“Qukasyana qarşı keçirilən əməliyyat buna hesablanıb” Gündəm

“Qukasyana qarşı keçirilən əməliyyat buna hesablanıb”

"Vardan Qukasyanın həbsi Ermənistanın daxili siyasətində hakimiyyətin müxalifətə qarşı mübarizəsinin bir hissəsidir. Qukasyan bir şəhərin meridir, şəhərin merinə qarşı bu qədər kütləvi və böyük şəkildə hücum edilməsi, bu qədər böyük əməliyyatın keçirilməsi təsadüfi deyil”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Asif Nərimanlı söyləyib.

A.Nərimanlı burada bir neçə amilə diqqət yetirmək lazım olduğunu bildirib: “Birincisi, Qukasyan revanşistlərin - Köçəryanın, Sarkisyanın dəstəsində yer alırdı. Yəni müxalif dəstədə idi. Son vaxtlar İrəvanda və bir çox bölgələrdə daha zəif görünən müxalifət Qukasyanın timsalında Gümrüdə güclənməyə başlamışdı. Yəni Gümrü şəhəri Ermənistan müxalifəti üçün bir növ dayaq nöqtəsinə çevrilmişdi. Əgər düşünsək ki, seçkidən öncəki dövrdə ölkədə daxili çaxnaşma yaratmaq imkanı olacaqdısa böyük ehtimal bu, Gümrüdən başlanacaqdı. Gümrü də kifayət qədər böyük şəhərdir və orada mərkəzi hakimiyyətə tabe olmamaq və yaxud da müxalifətin siyasi kampaniyasının bir hissəsinə çevrilməsi, yəni Gümrünün mərkəz kimi seçilməsi bu, Paşinyan hakimiyyəti üçün ciddi təhlükələr yaradacaqdı. Əslində, Qukasyanın verdiyi açıqlamalar, sərgilədiyi mövqe bunu açıq şəkildə ortaya qoyurdu. Xüsusən seçkiyə böyük şəkildə hazırlıq gedirdi və Gümrü müxalifət üçün mərkəzə çevrilmişdi”.

Politoloq vurğulayıb ki, ikinci amil isə Rusiya faktorudur: “Rusiya bilir ki, Gümrüdə 102-ci baza Rusiyanındır və Gümrü şəhəri Rusiya üçün də Ermənistanın daxili siyasətinə müdaxilə üçün əsas mərkəzlərdən biri rolunu oynayır. Görünür, Paşinyanın hakimiyyətində belə bir risklər haqqında da düşünürlər ki, əgər 2026-cı il seçkilərindən öncə Rusiya hakimiyyətə qarşı hər hansı bir siyasi sui-qəsd planı həyata keçirmək istəyəcəksə, bu, Gümrüdən olacaq. Hətta daha öncəki dövrdə belə zaman-zaman Ermənistanın revanşist mediasında Rusiya hərbi bazasının proseslərə müdaxilə imkanları haqqında müzakirələr aparılıb. Yəni Rusiya Paşinyan hakimiyyətini devirmək üçün praktiki müstəvidə addım atmaq istəyəcəksə, bu atılacaq addımlardan biri məhz Gümrüdə 102-ci bazanın aktivləşdirilməsi və Gümrünü mərkəz kimi seçərək hakimiyyətə qarşı mübarizəni oradan aparmaqdır. Belə bir ssenari hər zaman aktual olub”.

O hesab edir ki, Gümrü şəhərinin merinin bu cür neytrallaşdırılması da buna hesablanıb: “2026-cı il Parlament seçkilərindən öncə bu formada sıradan çıxarmaq istiqamətində addım atırlar. Bir məsələni qeyd edim ki, buna misal kimi, daha öncə Gümrüdə 102-ci bazaya qarşı Paşinyanın tərəfdarları etiraz aksiyası keçirdilər və aksiyalara alternativ olaraq məhz Vardan Qukasyanın təşkilatçılığı ilə Rusiyaya dəstək aksiyası keçirildi. Yəni bunun özü belə Gümrüdə ciddi bir ictimai qarşıdurmanın olduğunu deməyə əsas verir. Həm də Gümrünün qarşıdakı seçkilərdə Ermənistan hakimiyyətinə qarşı əsas mübarizə mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir. Hesab edirəm ki, Qukasyana qarşı keçirilən əməliyyat buna hesablanıb”.

Röya İsrafilova