17:06
665
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizi layihəsinin həyata keçirilməsində yaxın vaxtlarda irəliləyiş əldə olunacağına əmin olduğunu bildirib.
O, bu barədə azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında danışıb.
"Üçtərəfli layihəmiz – Şimal–Cənub Nəqliyyat Dəhlizi üzrə vəziyyət nikbinlik yaradır. Bu yaxınlarda iranlı həmkarlarımız bildirdilər ki, Rəşt–Astara dəmir yolu hissəsində torpaq sahələrinin ayrılması prosesi başa çatdırılıb. Məhz bu məsələ indiyədək müvafiq işlərə başlamağa imkan vermirdi. Bundan bir qədər əvvəl isə bu ay ərzində Rusiya, Azərbaycan və İran dəmir yollarının rəhbərləri görüşərək, artıq torpaq məsələsi həll olunduqdan sonra praktiki işlərin başlanması ilə bağlı məsələləri müzakirə ediblər. Düşünürəm ki, yaxın vaxtlarda irəliləyişin şahidi olacağıq. Layihəyə hər üç tərəfin – Rusiyanın, Azərbaycanın və İranın marağı var”, – Lavrov vurğulayıb.