təcrübi biliklərin verilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycan Milli Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov memarlıq sənətinin inkişaf etdirilməsinin vacibliyindən danışıb. Bildirib ki, son illər Bakıda bir-birinin ardınca gözəl arxitekturaya malik binalar inşa olunur. Akademik deyib ki, xarici ölkələri və şəhərləri gəzən insanlar ilk növbədə həmin şəhərin arxitekturası ilə tanış olur. Bu baxımdan dövlət özü də memarlıq abidələrinin yaradılmasında maraqlıdır. Naxçıvan Dövlət Universitetinin prorektoru Mübariz Nuriyev Naxçıvan ərazisinin hələ qədimdən memarlıq nümunələri ilə zəngin olduğunu söyləyib. Odur ki, Naxçıvanda memarlıq sahəsinin inkişafı prioritet vəzifələrdən biri kimi qarşıya qoyulub. 2003-cü ildə Naxçıvan Dövlət Universitetində memarlıq kafedrasının yaradılması da bu məqsədə xidmət edir. Tədbirdə həmçinin "memarlıq təhsili" mövzusunda memarların məruzələri dinlənilib.