Türkologiya elminin nailiyyətləri və problemləri müzakirə edilib Hadisə

Türkologiya elminin nailiyyətləri və problemləri müzakirə edilib

Dekabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Türkologiya" jurnalının növbəti seminarı keçirilib. Seminarda Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru Elbrus Əzizov, Dilçilik İnstitutunun əməkdaşları, Bakı Avrasiya Universitetinin türk və xarici ölkə filologiyası kafedrasının müdiri Elmira Məmmədova, AMEA Tarix İnstitutunun əməkdaşı Zaur Həsənov, "Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimov və "SABAH" qruplarının üzvləri olan tələbələr iştirak edib.
Tədbirdə görkəmli türkiyəli alim, professor Əhməd Bican Ercilasunun "Başlanğıcdan iyirminci əsrə - Türk dil tarixi" kitabı müzakirə edilib. Əvvəlcə "Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimov iştirakçılara seminar barədə məlumat verib. Bildirib ki, seminarın keçirilməsində əsas məqsəd görkəmli türkoloqların iştirakı ilə türkologiya elminin nailiyyətlərini və problemlərini müzakirə etmək, gənc türkoloqları bu elmin canlı əfsanələri ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək göstərməkdir.
Sonra çıxış edən AMEA-nın müxbir üzvü M.Nağısoylu "Türkologiya" jurnalının tarixi və bugünkü vəziyyəti ilə bağlı məlumat verərək bildirib ki, jurnal AMEA Rəyasət Heyətinin müvafiq qərarından sonra öz tərkibini daha da genişləndirib, onun beynəlxalq məsləhətçiləri sırasına dünyanın müxtəlif ölkələrindən, elm sahələrindən olan mütəxəssislər daxil edilib. M.Nağısoylu vurğulayıb ki, akademik Kamal Abdulla jurnalın baş redaktoru təyin olunandan sonra onun həm rubrikalarında, həm də burada çap olunan məqalələrdə ciddi dəyişikliklər olub. Seminarın mövzusunun dəyərli bir əsərin müzakirəsinə həsr olunduğunu söyləyən alim bu tədbirin tükologiya elminin inkişafına öz töfhəsini verəcəyini bildirib.
Daha sonra professor Elbrus Əzizovun "Başlanğıcdan iyirminci əsrə - Türk dil tarixi" kitabı haqqında məruzəsi dinlənilib. Alim nəşrin "Giriş" fəslində "Türk dillərinin dünya dilləri arasındakı yeri", "Altay dilləri nəzəriyyəsi", "Böyük dil ailələri nəzəriyyəsi", "Nostratik nəzəriyyəsi", "Avrasyatik nəzəriyyəsi" bölmələri haqda danışaraq, bu gün də türkologiya elmi üçün maraqlı olan bir çox məqamlara aydınlıq gətirib. Məruzəçi kitabın sonrakı fəsilləri haqqında da seminar iştirakçılarına ətraflı məlumat verib.