KİV: ABŞ İsrailə onlarla yanacaqdolduran hərbi təyyarə göndərir Dünya

KİV: ABŞ İsrailə onlarla yanacaqdolduran hərbi təyyarə göndərir

ABŞ İrana qarşı hərbi əməliyyatların genişlənməsi ehtimalı fonunda İsrailə əlavə onlarla yanacaqdolduran hərbi təyyarə göndərir.

Bu barədə "Axios" portalı amerikalı və israilli rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı zərbələrin əhəmiyyətli dərəcədə genişləndirilməsi variantını nəzərdən keçirir. Bildirilir ki, Pentaqon bununla bağlı bir sıra planları prezidentə təqdim edib.

Nəşrin iddiasına əsasən, mümkün ssenarilər arasında İranın elektrik stansiyaları kimi mühüm infrastruktur obyektlərinin bombalanması, eləcə də nüvə obyektlərinə yeni zərbələrin endirilməsi yer alır. Trampın hələlik yekun qərar vermədiyi, lakin yaxın günlərdə eskalasiyaya gedə biləcəyi qeyd olunur.

"Axios" yazır ki, hazırda Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanında təxminən 30, Ramon hava limanında isə buna yaxın sayda ABŞ-a məxsus yanacaqdaşıyan təyyarə yerləşdirilib.

İsrail rəsmilərinin sözlərinə görə, Vaşinqton yaxın günlərdə daha bir neçə onlarla belə təyyarəni İsrailə göndərməyi planlaşdırır. Məqsəd onların ümumi sayını müharibənin əvvəlindəki səviyyəyə çatdırmaqdır.