MEK-də ərəb və fars dilli ədəbiyyatların təqdimatı keçirilib Hadisə

MEK-də ərəb və fars dilli ədəbiyyatların təqdimatı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Şərq fondunda saxlanılan ərəb və fars dilli ədəbiyyatların təqdimatı keçirilib. MEK-in direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova bu cür tədbirlərin rəhbərlik etdiyi qurumda artıq ənənə halına çevrildiyini bildirib. Şərq ədəbiyyatı fondunda türkcə, farsca və ərəbcə yazılmış bir çox qaynaqların yer aldığını deyən L.İmanova Akademiyanın 15 təsisçisinin büstlərindən ibarət qalereyanın tanıtım lövhələrinin Misir və Əfqanıstanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə ərəb-fars dillərinə tərcümə edildiyini diqqətə çatdırıb.
Sonra MEK-in Fondların mühafizəsi bölməsinin Şərq ədəbiyyatı fondunun əməkdaşı Əbdülrəhim Mürsəlov ərəb dilli ədəbiyyatlar haqqında təqdimatla çıxış edib. O, dünya şöhrətli orta əsr tarixçi, filosof və şairlərin ərəb dilində 8900 nüsxə əsərlərinin fondda mühafizə olunduğunu bildirib.
Tədbirdə, həmçinin fondun əməkdaşı Şəhanə Şahbazova fars dilində mühafizə olunan ədəbiyyatlar barədə məlumat verib. O, fondda fars dilində 9073 nüsxə kitab və 1753 nüsxə jurnalın saxlanıldığını, Sədi Şirazinin "Gülüstan", Edvard Braunun "Namehai əz Təbriz" kimi tərcümə əsərlərinin, Səfəvilər dövlətinə dair tarixi faktlar, siyasi məktublar, rəsmi fərmanların yer aldığı bir çox qiymətli ədəbiyyatın mühafizə olunduğunu qeyd edib.
Şərq ədəbiyyatı fondunun rəhbəri Aidə Hüseynova MEK-in 1963-cü ildən Şərq ölkələri ilə beynəlxalq kitab mübadiləsinə başladığını bildirib. O, Misirdən 780, İrandan 615, Türkiyədən 515, Səudiyyə Ərəbistanından 492, Küveytdən isə 333 nüsxə qiymətli ədəbiyyatın alındığını söyləyib. Daha sonra MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova fondda mühafizə olunan 3500-ə yaxın nüsxənin elektron kataloqa daxil edildiyini deyib.
Tədbirdə Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi, Əfqanıstan Səfirliyinin birinci katibi Əhməd Husaini Marvi, İran Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsı, BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor İmamverdi Həmidov və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.