16:48
707
2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir. İslahatlar nəticəsində 2018-ci il ilə müqayisədə 2024-cü ildə əmək haqqı fondu qeyri-neft özəl sektor üzrə 2,7 dəfə artıb.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Nazir müavini bildirib ki, 2026-cı ildə güzəşt dövrü başa çatır və gəlir vergisi 2500 manatadək gəlirlər üzrə 14 faiz, 2500 manatdan artıq gəlirlər üzrə isə 25 faiz tətbiq olunacaq: “Yəni, 2019-cu ildən əvvəlki illərdə olduğu kimi vergi dərəcələri yenidən bərpa olunur, ancaq burada yenə də güzəştli yanaşmadan söhbət gedir. Belə ki, 2500 manatadək gəliri olan şəxslər üzrə gəlir vergisi 3 faiz olacaq və qanunvericiliyə uyğun olaraq qüvvəyə minməli olan 14 faiz yerinə 80 faiz azalma nəzərdə tutulur. 2027-ci ildə bu rəqəm 5 faizə çatmaqla, 65 faiz azalma, 2028-ci ildən isə 7 faizə çatmaqla 50 azalma ilə müşahidə ediləcək. Nəticədə bu vergi yanaşması region ölkələri arasında ən aşağı göstərici olmaqla praktikada nadir rast gəlinən haldır. Bu addım sahibkarlara və işçilərə yeni vergi qaydalarına rahat uyğunlaşmağa kömək edəcək. Yəni nə bizneslərə qəfil yük düşəcək, nə də iş yerləri riskə düşəcək”.
Azər Bayramov qeyd edib ki, verginin mərhələli tətbiqi iqtisadiyyatda qiymətlərin və maaşların sabit qalmasına da dəstək verəcək: “Nəticədə həm işçilər, həm də sahibkarlar üçün daha təhlükəsiz keçid təmin ediləcək. Yeni qaydalar üzrə muzdlu işdən əldə olunan gəlirlərə münasibətdə ümumi yük 33-37 faiz olacaq ki, bu da region ölkələrindəki ümumi yük ilə ya eyni, ya da bir qədər aşağı səviyyədədir. Əlavə olaraq qeyd edək ki, hökumət mərhələli keçid tətbiq etməsəydi, sahibkarların işçilərə görə ödədiyi yük 55 faizə qədər qalxa bilərdi”.