Naxçıvanın şəhər kimi formalaşması qədim tarixi köklərlə bağlıdır Hadisə

Naxçıvanın şəhər kimi formalaşması qədim tarixi köklərlə bağlıdır

I yazı

Tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü Vəli Əliyevin 80 yaşı tamam olur. O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1994-cü ildə professor elmi adını alıb, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib. 1959-cu ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayan V.Əliyev 1990-cı ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiridir. Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetində Ümumi tarix kafedrasının müdiri vəzifəsində çalışır. V.Əliyev Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın müəllifidir. Azərbaycanın qədim tarixinin arxeoloji tədqiqi sahəsinə həsr olunmuş "Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti", "Qədim Naxçıvan", "Ağsunun tarixi səhifələri", "Naxçıvan Azərbaycanın tarixi diyarıdır". "Gəmiqaya", "Naxçıvanın Qədim qala şəhərləri", "Qədim Qarabağ" kitabları elmi ictimaiyyətin rəğbətini qazanıb.
V.Əliyev Arxeologiya və Etnoqrafiya İnstitutunun "Naxçıvan Muxtar Respublikasının maddi mədəniyyəti" mövzusunun əsas tədqiqatçısı və Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəridir. O, Naxçıvan arxeoloji ekspedisiyasına rəhbərlik edərək bu ərazidə qədim və orta əsr abidələri üzrə elmi tədqiqat işləri aparıb. O, Azərbaycanın milladan əvvəl II-I minillikləri əhatə edən qədim şəhər mədəniyyəti, ilk tunc dövrü Kür-Araz mədəniyyəti, orta tunc dövrü Boyalı qablar mədəniyyəti, son tunc və ilk dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyəti, Gwney Azərbaycanın tunc dövrü mədəniyyətləri, qayaüstü təsvirlər və erkən piktoqrafik yazı mədəniyyəti, qədim tayfa ittifaqlarının dövlət qurumlarının təkamülü, Azərbaycan xalqının ilkin etnik formalaşması-etnogenezi, və s. mühüm problem məsələlər üzrə geniş planda elmi-tədqiqat işləri aparır. Onun tərəfindən 1960-1980-ci illərdə aparılan gərgin və səmərəli axtarışlar sayəsində Naxçıvan Muxtar Respublikası ərazisində 500-dən artıq yeni tarixi abidə aşkar edilib.
V.Əliyevin Naxçıvan ərazisində eneolit, tunc, ilk dəmir, antik və orta əsrlər dövrü abidələrində apardığı tədqiqatlar nəticəsində əldə etdiyi elmi nailiyyətlər Azərbaycan, eləcə də Qafqaz və Yaxın Şərq ölkələri arxeologiyasının öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Naxçıvan çayı vadisindəki Kültəpə adlı yaşayış yerlərində, Şərurda Ovçular təpəsi, Sədərək, Xələc, Maxta, Daşarx və b. eneolit-tunc dövrü abidələrində apardığı arxeoloji tədqiqatlarda əldə etdiyi faktik materiallara əsaslanaraq Azərbaycanda, bütövlükdə Qafqazda, Ön Asiyada – Anadoluda, Suriyada və Fələstində e.ə. IV-III minilliklərdə geniş yayılmış Kür-Araz mədəniyyətinin qədim Naxçıvanda, Qarabağda və Urmiyada yerli oturaq əkinçi-maldar tayfaların eneolit mədəniyyəti əsasında təkamül tapdığını müəyyən edib. Naxçıvandakı İkinci Kültəpə, Oğlanqala, Şahtaxtı-Govurqala, Qazançı qalası, Gilan-Plovtəpə ilkin şəhər mərkəzlərində, Naxçıvan şəhərinin tunc dövrü nekropolunda, Çalxanqala, Vayxır-Govurqala, Əznəburd və b. qədim qala-şəhərləri abidələrində müdafiə istehkamlarında apardığı arxeoloji tədqiqatlar əsasında Azərbaycanda e.ə. III-II minilliklərdə iri tayfa ittifaqlarına-erkən dövlət qurumlarına məxsus qədim şəhər mərkəzlərinin yarandığını sübut edib. Ordubad rayonu ərazisində Qapıcıq-Gəmiqaya zirvəsinin cənubunda, dəniz səviyyəsindən 3500-3700 m. yüksəklikdə qədim Naxçıvan mədəniyyətinin qayaüstü təsvirlərini – petroqlifləri (e.ə. IV-I minilliklər) aşkara çıxararaq tədqiq edib.
Alimin Naxçıvanın ilkin şəhər mədəniyyəti haqqında tədqiqatlarından məlum olur ki, Naxçıvan şəhərinin adına və tarixinə aid məlumatlara yunan, latın, ərəb, fars, Azərbaycan, türk, rus mənbələrində və orta əsr salnamələrində rast gəlinir: "Məşhur yunan coğrafiyaşünası Klavdi Ptolomeyin (eramızın II əsri) "Coğrafiya" əsərində Naxçıvanın adı Naksuana (Naxuana) kimi qeyd olunub. Naxçıvanda VI əsrdə zərb olunmuş Sasani hökmdarları adına sikkələrin üzərində pəhləvi dilində şəhərin adı "Naxç" şəklində yazılıb. Orta əsr ərəb məxəzlərində şəhərin adı Nəxcuan, Nəşəva (IX-XI əsrlər), Nəşəvi, Naxçıvan (XI-XII əsrlərdən başlayaraq), Nəxcəvan, Nəxçəvan, Nəqcuan (XI-XVII əsrlərdə), fars mənbələrində Nəxcir kimi verilib. Yaqut Həməvi (XVIII əsr) "Mucəm əl-buldan" əsərində yazır: "Nəşəva Azərbaycanda şəhərdir, bəziləri deyirlər ki, Arrandadır..."
XIV əsrdə yaşamış Azərbaycan tarixçisi Məhəmməd ibn Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi təyin əl-məratib" və Iran tarixçisi Həmdullah Qəzvininin "Nüzhət əl-qulub" əsərində şəhər Nəqşi-Cahan adlandırılıb. Həmdullah Qəzvini yazır: "Şəhər gözəldir və ona "nəqşi cahan" deyirlər".
Məşhur türk səyyahı Övliya Çələbi (XVII əsr) "Səyahətnamə" əsərində yazır: "Qələyi Nəxişvan" Nəqşi-cahan həqiqətən dünyanın ən gözəl şəhəridir..."
Türk səyyahı Katib Çələbi (XVII əsr) "Kitabi-Cahannüma" adlı əsərində yazır: "Bu şəhərə... Naxçıvan, Nəqşi-cahan, Nəqçuan dəxi deyirlər..."
V.Əliyev hesab edir ki, "Naxçıvan" sözünün etimoloji cəhətdən təhlili mübahisəli olub, bu adın mənası haqda müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar Naxçıvanın adını qədim Nuh əfsanəsi ilə əlaqələndirirlər: "Şumer mənşəli bu mifologiyaya görə, çox qədim zamanlarda ümumdünya daşqını baş verib, dünyanın üzərini bütövlükdə su basıb. Həmin vaxt Nuh peyğəmbər övladları ilə birlikdə öz gəmisində xilas olaraq, bu yerə gəlib, məskənləşib şəhər salıb və sonralar tədricən insan nəsli buradan dünyaya yayılıb. Odur ki, ümumdünya daşqını zamanı Nuhun quruya çıxdığı bu ilk insan məskəni onun şərəfinə Nuhçıxan adlandırılıb.
Mirzə Camal Cavanşir Qarabağinin məlumatına görə, Azərbaycanın Gəncə, Ordubad, Bərdə, Beyləqan və b. şəhərlərinin də meydana gəlməsi Nuhun və ya onun oğlu Arranın adı ilə əlaqələndirilir. Nuh əfsanəsinin Naxçıvanla bağlanması təsadüfi deyil. Arxeoloji tədqiqatlar sübut edir ki, 4000-5000 il bundan əvvəllər Azərbaycanın əsas qədim mədəniyyət ocaqlarından biri olan Naxçıvan Yaxın Şərqin Mesopotamiyanın qüdrətli Şumer dövlətlərinin mərkəzi şəhərləri ilə sıx iqtisadi-mədəni əlaqələr şəraitində inkişaf tapıb. Odur ki, ümumşərq dünyası üçün səciyyəvi olan bir çox qədim miflər Azərbaycanda, eləcə də Naxçıvanda yayılıb və min illər boyu nəsildən-nəsilə keçərək zəmanəmizədək xalqımızın yaddaşında saxlanıb.
Şəhərin orta əsr məxəzlərindən "Nəşəva" adının ərəb dilində mənası "böyüyən, inkişaf edən" deməkdir.
Şəhərin adının "Nəxcir" sözündən yaranması Sasani şahlarından Bəhramın ləqəbi ilə (Gur) əlaqələndirilir. Guya şəhər Bəhram tərəfindən salınıb. "Nəxcir" ov, ovu sevən, ovlayan, ov edilən yer və qənimət kimi izah edilib. Məhəmməd Hüseyn Təbrizinin (XVII əsr) "Bürhan qate" lüğətində "Nəxcir" Sasani sözü kimi verilmiş "şikar edən", "şikargah" mənalarında işlədilib. Bir qrup tədqiqatçıların ehtimalına görə, "Naxçıvan" sözü ərazidə yaşamış qədim tayfaların adı ilə bağlı etnotoponimdir. Məşhur ilk orta əsr tarixçisi Moisey Xorenli (V əsr) Qafqazda yaşamış qəbilələrdən bəhs edərək, Naxcamasen (naxce) qəbiləsinin də adını çəkib.
Qafqazşünas A.M.Dirrin fikrincə "Naxçuo" sözü iki hissədən ibarət olub, "Nax-xalq" (qəbilə), "çuo-insan" mənasındadır. Buna türk və Dağıstan dillərində də təsadüf edilir. Həmin fikri qafqazşünas K.F.Qan da müdafiə edir. "Van" - məkan, ev, yaşayış yeri mənasında işlədilib. Tarixçi Z.M.Yampolskinin fikrincə, "Van" sözü Midiya dilində olub, qədim Azərbaycan qəbilələrinin yaşadıqları yer, şəhər adlarında təsadüf edilir".
Türkoloq C.İ.Cəfərov "Naxçıvan" sözünün etimologiyasını Oğuz türk tayfaları ilə əlaqələndirir: "O, bu etnotoponimin qədim türk mənşəli olduğunu, eramızdan əvvəlki dövrdə yarandığını və ilkin variantda "Akçıbon" şəklində ifadə olunduğunu söyləyir. C.İ.Cəfərovun şərhinə görə, Naxçıvan (Akçıbon) sözü dörd hissədən (ak-üç-eb-on) ibarət olub, qədim türk, otuzuncu ağ asların (oğuzların) adı ilə bağlanır, "onların vətəni" deməkdir. Onun fikrincə, "Akçıbon" sözü fonetik dəyişmələr nəticəsində "n" səsinin söz önünə artırılması ilə "Naxçıbon" şəklinə düşüb, nəhayət, k-x, b-v əvəzlənməsi nəticəsində "Naxçıvon", daha sonralar isə "Naxçıvan" kimi sabitləşib. Müxtəlif mənbələrin məlumatları göstərir ki, Naxçıvan şəhərinin, eləcə də bütövlükdə diyarın adı çox qədim zamanlardan bu əraziyə sahib olub və minillər boyu yaşamış etnosun adından götürülüb".
V.Əliyevin tədqiqatından aydın olur ki, miladdan əvvəl II-I minilliklərdə Naxçıvan ərazisində Mehri etnoslarının da sakin olması haqda mülahizə söyləmək mümkündür: "Qədim zamanlarda Urmiya və Van göllərin arasındakı ərazidə xurrit-subar, mar etnosları ilə yanaşı Mehri, yaxud Mehran tayfaları da yaşayıblar. Bu etnosların dilləri Hind-Avropa qrupuna, İran dilinə daxil olmayıb, Ön Asiya yerli dilləri ailəsinə aiddir. Elam, kassit dilləri də həmin ailəyə daxil edilir. Herodota görə marlar iran mənşəli deyillər. Mehri tayfaları haqqında e.ə. XIII əsrdən başlayaraq Assuriya mənbələrində məlumat verilir. Mehrlər ölkəsi haqqında Xett çarlarından birinin müqaviləsində də (e.ə. XIII əsr) məlumat verilib. Xett mənbələrində mehranların xatırlanması sübut edir ki, onların yaşadığı əyalət qərbədək uzanırdı. Bu faktı e.ə. X-IX əsrlərə aid assuri mənbələrində Salua "ölkəsi" ilə yanaşı Mehri "ölkəsi"nin də xatırlanması sübut edir. E.ə. VII əsrə aid assuri mənbəyinə görə həmin dövrdə Qərbi Midiya əhalisinin bir hissəsi, görünür Mehran dilində danışıblar.
Sonuncu Assuriya çarı I Tukulti-Ninurtaya aid qədim yazılarda (e.ə. XIII əsrin ortaları) Mehri "ölkəsi" xatırlanır, məlumat verilir ki, hökmranlığın ilk ilində onun "əli" kutiləri, ukumaniləri, "Elxuniya və Mehri ölkələrini fəth edib, tutub işğal edib". Midiyanın əhalisinin (xüsusilə qərbi) m.ə. 1000-ci ildə etnik tərkibi kifayət qədər aydındır. E.ə. III minillikdən I minilliyin əvvəllərinədək burada əhalinin tərkibi dəyişməz qalıb. Bu əhali bütün Urmiya gölü rayonundan Diyalı çayının yuxarı axarınadək Kuti-Lullubeylər olublar. Lullubeylər nisbətən qərb zonasında, kutilər isə nisbətən şərq rayonlarında yaşayıblar. Təxminən həmin ərazidə üçüncü etnik qrup mehranların yaşadığı ehtimal olunur. Onlar "mehran" dilində danışırdılar. Naxçıvanla yanaşı (c.ş-də), Arazın sol sahilində yerləşən Mehri regionu sübut edir ki, Azərbaycanın qədim etnoslarından biri olan Mehranlar Urmiyadan Naxçıvana qədər olan ərazilərdə də yaşayıblar. Deməli, Araz sahilindəki Mehri bölgəsi, tarixən Naxçıvan ərazisinə məxsus olub".

Uğur