Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri Hadisə

Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri

13-cü yazı

İsmayıl Mirzə Təkəlilərdən xalasıoğlu Şərəfəddinin oğlu Müseyib xana Qələmrov-i Əlişəkərdə Rey ulkasını vermişdi. Sultan Məhəmməd Xudabəndənin hakimiyyətinin ilk illərində Əcəm İraqı mahallarının çoxuna hakim saray əmirlərindən təyin edilmişdi. Sultan Məhəmməd Xudabəndə 1578-ci ildə Həmədan əyalətinə hakim Təkəli əmirlərindən Vəli xanı göndərir. Həmədan əskidən Təkəlilərin doğma yurdu olub, onlar dövlətin hərbi-siyasi quruluşunda həmişə çox böyük rola malik olmuşdu. Elin Ərəşli obasının ulkaları əsasən bu vilayətdə idi. Ancaq Qələmrov-i Ələşgər əyalətində Təkəli əmirləri ilə yanaşı, digər Türk-Qızılbaş əmirlərinə də ulkalar bəxş edilirdi. Şah Sultan Məhəmməd tacqoyma mərasimindən sonra Rey ulkasını xalası oğlu Müseyib xan Təkəliyə, Xar və Simnanı Şahqulu sultan Beyt oğlu Zülqədərə, Sovucbulaq və Cuşqanı möhürdar Şahruh xan Zülqədərə, Qum ulkasını Heydər sultan Çabuq Türkmana, Savəni Əbülməsun sultan Tərxan Türkmana vermiş, Kaşana hakim dövrün qüdrətli əmirlərindən olan Əmir xan Türkmanın qohumu Məhəmməd xan Mosullu göndərilmişdi. Bu zaman Türkman oymağının bir çox bölükləri Əcəm İraqında Qum, Kaşan və Savə bölgələrində məskun idi. 1586-cı ildə Həmədan Vəli xan Təkəlidən alınıb, Pir Qeyb xan Ustaclıya verilsə də, ancaq çox keçmir ki, Həmədan Şahverdi xəlifə Şamlının adına yazılır. Buna baxmayaraq Pir Qeyb xan Həmədanı tərk etmir. Şahın buyruğu ilə İsmayılqulu xan Şamlı hərbi dəstə ilə Həmədana daxil olmuş və Pir Qeyb xan Həmədanı tərk etməyə məcbur olmuşdu. Bu zaman Əliqulu sultan Zülqədər Qum hakimi idi. I Şah Abbas 1587-ci ildə Şamlı əmirlərindən Qorxmaz xanı Həmədana hakim təyin edib, vilayətin mahallarına da Qızılbaşlardan hakimlər göndərilməsi barədə buyruqlar verir. Bu zaman Qumun idarəsi Türkmanlardan Süleyman xəlifəyə tapşırılır. 1590-cı ildə isə Qum hakimi Şamlılardan Hüseyn xan idi. Elə həmin ildə (1590) Əfşar elinin Ərəşli obasından Təhmasibqulu xana Həmədan valiliyi verilib, ona Nihavəndin Osmanlılardan geri alması tapşırılır. Ancaq o, bu işi bacarmadığına görə 1591-ci ildə ölüm cəzasına məhkum edilir. İsgəndər bəy Münşi yazır ki, 1591-ci ildə şahzadə Məhəmməd Bağır Mirzə Həmədan hakimi və Bağdada qədər bütün Qələmrov Əlişəkər vilayətinə əmir əl-üməra təyin edilib, buradakı Bayat eli də ona tapşırılır. Bayat elindən Uğurlu sultan onun vəkili statusu ilə Həmədana göndərilir.
İsgəndər bəy Münşinin yazdığına görə 1597-ci ildə Qələmrov vilayətinə tabe olan Reydə Qacarlardan Hüseyn xan hakim olmuşdu. Ancaq I Şah Abbasın hakimiyyətinin son illərində Şamlı elinin Bəydili obasından olan Zeynal xan həm Bəydili əmiri, həm də Rey hakimi idi. Türkman eli olan Şamlı farsdilli əbədiyyatlarda Ətrak-i Şam, Türkman-i Şam adı ilə anılır. Şamlılar Azərbaycan, Xorasan və Reydə məskun idilər. "Zeyl-i tarix-i alamara-yi Abbasi"də h.1048-ci ildə yüzbaşı Sərxan bəy Əcirlinin əmisi oğlu söbət yasovulu Əlixan bəyin Şamlı elinin Əcirli obasının hakimi olduğu qeyd edilib, ancaq bu obanın adı çəkilən hansı inzibati vahiddə sakin olduqları göstərilməyib. İsgəndər bəy Münşiin yazdığına görə Qarauluslu adlı türk eli də Qələmrov Əlişəkər vilayəti və Luristanda məskun olub, əsasən heyvandarlıqla məşğul olurdular.
I Şah Abbasın hakimiyyətinin on yeddinci ilində Ustaclılardan Həsən xan Həmədan hakimi olmuşdu. Bu zaman Qızılbaş ordusu Bağdada yürüş etdikdə o, 12000 nəfərdən ibarət qoşunla onlarla birləşmişdi. İsgəndər bəy Münşi 1616-cı ildə Qara Həsən xan Ustaclının Qələmrov-i Əlişəkər bəylərbəyi olduğunu yazır. 1632-ci ildə Həsən xan edam edilmiş və onun yerinə Ustaclı Əbülqasım xanın oğlu Pir Qeyb xan təyin edilmişdi. "Abbasnamə"də Hind elçisi Cannesar xanın vətəninə qayıtmasından bəhs edilərkən Həmədan əyalətində Mehrab xan Qacarın oğlu Murtuzaqulu xan Qacarın bəylərbəyi olduğu qeyd edilmişdi.
1655-ci ildə isə qulam əsilzadələrindən Qulucan bəy Həmədana bəylərbəyi göndərilir. Bu zaman Həmədanın Simnan mahalında Cəmşid xanın, Rey mahalında isə eşikağasıbaşı Mehdiqulu xan Şamlının hakim olduğunu görürük. Ondan sonra Reyə hakim Mehdiqulu xan Şamlı təyin edilir və o, h.1074-cü ildə (m.1664) vəfat edir. Yerinə vəzifəyə oğlu Uğurlu xan göndərilir. H.1068 (m.1657-1658)-ci ildə Səfəvi sarayına gələn Hind şahzadəsi Sultan Bəlağanın qarşılanması Nəcəfqulu bəy Şamlıya tapşırılmışdı. Mənbədə türk Şamlı elinin Biçərli obasından Murtuzaqulu xan Biçərlinin də Tehran hakimi olduğu qeyd edilmişdi.
II Şah İsmayıl Kirman hakimi Əliqulu bəy Əfşarı tutduğu vəzifədən azad edib, onu qorçubaşı təyin etmiş, Kirmana isə Mahmud sultan Əfşar hakim göndərmişdi. Sultan Məhəmməd Xudabəndə hakimiyyətə keçdikdə bura Əfşarlardan Vəli xan hakim təyin edilmişdi. Abbas Mirzə hakimiyyətə keçdikdə Vəli xan Əfşar Kirman hakimi idi. I Şah Abbas 1588-ci ildə Astrabad hakimi Bədr xan Əfşarın oğlu Bektaş xanı Kirmana hakim təyin edir. O, Fars hakimi Zülqədər Yaqub xan tərəfindən hakimiyyətdən uzaqlaşdırılır. Yaqub xan Kirman hakimliyini Şahla razılaşmadan əski qorçubaşı Yusif xan Zülqədərə verdi. Ancaq I Şah Abbas 1591-ci ildə Farsa qoşun göndərdi. Yaqub xan İstəhr qalasına sığındı. Şah möhürdar Esləməs xan Zülqədərə İstəhrin tutulmasını tapşırdı, Qaramanlı Fərhad xan isə Kirmanı ələ keçirməli idi. Fərhad xanın alayı Kirmana yaxınlaşdıqda Yusif xan müqavimət göstərməyib təslim olur. Kirmana yenə Vəli xan Əfşar hakim təyin edilir. Ancaq elə həmin il I Şah Abbas Kirmanın idarəsini Bektaş xanın əmisi Abbas sultan Əfşara tapşırdı. Abbas sultan buradakı Əfşar ellərinə də əmir təyin edilir. Ancaq onu tezliklə Bektaş xan aradan götürdü.
Şah Abbasın hakimiyyətinin altıncı ilində Kirman hakimliyinə tir-kaman qorçusu Həsən xan Ustaclının namizədliyi irəli sürülmüş və Kirman hakimliyi ona verilmişdi. Əfşarlardan xeyli əhali Kirman bölgəsində məskun olub, I Şah Abbasın hakimyyətinin 6-cı ilində özbəklərlə müharibəyə gec gəldiklərinə görə cəzalandırılsalar da, sonrakı döyüşlərdəki qəhrəmaqlıqları nəzərə alınmış və nəticədə Şah onları əfv etmiş və Kirmandakı ulkaları özlərinə qaytarılmışdı.
XVII əsrin əvvəllərində Kirman hakimi Zülqədərdən Rüstəm xan idi. O, 1603-cü ildə Osmanlılarla savaşda əsir götürülmüşdü. 1626-cı ildə Təhmasibqulu xan Tərxan Türkman saray əmirlərindən olub, ona xan rütbəsi verilmiş və Kirmana hakim təyin olunmuşdu. O, 1627-ci ildə vəfat edir. Əmir xan Söklən Zülqədər həm möhurdar, həm də Kirmana hakim təyin edilir. I Şah Səfinin hakimiyyətinin əvvəllərində də Zülqədər elinin Söklən obasından olan Əmir xan Kirmanda hakim idi. "Abbasnamə"də h. 1058 (m.1648)-ci ildə Kirman əyalətində qorçubaşı Murtuzaqulu xanın, h.1068 (m.1657)-ci ildə isə Abbasqulu xanın hakim olduqları barədə məlumat verilir.
"Təzkirət əl-müluk"da Səfəvi dövlətinin qərb vilayətindən olan Kürdüstanın Xorxor,Cavanrud və Urman mahallarından ibarət olduğu göstərilir. Luristan Feyli (Feyli-Lur tayfalarının adıdır) Kirmanşah və Həmədanın cənubunda olub, Bəxtiyarı və Bane mahalları ona tabe idi. "Xolde-bərin"də II Şah İsmayılın Türk-Qızılbaş Təkəli elindən Solaq Hüseynə xanlıq titulu verilməsi və onun Luristan vilayətinə hakim təyin edilməsi qeyd olunmuşdu. Fars-Kuhgiluyə bəylərbəyilinə tabe olan ulka və mahallar Bəhreyn, Zeydabad, Duruğ, Sərvistan, Bəndər Abbas, Dəştistandan ibarət olub, Kuhgiluyə isə əslində Fars, Xuzistan, Bəxtiyari arasındakı ərazidir. Bu ərazi Səfəvilər dövründə Fars vilayəti tərkibinə daxil edilmiş və elə buna görə də, XVI-XVII yüzilliyin qaynaqlarında Fars vilayəti, bəzən Kuhgiluyə adı ilə verilir. 1602-ci ildən Bəhreyn də Kuhgiluyə xanına tabe edilmişdi.
Səfəvilər dövründə Fars vilayətinin əhalisinin müəyyən hissəsini müxtəlif dövrlərdə burada məskunlaşmış türk elləri təşkil edirdilər. Hələ Səlcuqlular dövründə Türkmən Əfşar tayfasından xeyli əhali köçüb Kuhgiluyədə məskunlaşmışdı. 1617-ci ildə İspaniya elçisi Don Qarsiya de Silva Larla Şiraz arasında dəfələrlə Türkman obaları ilə qarşılaşdığını qeyd edib. Səfir Lar mahalında onları qarşılayan əsilzadələrdən Gülxanım adlı hündür boylu, donqar burunlu, iti və sərt baxışlı Türkman xanımı haqqında məlumat verir. O, Larda bir neçə kəndin ömürlük sahibi və həm də hakimi idi. Məlum olduğu kimi Zülqədərlərin yurdu əskidən bəri Fars bölgəsi olub, onların bir çoxunun ulkası isə Əcəm İraqında idi. I Şah İsmayıl Farsı fəth etdikdən sonra bir qayda olaraq Şiraz valiliyi Zülqədər əmirlərinə verilir və onların burada hakimiyyəti bu tayfanın əmirlərinin xüsusi imtiyazı olaraq irsi mahiyyə kəsb edirdi. I Şah İsmayıl 1503-cü ildə Farsdakı uğurlu qələbələrindən sonra Şiraz vilayətini İlyas bəy Zülqədərə verib, Quma qayıtmış və bu zaman Xar, Simnan, Dəmavənd və Firuzkuh valisi Hüseyn Kiya Çəlavi Şahın Quma dönməsindən istifadə edib İlyas bəy Zülqədərə qarşı çıxmışdı. Onlarla savaşda məğlub olan İlyas bəy Zülqədər Vəramin qalasına sığınır. Ancaq qala Hüseyn Kiya Çəlavi tərəfindən mühasirəyə alındıqda, Reyə doğru hərəkət edir və Kəbud Məscid yaxınlığında savaşda öldürülür. Bu xəbəri eşidən Şah geri qayıdıb, Hüseyn Kiya tərəfindən tutulmuş Gülxəndan və Firuzkuh qalalarını geri alır. Hüseyn Kiya Çəlavi Osta adlı qalada yerləşib onun müdafiəsini möhkəmləndirsə də, Şah bu qalanı da aldı və Hüseyn Kiya Çəlavi ölüm cəzasına məhkum edildi. 1505-ci ildə İlyas bəy Zülqədərdən sonra Şiraza hakim təyin edilmiş Süleyman bəy Zülqədər isə günahlarına görə tutduğu vəzifədən azad edilmiş və vilayətin idarəsi Əfşar elindən Mənsur bəyə tapşırılmışdı. Bu zaman Hüseyn bəy lələ də Yəzdə hakim təyin edilir. Zülqədər elinin bir çox obaları Şiraz vilayətində məskun olduğuna görə, Əfşar əsilzadəsinin burada hakimiyyəti uzun sürməmişdi. Əbdi bəy Şirazi yazır ki, Zülqədər qoşununun başçılığı elin Sarı Şeyxli obasından Ümmət Zülqədərə tapşırıldı və ona Sultan Xəlil adı verib, Şiraza hakim təyin etdilər.
Sözsüz ki, burada Zülqədər elinin Fars vilayətində məskun olan obalarından yığılan qoşun nəzərdə tutulur və Ümmət Sarı Şeyxlinin qoşun başçısı, həm də Şiraza hakim təyin edilməsi onun vilayətdəki Zülqədər elinə əmir olmasından da xəbər verir. Şiraz hakimi Xəlil sultan Zülqədər Xorasanın özbək hücumlarından qorunmasında çox böyük qəhrəmanlıqlar göstərmişdi. 1513-cü ildə özbək ordusunun Xorasana yeni hərbi yürüşü zamanı Şahın göstərişi ilə Xəlil sultan Zülqədər öz qoşunu ilə dərhal Məşhəd istiqamətində hərəkət etmiş və onun kifayət qədər hərbi qüvvəyə malik oldğunu eşidən Übeyd xan Buxaraya, Teymur xan isə Səmərqəndə qayıtmağa məcbur olmuşdu. Lakin o, 1514-cü ildə Çaldıran savaşına girməmiş və Şahın icazəsi olmadan Şiraza dönmüşdü. Elə buna görə də, savaşdan sonra Şah Xəlil sultanı cəzalandırmaq üçün qorçubaşı Kor Süleymanı Şiraza göndərmişdi. Kor Süleyman Şahın tapşırığını yerinə yetirib Xəlil sultanı öldürmüşdü.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor