FHN-in Mülki Müdafiə Qoşunlarının hərbi hissəsində Silahlı Qüvvələr günü qeyd edilib Hadisə

FHN-in Mülki Müdafiə Qoşunlarının hərbi hissəsində Silahlı Qüvvələr günü qeyd edilib

26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı N saylı hərbi hissəsində tədbir keçirilib.
FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışında ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. O, Mülkü Müdafiə Qoşunlarının Azərbaycanın ordu sistemindəki rolundan bəhs edib.
Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Onun sözlərinə görə, regionun ən güclü və yüksək hərbi hazırlıqlı ordusu olan Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirməyə və işğal altındakı torpaqları azad etməyə qadirdir. Buna baxmayaraq, Azərbaycan xalqı Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. F. Heydərov ordu quruculuğu sahəsində görülən işləri, eləcə də FHN-in Mülki Müdafiə Qoşunlarının fəaliyyətini yüksək qiymətləndirib, əsgər və zabitlərə ən səmimi arzularını çatdırıb.
Mərasimdə iştirak edən FHN-in Mülki Müdafiə Qoşunları komandanının müavini-qərargah rəisi, polkovnik Etibar İsmayılov hərbçiləri və əsgərləri 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə təbrik edib.
Sonda FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən əsgərlərə bayram münasibətilə xatirə hədiyyələri təqdim olunub.