Türkmənçay – 1828: Tarixi xronika Hadisə

Türkmənçay – 1828: Tarixi xronika

A.Bakıxanov "Gülüstani-İrəm" əsərini 1813-cü ilə qədər davam etdirib, şahidi olduğu hadisələri qələmə almayıb

4-cü yazı

Bakıxanov Abbasqulu Ağa - 1794-cü ildə anadan olub. 1820-ci ildə Yermolov tərəfindən tərcüməçi kimi xidmətə cəlb edilib. Bu zamandan etibarən Qafqaz siyasətinin başlıca məsələlərinin, xüsusilə Rusiya-İran münasibətlərinə dair danışıqlar və sənədlər hazırlanmasında iştirak edib. Qaraziədin, Dehğarğan və Türkmənçay danışıqlarında tərcüməçi olub. Deməli, onun bu hadisələrdən kifayət qədər məlumatı olmuşdu. Təəssüflə bildirmək lazımdır ki, məşhur "Gülüstani-İrəm" əsərini 1813-cü ilə qədər davam etdirib, bilavasitə şahidi olduğu hadisələri qələmə almayıb. Beləliklə, Azərbaycan tarixi əvəzsiz şəhadətdən məhrum olub. Bəzən Bakıxanovun statusu nəzərə alınmadan onun guya hadisələrə təsir imkanı şişirdilir və ona qarşı haqsız tələblər irəli sürülür. Bu, real vəziyyəti əks etdirmədiyindən düzgün hesab edilə bilməz. 1847-ci ildə Vətəndən uzaqlarda 53 yaşında vəfat edib.
1824-cü ildə yeni danışıqlar başladı. Abbas Mirzə Təbriz bəylərbəyi Fətəli xanı Tiflisə, Yermolovun yanına göndərdi. Yermolov güzəştə getməyəcəyini bildirdi. Elçinin geri dönməkdən başqa əlacı qalmadı.
Fətəli xan danışıqları davam etdirmək məqsədilə 1825-ci ilin əvvəllərində ikinci dəfə Tiflisə döndü. Qərargah rəisi Velyaminovla martın 28-də müqavilə imzalandı. Lakin vəliəhd bu müqaviləni ratifikasiya etməkdən imtina etdi. Vəziyyəti belə görən Rusiyanın işlər vəkili Mazaroviç Sultaniyyəyə, şahın yanına getdi. Abbas Mirzə də onu təqib etməli oldu.
Şah işdən hali olub, Tiflisə nümayəndə göndərməyi qərara aldı. Mazaroviç də onunla birgə Tiflisə getməli idi. Onlar iyulun əvvəllərində Təbrizə gəldilər. Mazaroviç Abbas Mirzənin nümayəndəsini gözləmədən yola düşdü. O, bu vaxtlar Yekaterinoqradda olan Yermolovla görüşdü və yaranmış vəziyyət barədə məlumat verdi. Bundan sonra Yermolov Abbas Mirzənin noyabrda Tiflisə gələn nümayəndəsilə görüşməkdən imtina etdi. Rusiya və İran nümayəndələri arasındakı uğursuz danışıqlar sərhəddə hərbi gərginlik və konfliktlərlə müşahidə olunurdu. Müharibə təhlükəsi yaxınlaşırdı...
Belə bir şəraitdə Rusiyada vəziyyət dəyişdi. Çar I Aleksandr noyabrın 19-da Taqanroqda qəflətən öldü. Qardaşı Konstantin çar olmaqdan imtina etdi, çarsızlıq dövrü başlandı. Yeni çar I Nikolaya andiçmə mərasimi dekabrın 14-nə təyin olundu... Həmin gün isə rejimin dayağı hesab olunan hərbçi zadəganlar üsyan qaldırdılar.
Nikolay Pavloviç; I Nikolay (1796-1855) - I Aleksandrın ölümündən sonra hakimiyyətə Konstantin Pavloviç gəlməli idi. Lakin o, hakimiyyətdən imtina etdi. Belə bir şəraitdə çarlıq Nikolaya keçdi (1825-1855). 1826-1828-ci illər rus-İran və 1828-1829-cu illər rus-türk müharibələri onun dövründə baş verdi. Türkmənçay müqaviləsinin mətnini Peretburqa gətirən Qriboyedov çarla görüşmüşdü. I Nikolay 1853-1856-cı illər Krım müharibəsində Rusiyanın məğlubiyyətinin əsas günahkarlarından hesab olunur. Belə bir fikir var ki, ruhi və mənəvi sarsıntıya dözə bilməyib intihar edib.
1825-ci il 14 dekabr. Peterburq.
Markiz de-Küstin: - ... Burada mənim hekayət etmək istədiyimi, görüşlərimizdən birində mənə şəxsən imperator məlumat vermişdi. Markiz de-Küstin - 1790-cı il martın 18-də anadan olmuşdur. Babası və atası Robespyer (1758-1794) gilyotininin qurbanlarından idi.
Küstin 1830-cu illərdə siyasətçi və yazıçı kimi məşhurlaşmışdı. Rusiyaya da səyahət etmiş, "Rusiya 1839-cu ildə" kitabını yazmış, Rusiya gerçəkliyi haqqında obyektiv fikrə gəlmişdi. "Nikolayın taxta çıxdığı gün qvardiya qiyama qalxır. İmperator və imperatriçə orduda üsyan haqqında ilk xəbərdəcə təkcə saray kilsəsinə yola düşür və orada, mehrabın pilləsində diz çökərək, əgər qiyamçılar üzərində təntənəyə nail ola bilməyəcəklərsə, taxt-tacda öləcəklərinə allah qarşısında and içirlər. İmperator mitropolitin əsgərləri sakitləşdirmək cəhdlərinin əbəs olduğunu artıq bildiyinə görə təhlükəni ciddi hesab edirdi: Rusiyada mənəvi hakimiyyətin sakitləşdirmək gücündə olmadığı həyəcan ciddi hesab olunur. İmperator özünü xaçlı bayraqla örtərək zühurü və sifətinin sakit, enerjili ifadəsilə qiyamçıları tabe edəcəyini nəzərə alaraq ora yollandı. О özü bu səhnəni mənə söyləyib, lakin təəssüf ki, mən söhbətimizin gözlənilməz şəkil almasına görə həyəcanlandığımdan hekayətin əvvəlini unutmuşam. Mən onu о andan bərpa edəcəyəm ki, yaddaşımda aydın saxlanılıb.
- Hökmdar, siz gücünüzü etibarlı qaynaqdan alırdınız.
- Mən nə edəcəyimi və deyəcəyimi bilmirdim; mən yalnız ali təlqinə əməl edirdim.
- Belə təlqinə malik olmaq üçün ona layiq olmaq lazımdır.
- Mən fövqəltəbii heç nə etmədim. Mən əsgərlərə yalnız bunu dedim: "Öz sıralarınıza qayıdın!" və polku dolanaraq qışqırdım "Diz çökün!" Hamı tabe oldu. Məni bir neçə an bunadək ölüm haqqında fikirlə barışmağım güclü etdi. Mən müvəffəqiyyətə şad oldum, lakin onunla fəxr etmirəm, ona görə ki, onda mənim xidmətim yoxdur".
İmperatorun bu müasir faciəni hekayət etmək üçün istifadə etdiyi nəcib ifadə belə idi. [Маркиз де Кюстин. Николаевская Россия.М.: Терра, 1990, с. 99,].
Üsyan yatırıldı. Üsyançılardan 600 nəfər istintaqa cəlb olundu. Dekabristlər üzərində amansız divan başlandı. Çar istintaq komissiyasının işində fəal iştirak edir, bəzən dindirmələri özü aparır, yeni-yeni suallar qoyurdu. Dekabristlərdən beş nəfər - Pestel, Rıleyev, Muravyov-Apostol, Bestujev-Ryumin və Kaxovski 1826-cı il iyulun 13-də Petropavlovsk qalasında edam olundu, 121 nəfər Sibirə katorqoya, sıraviliyə endirilənlər Qafqaza sürgünə göndərildi.
İstintaqın ilk dövrlərindən üsyan izlərinin Əlahiddə Qafqaz korpusuna gedib-getməməsi də araşdırılmağa başladı. Qriboyedov dekabristlərin işi üzrə 1826-cı il yanvarın 22-də Qroznıda həbs olunaraq Peterburqa aparıldı, günahı sübuta yetmədiyindən iyulun 2-də azad edildi...

***
I Nikolay hakimiyyətə gəldikdən sonra istər daxili, istərsə də beynəlxalq vəziyyətinin mürəkkəbliyini əsas götürərək İranla sülhü qorumağa, vaxt qazanmağa çalışırdı. O, bu barədə 1826-cı ilin yanvarında Yermolova yazırdı. Ona inanmadığından elə həmin dövrdə knyaz Menşikovun başçılığı ilə İrana elçilik göndərməyi qərara aldı.
Menşikov Aleksandr Sergeyeviç - 1787-ci ildə anadan olub. I Nikolayın yaxın adamlarından olub. İran elçiliyinə rəhbərlik etmiş, bu zaman diplomatik uğursuzluğa düçar olmuş, rus-İran müharibəsinin başlanmasını sürətləndirmişdi. Müharibənin başlanmasına görə o, düşmən dövlətin elçisinə çevrilmiş, çox çətinliklərdən sonra sağ-salamat geri dönə bilmişdi. 1853-1856-cı illər Krım müharibəsində baş komandan kimi də fərasətsizliyini göstərmişdi. 1869-cu ildə 82 yaşında ölüb.

1826-cı il yanvar-iyul. A.S.Menşikovun elçiliyi:
Tiflis.
Təbriz-Sultaniyyə

Elçiliyin rəsmi vəzifəsi yeni çarın taxta çıxması haqqında qonşu dövlətə məlumat vermək, I Nikolayın məktubunu şaha çatdırmaq, son vaxtlar gərginləşən sərhəd məsələsinə dair müqavilə bağlamaq idi. Bununla birgə Qafqazda gizli cəmiyyət olub-olmaması da müəyyənləşdirilməli idi. Menşikov Tiflisdə axırıncı məsələ haqqında tapşırıqları yerinə yetirmək üçün tədbirlər gördü və Təbrizə yola düşdü. Abbas Mirzə ilə Təbriz danışıqları heç bir nəticə vermədi. Rus elçisi şahla görüşə getdi.
Şah bu zaman Tehrandan Sultaniyyəyə köçmüşdü. Menşikovun elçiliyi iyulun 1-də Yermolovun missiyasından fərqli olaraq təntənə ilə deyil, adi diplomatik etiketlə qəbul olundu...
F.Bartolomey:- Şah müharibə ərəfəsində rus missiyasını şan-şövkətlə qəbul etmək istəmirdi, lakin diplomatik etiket normalarına əməl etməyə hazırlaşırdı ki, ruslara öz planını açmasın və Nikolayın ona göndərdiyi büllur çarpayı və digər hədiyyələrdən məhrum olmasın.
Bartolomey F. - A.S.Menşikovun elçiliyinin üzvü olub.
Menşikov audensiya zamanı şahın, çarın fəxri fərmanını öz əli ilə alması barədə razılığa gəldi. Lakin qəbul zamanı Menşikov fəxri fərmanı şaha vermək istəyən vaxt şah əllərini yanına salaraq dayandı və fəxri fərmanı almadı. Knyaz əlindəki məktubu uzatdı və demək olar ki, şahın saqqalına toxunaraq məktubu onun dizi üstünə qoymaq istəyirdi ki, nazirlərdən biri yaxınlaşdı və şahın göbəyi səviyyəsində fərmanı qapıb aldı. [Бартоломей Ф.Ф. Посольство князя Меншикова в Персию в 1826 г. // Русская старина, апрель-май, 1904]
Dekabristlər üsyanı haqqında xəbər dünyanın müxtəlif yerləri kimi tezliklə İrana da çatdı. Bu xəbəri dekabristlər üsyanı zamanı Peterburqda olmuş ingilis diplomatı Şilan çatdırmışdı...
Şah hökuməti bu hadisələrin hansı dəyişikliklər yaradacağını, onun İrana münasibətinin necə dəyişməsini izləməli oldu. Lakin I Nikolayın hakimiyyətə gəlməsi İrana dair siyasətdə yenilik yaratmadı. Menşikovun elçiliyi bu gümanı doğrultdu. Rusiya ilə müharibə gündəliyə çıxdı. I Nikolayın elçisinin Sultaniyyədə ilk qəbulundan sonra gizli müşavirə keçirildi.

1826-cı ü iyul. Gizli müşavirə. Sultaniyyə

Burada şah, vəliəhd Abbas Mirzə, baş nazir Allahyar xan və başqa dövlət adamları ilə birgə ingilis diplomatı Uillok da iştirak edirdi. Gizli müşavirədə Rusiya ilə müharibə məsələsi müzakirə olundu...
Menşikovun missiyası ilə gizli şuranın eyni vaxta düşməsi təsadüfi deyildi. Elçilik ələ keçirilən torpaqların azad edilməsi və ya torpaq güzəşt edilməsi haqqında Rusiyanın vədlərinin həqiqətdən uzaq olduğunu, diplomatik addımların vaxt qazanmağa xidmətini bir daha sübut etdi.
Menşikovun şah tərəfindən ikinci qəbulu rus diplomatiyasının İranda yeni məğlubiyyəti oldu. Elçi sərhəd məsələsinin müzakirəsində geniş səlahiyyətləri olmadığından gileyləndikdə, Rusiya xarici siyasət idarəsinin ona belə səlahiyyət verildiyini təsdiq edən məktubu onun nəzərinə çatdırıldı, ikibaşlı oyun ifşa olundu. Şah bütün bunlardan sonra Menşikovla danışıqları davam etdirməyi lazım bilmədi. Bütün xarici elçilərin qəbulu zamanı olduğu kimi Menşikov Şiri-Xurşid ordeni ilə təltif olunmadan Sultaniyyəni tərk etdi. Menşikov yolda ikən rus-İran müharibəsi başladı...
Fətəli şahın Təbriz müctəhidi Mirzə Əhmədə müraciətindən: - İranın bütün ilahiyyatçıları birləşmiş qüvvələrilə öz ciddi cəhdlərini sərf edir, hazırda səfərdə olan qalib şah qoşunları isə tez bir zamanda özü ilə Rusiya ölkəsini bəzəyəcəkdir [AKAK, m. VII, док. №631].

Kərim Şükürov
Tarix üzrə elmlər doktoru, professor