“Tərəflər danışıqlarda səmimi deyillər” Dünya

“Tərəflər danışıqlarda səmimi deyillər”

“İranla ABŞ arasında qısamüddətli atəşkəslə bağlı razılaşmadan sonra yenidən qarşılıqlı hücumlar davam edir. ABŞ uzun müddət İranın siyasi, hərbi rəhbərliyinin vurulmasından və İranın limanlarını, Hörmüz boğazını, Farz körfəzini blokadada saxladıqdan sonra yenidən danışıqlar prosesinə getdi, amma bu proses yenə də nəticə vermədi. Hazırda yenə qarşılıqlı ittihamlar var”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov deyib.

X.Bəşirov qeyd edib ki, bu qarşılıqlı ittihamlar, təhdid dolu mesajlar göstərdi ki, tərəflər danışıqlarda o qədər də səmimi deyillər və danışıqlar prosesi heç də o qədər uğurlu getmir: “İndiki mərhələdə İranın daxilindəki obyektlər vurulur. Düşünürəm ki, ABŞ-nin əsas istəyi öncə İranın gücünü tükətmək, eyni zamanda, xalqı etiraza qaldırmaqdan ibarətdir. Ancaq bu, nə dərəcədə effektiv olacaq? Nəzərə alaq ki, İran da yerində dayanmır. ABŞ İranın körfəz boyu ərazilərində hava hücumundan müdafiə sistemləri, radar sistemləri, raketləri, dron məntəqələrini vurur ki, körfəzdən keçən gəmilərə təhdidləri aradan qaldırsın. Amma İran da ABŞ-nin bazalarına zərbələr endirir”.

Onun sözlərinə görə, Suriyada xüsusi əməliyyatlar keçirən komandanlığın mərkəzi vuruldu: “Həmçinin digər ərazilər hədəfə alınır. Düşünürəm ki, bu qarşılıqlı hücumlar yenə də bir gün danışıqlara gətirib çıxaracaq, lakin ümumilikdə bu, çox mürəkkəb prosesdir və bu prosesin nəticəsi necə olacaq bunu zaman göstərəcək”.

Röya İsrafilova