Kukla Teatrı ən çox gəlir gətirən tamaşasını açıqladı Mədəniyyət

Kukla Teatrı ən çox gəlir gətirən tamaşasını açıqladı

Dövlət Kukla Teatrında 94-cü teatr mövsümünün yekunlarına həsr olunan iclas keçirilib.

Bu barədə teatrdan məlumat verilib.

İclasdan çıxış edən teatrın direktoru Rəşad Əhmədzadə bildirib ki, bu mövsüm yaradıcılıq, inkişaf, beynəlxalq əməkdaşlıq və sosial fəaliyyət baxımından olduqca məhsuldar bir il kimi yadda qalıb.

Direktor qeyd edib ki, cari mövsümdə repertuar yeddi yeni səhnə əsəri ilə zənginləşib və onların hər biri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Mövsüm ərzində Anar Məmmədovun quruluşunda "İnnab ağacı" tamaşası səhnəyə qoyulub. Görkəmli kukla ustası, sevilən aktyor Rəhman Rəhmanovun səhnə fəaliyyətinin yubileyinə həsr olunmuş "Aybolit" benefis tamaşası da teatrsevərlərin böyük marağına səbəb olub.

Direktor diqqətə çatdırıb ki, Səidə Haqverdiyevanın quruluş verdiyi "Qaraca qız" tamaşası mövsümün uğurlu premyeralarından biri kimi yadda qalıb və repertuarın sevilən nümunələrindən birinə çevrilib.

Onun sözlərinə görə, ənənəyə uyğun olaraq ilin sonunda Anar Məmmədovun quruluşunda "Qış nağılı" tamaşası təqdim olunub. Azərbaycan xalq nağılı əsasında hazırlanan "Şəngülüm, Məngülüm" tamaşası mövsümün maraqlı səhnə işlərindən biri olub. Rejissor Müşfiq Əliyevin quruluş verdiyi "Quyruqsuz dovşan" tamaşası isə mövsümün ən uğurlu premyeraları sırasında xüsusi yer tutub.

Rəşad Əhmədzadə vurğulayıb ki, teatrın rus bölməsi də mövsüm ərzində fəal yaradıcılıq fəaliyyəti ilə seçilib. Əhəd Hacıyevin quruluşunda hazırlanan "Aldanmış canavar" tamaşası rusdilli tamaşaçıların ixtiyarına verilib.

Maliyyə göstəricilərinə toxunan Rəşad Əhmədzadə bildirib ki, repertuar siyasətinin uğuru kassadakı nəticələrdə də öz əksini tapıb. Onun sözlərinə görə, mövsüm ərzində ən yüksək gəlir əldə edən tamaşa "Dovşanın ad günü" olub və 10 min manatdan artıq gəlir gətirib. Sonrakı yerlərdə 8 min manatdan çox gəlirlə "Üç donuz balası", "Qaraca qız" və "Düyməcik", 7 min manatdan artıq gəlirlə isə "Ağca və yeddi cırtdan" və "Qızıl balıq" tamaşaları qərarlaşıb.

Onun sözlərinə görə, yalnız son altı ay ərzində teatr 333 tamaşa nümayiş etdirərək 26 mindən çox tamaşaçıya xidmət göstərib.

Çıxışın ardından 94-cü teatr mövsümünün yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə fərqlənən əməkdaşların təltifetmə mərasimi keçirilib.

Mövsüm ərzində məhsuldar fəaliyyətinə (ən çox tamaşa oynayan) görə seçilən dram artistləri Aygül Ağayeva və Araz Həsənli, səmərəli fəaliyyətinə görə Səbinə Məmmədova, uğurlu debütünə görə isə dram artisti Bayram Fətəliyev təltif olunublar.

Bununla yanaşı, 19 dekabr 2025-ci il tarixində premyerası nümayiş etdirilən və qısa müddətdə teatrın repertuarında ən yüksək gəlir göstəricilərindən birinə nail olan "Qaraca qız" tamaşası "Mövsümün premyerası" nominasiyasına layiq görülüb.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial