“Xalq Cəbhəsi” qəzeti namizədlərini müəyyənləşdirdi Hadisə

“Xalq Cəbhəsi” qəzeti namizədlərini müəyyənləşdirdi

Komissiyaya qəzetin 6 əməkdaşının sənədləri təqdim olunacaq

Bu gün "Xalq Cəbhəsi" qəzetinin redaksiyasında Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 22 iyul 2013-cü il tarixli Sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasındakı mənzillərin bölgüsündə iştirak edəcək namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirilib. İclasda müşahidəçi kimi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonudunun Müşahidə Şurasının və mənzillərin bölgüsü ilə bağlı yaradılmış komissiyanın üzvü Müşfiq Ələsgərli iştirak edib.
İclası giriş sözü ilə açan "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qəzetin yaranma tarixi, fəaliyyəti və Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı elan olunmuş qaydalara və şərtlərə uyğun gələn əməkdaşlar haqqında məlumat verib. Qeyd olunub ki, "Xalq Cəbhəsi" qəzetində komissiyanın elan etdiyi qayda və şərtlərə uyğun gələn 7 əməkdaş var. Onlardan biri – Cavid Şahverdiyev öz istəyi ilə paralel olaraq çalışdığı Baymedia İnformasiya Agentliyi MMC-nin təmsilçisi kimi bölgüdə iştirak etmək üçün sənədlərini təqdim edəcək.
İclasa protokola uyğun olaraq sədrlik edən Elçin Mirzəbəyli mənzillərin verilməsi ilə bağlı elan olunmuş qaydalara və şərtlərə uyğun gələn əməkdaşların adlarını elan edib. İclasda iştirak edən bütün əməkdaşların bu barədə fikirləri öyrənilib.
Daha sonra mənzillə təmin olunmaları üçün sənədləri müvafiq komissiyaya təqdim olunacaq "Xalq Cəbhəsi" qəzeti əməkdaşlarının namizədlikləri səsə qoyulub. Səsvermənin nəticələrinə əsasən, Arzu Şirinova, İlqar Məmmədxanov, Mahir Zeynalov, Habil Hüseynov, Əli İbrahimov və Elçin İmaməliyevin mənzil bölgüsündə içtirak etmələri üçün sənədlərinin bu məqsədlə yaradılmış komissiyaya təqdim olunması ilə bağlı qərar qəbul edilib.
İclasdan sonra çıxış edən komissiya üzvü Müşfiq Ələsgərli "Xalq Cəbhəsi" qəzetinin əməkdaşlarının uzun illərdir mətbuatda olduğunu deyib və jurnalistlərə mənzillərin verilməsi ilə bağlı qəbul olunmuş qaydalar və şərtlərlə bağlı fikirlərini bölüşüb. Müşfiq Ələsgərli Azərbaycan Prezidentinin hər zaman medianın yanında olduğunu, jurnalist əməyinə yüksək qiymət verdiyini vurğulayıb və bildirib ki, KİV nümayəndələrinin mənzillərlə təmin olunması dünya praktikasında rast gəlinməyən bir hadisədir.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Azərbaycanda mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm və ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib və qeyd edib ki, Azərbaycan Prezidentinin mətbuata verdiyi dəstək hər kəs üçün nümunə olmalıdır.
Elçin Mirzəbəyli "Xalq Cəbhəsi" qəzeti adından milli mətbuata göstərdiyi qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü bildirib və dövlət başçısının sərəncamına uyğun olaraq inşa edilmiş mənzillərin ədalətli şəkildə bölünəcəyinə əminliyini ifadə edib.