Türkmənçay – 1828: tarixi xronika Hadisə

Türkmənçay – 1828: tarixi xronika

6-cı yazı

"Mən Dibiçə söylədiyim həmin səbəbləri Əlahəzrət qarşısında təkrarladım və ona əlavə etdim ki, mən Yermolovun tabeçiliyində olacağam, buna görə heç bir sərəncam verə və icrasına cavab verə bilməyəcəm, onda hökmdar danışmağa başladı: "Doğurdanmı mən bu qədər bədbəxtəm ki, o zaman ki, tac qoyuram heç vaxt olmadığı kimi iranlılar mənim vilayətlərimi tutur? Doğurdanmı Rusiyanın onun ləyaqətini qoruya bilən adamları yoxdur? Qardaşım Aleksandr Pavloviç səni sevirdi və sənin haqqında danışırdı, onun kölgəsi bizim aramızdadır; onun adına səndən xahiş edirəm, Rusiyanın xatirinə gedəsən, sən görürsən mənim yanımda 40-dək general var, mənə birinin adını çək ki, belə vacib tapşırığı etibar edim, kiməsə tam arxalana bilim. Sən Yermolovla olan çətinliklərdən danışırsan: Mən ona fərman göndərirəm ki, səninlə məsləhətləşmədən heç nə etməsin, hərbi və mülki işlərə dair heç bir sərəncam verməsin, sənə isə mənimlə birgə fəaliyyətin haqqında, fərmanlarıma düşünülmüş müqavimət göstərildiyi halda onun əvəz edilməsi haqqında xüsusi fərman verirəm".
Əlahəzrət bu fərmanı dərhal öz əlilə yazdı və mənə verdi, belə ki, Dibiç də onun haqqında bilmədi. Hökmdarın belə belə izahına qarşı çıxa bilmədim və təklifi qəbul etdim. Belə görünür ki, Dibiç Yermolova etimadsızlıq göstərilməsindən şad olmuşdu və bu halda onun şübhəsiz ki, səfeh hərəkətlərindən daha da çox danışırdı. Mənimlə Moskvada hətta adyutant belə yox idi. Əvvəllər, 2-si qrenader (seçmə əsgər – K.Ş.) diviziyasına komandanlıq etdiyim zaman tanıdığım, o vaxt Əlahəzrət imperatorun Baş qərargahında olan həmin diviziyanın baş adyutantı polkovnik Vikinskini növbətçi qərargah zabitliyinə iznini aldım və bilatəxir Tiflisə yola düşdüm, mənim ardımca da Vikinski gəldi, bu mənim yeganə adamım idi.
Yermolova köməkliyə təyin olunmağım haqqında fərman mənimlə eyni vaxtda ona göndərildi və o, Tiflisə gəlməyimdən bir gün qabaq onu aldı. Mən fərmanların alınması ilə eyni vaxtda gələ bilərdim, lakin dağlardan keçərkən qar qalaqlarına görə ləngidim".
Peterburqdan Tiflisə çatmaq üçün Peterburq-Moskva (27 stansiya, 698 verst) – Voronej (21 stansiya, 498verst) – Stavropol (35 stansiya, 861 verst) – Yekaterinodar (11 stansiya, 250 verst) – Tiflis (13 stansiya, 362 verst), cəmi 107 stansiya, 2670 verst yol qət etmək lazım idi. Bu yolun keçdiyi ərazilərdə vəziyyət necə idi? Yalnız bunu söyləmək kifayətdir ki, bu yolun beşdə birindən bir az çoxunda gördükləri əsasında "Petrburqdan Moskvaya səyahət" (1790) adlı əsər yazan A.N.Radişşev (1749-1802) elə təqib və represiyalara məruz qalmışdı ki, 1802-ci ildə intihar etməli olmuşdu. Bəs qalan yerlərdə, xüsusilə yeni işğal olunmuş ölkələrdə nə baş verirdi? Bunu təsəvvür etmək o qədər çətin olmasın gərək.
1826-cı il sentyabr. Tiflis. Paskeviç: "Tiflisə gələn kimi mən o saat general Yermolovun yanına gəldim. O dedi ki, təyinatımdan və gəlməyimdən olduqca məmnundur. Sonrası gün polis məmuru yanıma gələrək söyləyir ki, general Yermolov o gün heç kimi qəbul etmir, üçüncü gün elə həmin məmur mənə elan etdi ki, baş komandan bu saatda qəbul edir. Müəyyən olunmuş saatda onun yanına gəlirəm. Məni böyük otağa – onun kabinetinə dəvət etdilər. Ortaya söykəncəyə oxşayan böyük stol qoyulmuşdu. Bir tərəfdə epoletsiz qazak (kazak) xətt şapkasında, sürtukda general Yermolov, onun qarşısında general və adət üzrə danışıqlar və mühakimələr üçün onun yanına yığışan digər şəxslər oturmuşdu. Mən onun yanında ikinci şəxs gəlirəm. O deyir: "A, salam, İvan Fyodoroviç", lakin heç kim mənə yer vermir və hətta mənim üçün stul da yoxdur. Bunun məni alçaltmaq fikri ilə edildiyini güman edərək mən kənardan stul götürdüm, onu özüm gətirdim, Yermolovun qənşərinə qoydum və oturdum. Gələnlərə baxıram: biri qılıncsız sürtukda, digəri epoletsiz, nəhayət, bir gənc vegerkadadır; bütün yeni gələnləri eynən məni kimi salamlayıram: "A, salam, İvan Kuzmiç, necəsiniz? Salam, Pyotr İvanoviç" və i.a. və hamı sonra oturur, belə ki, praporşik generala yer vermir. General Velyaminov, Zaqafqaziyadakı qoşunların komandanı gəlir və heç kim ona yer vermir. O, utandığından özü stul gətirdi və mənim yanımda oturdu. Mən ondan soruşuram: "Bu İvan Kuzmiç kimdir? – Bu poruçik filankəsdir. – Bəs bu vengerkada olan? - Praporşik filankəsdir". Bu mənim üçün çox qəribə göründü.
1826-cı il avqust-sentyabr. D.Davıdov: "...(1826-cı il) avqustun 28-də səhər tezdən piyadaları tərk edərək, 30 kazakın mühafizəsilə yortma yerişlə irəlilədim".
Denis Vasilyeviç Davıdov – 1784-cü ildə anadan olub. 1812-cfi il Vətən müharibəsinin qəhrəmanlarından idi. Şair kimi də şöhrətlənmişdi. ...(Məscid redutunda) başqa tanışlarım arasında məndən daha əvvəl Moskvadean çıxan Qriboyedovu tapdım...
...Biz avqustun 29-da sübh tezdən Vladiqafqaza gəldik... Tiflisdən gələn polkovnikdən öyrəndim ki, qoşunlar onların təyin olunduğu birləşmə məntəqələrinə tələsir, Abbas Mirzə güclü ordu ilə (o zaman 100 minədək güman edilirdi) Yelizavetpolda, onun avanqardı isə Şamaxıdadır. Şuşa mühasirəyə alınıb, lakin polkovnik Reut öz polku ilə orada möhkəm dayanıb, İrəvan sərdarı Pəmbək və Şuragel əyalətlərini tutub, hücumlarını Tiflisdən 50 verstlikdə olan Kovşadək (?) genişləndirilib, Abbas Mirzəyə qarşı kinyaz Mədətov üç minlik, sərdara qarşı polkovnik knyaz Sevirzimidzev Tiflis piyada polku ilə Lori yaxınlığındakı Cəlaloğlu kəndikdəki Kamennaya çayı ətrafında durub; Tiflisdə sakitlikdir və hər şeydə Yermolova arxalanaraq düşməndən zərrə qədər çəkinmirlər, Yermolov isə farsların qorxaqlığını bilərək hamıdan daha sakitdir və qoşunun toplanması ilə məşğuldur ki, hər şeyi bir dəfəyə qurtarsın və ləğv etsin... Sentyabrın 3-də Tiflisə yola düşdük. Mən poçt arabasında. Riboyedov atla..."
1826-cı il sentyabr ayının 3-də Şəmkir döyüşündə ruslar qalib gəldi. Bu döyüşdə Yermolov və Paskeviç arasındakı ziddiyyətdən istifadə edən erməni general Mədətov daha çox canfəşanlıq etmişdi. Mədətov Valerian Qriqoreviç (1782-1829) əslən erməni, Əlahiddə Qafqaz korpusunun general-leytenantı idi. Azərbaycanlılara qarşı düşmən mövqeyi ilə daha çox fərqlənirdi.
Sentyabrın 4-də Yelizavetpolu (Gəncə 1804-cü ildə işğaldan sonra belə adlandırılmışdı) tutdular, ayın 9-da rus korpusunun qüvvələri onlarla birləşdi. Abbas Mirzə vəziyyəti belə görərək Şuşanın mühasirəsindən əl çəkdi və Yelizavetpola irəlilədi. Yelizavetpol altında yeni döyüş baş verəcəyi aydın oldu. Paskeviç də sentyabrın 10-da qoşunla Yelizavetpola gəldi.
1826-cı il 13 sentyabr. Gəncə. Sentyabrın 13-də N.Gəncəvinin məqbərəsi yaxınlığındakı çöldə döyüş oldu. Məğlub olan İran qoşunları Araza doğru çəkildi. Bu döyüşdən sonra İran hərbi nüfuzunu itirdi, müharibənin taleyi belə həll olundu.
Yelizavetpol qələbəsi üsyanların yatırılmasına şərait yaratdı.

***

Rus-İran müharibəsi ilə birgə Qafqazdakı rus komandanlığı ilə Yermolov arasındakı "müharibə" aşkar şəkil almışdı. Paskeviç bir-birinin ardınca Peterburqa şikayət dolu raportlar göndərirdi. Nəhayət, çar Baş qərargah rəisi Dibiçi real vəziyyəti aydınlaşdırmaq, daha doğrusu, Yermolovu vəzifəsindən kənarlaşdırmaq məqsədilə Qafqaza göndərir.
1826-cı il 9 dekabr. Tiflis. A.S.Qriboyedov – S.N.Begiçevə: "Mənim əziz dostum! Mənim burada güzəranım pisdir. Müharibəyə düşmədim: ona görə ki, Aleksey Petroviç də ora düşmədi. İndi isə başqa cür müharibədir. İki böyük general didişir, tabeçilikdə olanların "lələyi" uçur". Begiçev Stepan Nikitiç 1790-1852-ci illərdə yaşayıb. Qriboyedovun yaxın dostu idi.
"Aleksey Petroviçlə əvvəlçi dostluğumuz sərinləşmiş kimidir. Denis Vasilyeviç bunu bilir: mən ümumiyyətlə, bunu hiss etdirmək istəmirəm, sən də özünü saxla. Amma bizim qoca keçmiş əsrin adamıdır. Ona təbiətdən verilmiş bütün üstünlüyə baxmayaraq, rəqib elə bir onun gözünə batır, bu ehtirasa meyllilikdən uzaqlaşa bilmir və bacarmır. Həmvətənlərin gözündə özünü əlverişli tərəfdən göstərmək imkanını əldən verdi, buna layiq olmayan düşmənə çox hörmət etdi. Ümumiyyətlə, farslarla müharibə ən bədbəxt, ləng və zəhlətökəndir. Gözləyirik və baxırıq..."
1827-ci il fevral. Tiflis. İranın müharibədəki məğlubiyyətləri sülh haqqında ilk danışıqlara səbəb oldu. Şah danışıqlar üçün elçisini İstanbul və Varşavadan keçməklə Peterburqa göndərdi. O, diplomatik dairələrdə görüşlər keçirərkən digər elçi Mirzə Məhəmməd Əli 1827-ci ilin fevralında Tiflisə gəldi. Elçi barışıq imzalamalı, Yermolov və İranın xarici işlər nazirinin görüşünü razılaşdırmalı idi. Danışıqlar Tiflisdə aparıldı. Yermolov və Dibiç elçidən böyük ərazi güzəştləri və təzminat tələb etdilər. Elçi mart ayında geri qayıtdı. 1827-ci ilin mart ayında Yermolov-Paskeviç "müharibəsi" başa çatdı. Dibiç martın 6-da Yermolova töhmət elan etdi.
1827-ci il 6 mart. Tiflis. Dibiç – Yermolova: "İmperator həzrətləri Sizin münasibətlərdən Əlahəzrətə çatan şaiyələrin əsaslı olmasını nəzərə alaraq zati-alinizə yerli xalqları itaətdə saxlamaq üçün Sizin özbaşına seçdiyiniz və Sizə elan edilmiş şahanə idarəsinin əksinə gedən tədbirlərin farsların bizim hüdudlarımızın ilk hücumundaca onların qəfləti həyəcanlarının açıq-aşkar göstərdiyi kimi məqsədinə qətiyyən çatmadığını elan etməyi buyurub; şahanə hakimiyyətdən belə sui-istifadəyə görə mənə Əlahəzrət adından zati-alinizə ciddi töhmət elan etmək hökm olunub".
Yermolov martın 12-də vəzifəsindən uzaqlaşdırıldı. Dibiç bu barədə rəsmi sənədi martın 28-də aldı və onu həmin gün yerinə yetirdi. İngiltərə "Gülüstan" müqaviləsinin bağlanmasında, Seperat aktın həyata keçirilməsində vasitəçilik etməyə nail olmuşdu. Bu müharibədə də vasitəçilik məsələsi yenidən ortaya çıxdı. İngiltərə bu missiyası ilə Rusiyanın yeni torpaqlar ələ keçirməsinə, Yaxın Şərqə mövqeyinin möhkənləndirilməsinə imkan vermək istəmirdi. İran İngiltərənin vasitəçiliyinə razı idi və ona nail olmaq üçün Londona xüsusi elçi göndərmişdi. Rusiya isə buna yol vermək istəmirdi. İngiltərənin xarici işlər naziri Kanninq Rusiyanın mövqeyinə təsir göstərmək üçün Londondakı rus səfiri Liven ilə 1826-cı ilin sonunda görüş keçirdi. Rusiyanın fikrinin qətiliyi aydın oldu. 1827-ci ilin yanvarındakı görüşdə də irəliləyiş olmadı. Üçüncü görüş daha gərgin oldu və bilavasitə tərəflərin mövqeyinin aydınlaşdırılmasından irəli getmədi.
Liven Rusiya hökumətinin mövqeyinin bu məsələdə dəyişməz olduğunu bildirmək üçün hökuməti adından etimad notası təqdim etdi. İngiltərə rəsmi şəkildə rus-İran danışıqlarında vasitəçiliyə nail ola bilməsə də diplomatik yollarla fəaliyyətini davam etdirirdi. İlk sülh danışıqları ilə birgə hərbi əməliyyatlar davam etdirilirdi. O, iki istiqamətdə gedirdi. Rus qoşunlarının Qarabağ dəstəsi Xudafərin körpüsünü ələ keçirmək uğrunda döyüşürdü. Korpusun avanqardı Ağzıböyük keçidi vasitəsilə İrəvana gedirdi.

Kərim Şükürov
professor