DGK vəsaitin büdcədən yayınmasının qarşısını alıb Hadisə

DGK vəsaitin büdcədən yayınmasının qarşısını alıb

Bakı Baş Gömrük İdarəsi tərəfindən ixracatçı ölkələrin gömrük orqanlarına göndərilən sorğular nəticəsində həmin ölkələrdən idxal edilən malların invoys qiymətlərinin azaldılması halları müəyyən edilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində bu ilin aprel ayının ilk 10 günü ərzində təqdim olunan invoyslarla orijinal invoyslar arasında əmələ gələn fərq 1 mln. 438 min 404 dollar (2 mln. 488 min 440 manat) təşkil edib və aparılan hesablamalarla dövlət büdcəsinə əlavə olaraq 895 min manatdan artıq gömrük vergi və rüsumlarının köçürülməsi təmin edilib.
"Respublikamızda qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər, mütərəqqi islahatlar bu sahədə dinamik inkişaf üçün əsaslı stimul yaradıb. Son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində əldə edilən nailiyyətlər, ölkəmizin ixrac potensialının artması, görülən işlərin nəticəsi kimi qiymətləndirilməlidir. Gömrük orqanları da daim ölkəmizin davamlı iqtisadi inkişafını təmin etmək məqsədilə həyata keçirilən siyasətə öz töhfəsini verməyə çalışır. "Bir pəncərə", "Elektron bəyannamə", "Yaşıl dəhliz" və bu kimi digər yeniliklər, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, şəffaflığın artırılması, ticarətin sürətli, asan və maneəsiz şəkildə həyata keçirilməsi üçün atılan mühüm addımlardır. Lakin ölkə iqtisadiyyatının inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, münbit investisiya mühitinin yaradılması, daxili bazarın qorunması, yerli istehsalın inkişaf etdirilməsi istiqamətində görülən tədbirlərə etinasız yanaşan bəzi xarici iqtisadi fəaliyyət iştirakçıları dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmır, qanunvericiliyin tələblərinə əməl etməyərək idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışırlar. Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bir daha bildirir ki, gələcəkdə də müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq", - deyə məlumatda bildirilib.