Əflatun Amaşov Gürcüstanda görüşlər keçirib Hadisə

Əflatun Amaşov Gürcüstanda görüşlər keçirib

Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Gürcüstana səfəri çərçivəsində azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili ilə görüşüb.
Əflatun Amaşov Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi özünün bir sıra fəaliyyət istiqamətləri və perspektiv işləri barədə məlumat verib. Deputat bildirib ki, Azərbaycan və Gürcüstan xalqlarının dostluq ənənələrinin qədim tarixə malikdir. Hazırda tarixi bağların strateji müttəfiqlik müstəvisində inkişaf etdiyini diqqətə çatdıran deputat xüsusi vurğulayıb ki, Azərbaycan həmişə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib və Gürcüstanda stabilliyin tərəfdarıdır.
Görüşdə Gürcüstanın soydaşlarımızın kompakt məskunlaşdıqları bölgələrində fəaliyyət göstərən azərbaycandilli məktəblərdəki kadr çatışmazlığı, habelə Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi sahəsində mövcud olan problemlər ətrafında fikir mübadiləsi aparılıb. Ə.Amaşov xatırladıb ki, sovetlər dönəmində Tiflisdə Puşkin adına Pedaqoji İnstitut fəaliyyət göstərirdi və bu ali məktəbdə Azərbaycandilli məktəblər üçün kadrlar hazırlanırdı. İndi bu tədris mexanizmi yoxdur və bu da problemlərə yol açır.
Kvemo Kartli bölgəsinin qubernatoru Xizanaşvili də öz növbəsində Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini vurğulayıb. O, Azərbaycan ilə Gürcüstan arasındakı iqtisadi münasibətlərdə müsbət dinamikanın müşahidə olunduğunu qabardıb. Qubernator çoxşaxəli əməkdaşlığın bir çox problemlərin həllinə dəstək baxımdan vacibliyini əsaslandırıb.
Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə hər iki ölkə parlamentlərinin dostluq qruplarının üzvləri arasındakı təmasların gücləndirilməsinin zəruriliyinə toxunub.
Qeyd edək ki, görüşdə Kvemo Kartli qubernatorunun azərbaycanlı və gürcü müavinləri Ramin İsmayılov və Kaxaber Quqeşaşvili, həmçinin Azərbaycanın Gürcüstandakı Səfirliyinin birinci katibi İlyas Məmmədov iştirak edib.
Onu da deyək ki, Əflatun Amaşov Gürcüstana səfəri çərçivəsində Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşlər keçirib.
Bundan başqa Əflatun Amaşov iyunun 16-17-də Gürcüstanın Kaxetiya bölgəsində Medianın Özünütənzimləmə Qurumları Şəbəkəsinin illik toplantısına, iyunun 20-21-də isə paytaxt Tiflisdə mediada nifrət məsələlərinə həsr olunmuş regional konfransa qatılıb.