“Ana bayramın mübarək” sözünün həsrətini yaşayan Gültəkin ana Hadisə

“Ana bayramın mübarək” sözünün həsrətini yaşayan Gültəkin ana

Arzu Şirinova

İki gün bundan əvvəl üçrəngli, ay-ulduzlu bayrağımızı tikən Gültəkin ana dünyasını dəyişdi. Uca yaradan torpaqlarımızı erməni qəsbkarlarından azad etməyi, ərazi bütövlüyümüzün tam bərqərar olunmasını bizə nəsib eləsin. Bax o gün Gültəkin ana və onun kimi vətənpərvərlər insanların ruhu şad olacaq. Onunla 2001-ci ildə həmsöhbət olmuşdum və yazdıqlarımı bəyənmişdi. Həmin yazını təkrarən təqdim edirəm.
Hər cümə axşamı Fəxri Xiyabanda çoxlarımızın ziyarətgahına çevrilmiş eks-prezident, AXCP-nin lideri Əbülfəz Elçibəyin məzarı başında yaşlı bir qadının yanıqlı səslə oxşaması eşidilir. Beli bir qədər bükülmüş, qara kəlağayının altından bəyaz saçları görünən bu qadın Gültəkin anadır. Bu həmin Gültəkin anadır ki, Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağını tikmişdi və həmin bayraq Meydan Hərakatında Azadlıq meydanını daha da canlandırmış, meydana xüsusi rövnəq vermişdi. İndi həmin əllərin sahibi xəstədir. Bir qədər də Ulu Tanrıdan küskündür ki, yaxşıları vaxtsız-vədəsiz dərgahına aparır. Bu dünyada əlindən, ancaq yamanlıq gələnlərin isə ömrünü uzadır. Bu ömür kimə lazımdır ki, xalqın, millətin, Vətənin yolunda yanmayacaq...
...Gültəkin ana ilə görüşmək arzumu bildirəndə jurnalistlərdən gileyli olduğunu hiss etdim. Haqqı nahaqqa qurban verən jurnalistləri qınadı. Onları cəmiyyətin gücgüsü görmək istəyən ana yanıldığını bildirdi. Vədələşdiyimiz kimi Elçibəyin məzarı başında söhbət etdik. Danışdığımız mövzu hər ikimizin ürəyincə oldu.

Milli bayrağımız necə tikildi?

Gültəkin ananın qəribə taleyi olub. 1928-ci il aprelin 23-də Haxçıvanda doğulan Gültəkin ananın atası Mirzəhəsən Səfərli tanınmış ziyalılardanmış. O əvvəlcə İrəvan gimnaziyasında oxuyub, sonradan Moskvada ali təhsilini bitirib. Represiya qurbanı olan gözəl şairimiz Hüsey Cavidlə bərk dost olub. Sonralar bu dostluq yaradıcılıq prosesində əməkdaşlığa çevrilib. Mirzəhəsən Səfərli Haxçıvanda ilk dəfə teatrın yaranmasına çalışıb və buna da nail olub. Hüseyn Cavidin əsərlərinə müraciət edən Mirzəhəsən Səfərli çox böyük əziyyətlə tamaşaları araya-ərsəyə gətirib. Əsasən baş rolları özü oynayıb. Səhnə paltarlarını Şahbaz ağa Kəngərlidən alıb. Çox qəribədir ki, ali təhsilli riyaziyyatçı sonralar Haxçıvanda rus dilini tədris edib. Ondan bunun səbəbini soruşanda belə cavab verərmiş:"Bütün dilləri, o cümlədən düşmənin də dilini bilmək lazımdır".
Teatrın on illik yubleyində Bakıdan Haxçıvana Üzeyir Hacıbəyov, Mərziyə Davudova və Bülbül gəlirlər. O vaxt Üzeyir Hacıbəyov Mirzəhəsən Səfərliyə hədiyyə olaraq qızıl onluq bağışlayır. İndi həmin onluğu nəvəsi baba yadigarı kimi saxlayır.
Mirzəhəsən Səfərli, eyni zamanda Müsavat Partiyasının üzvü olub. O 63 yaşında vəfat edən zaman yeganə övladı Gültəkini yanına çağırır və milli bayrağımızın atributlarını ona təsvir edir. Bundan sonra "Azərbaycan" deyərək, gözlərində yaş dünyasını dəyişir.
Gültəkin ana Azərbaycan Pedoqoji İnstitutunu bitirib. 42 il müəllim işləyib. 6 övladı olub. Övladlarını əsl vətəndaş kimi böyüdən ana onları həm də ali təhsilli, ziyalı olaraq görmək istəyib və bu arzusuna çatıb.
1988-ci il hadisələri başlayan zaman oğlu Azər Gültəkin anaya deyir ki, "babamın təvir etdiyi bayrağımızın rəngi və düzümü yadındadırsa, tik meydanda qaldıraq". Bu təklif Gültəkin ananın ürəyincə olur. Və həmin vaxtdan başlayır ay-ulduzlu, üçrəngli bayrağımızı tikməyə.

"AXC üzvü olmaq istəmədim"

"Gecəni səhərə kimi qızımla bayraq tikdim. O vaxtlar göy rəngi parça tapılmırdı. Qızım birtəhər parçanı göy rəngə boyadı, oğlum Azər isə zülümlə ay-ulduzu tikdiyimiz bayrağın üstünə çəkdi. Səhəri bayraqları Azadlıq meydanına apardıq. Sevincimin həddi-düdudu yoxuydu. Elə bilirdim ki, dünyanı mənə bağışlayıblar. Bayraq tikməyə o qədər aludə olmuşdum ki, hətta vaxtından əvvəl təqaüdə çıxdım. 42 illik pedoqoji fəaliyyətimi bitirib milli bayrağımızı tikməklə məşğul oldum. Bayramlarda, ad günümdə övladlarıma, mənə yaxın olanlara deyirdim ki, kim mənə hədiyyə etmək istəyirsə, parça alıb gətirsin. Dediyim kimi də edirdilər. Göy, qırmızı, yaşıl rəngli parçaları alıb gətirirdilər. Mənim isə işim-gücüm bayraq tikmək olurdu. Bütün siyasətçilərə bayraq hədiyyə etmişəm. Kim televizorda millətin xeyrinə, Vətən naminə söz deyirdi səhərisi ona bayraq göndərirdim. Dilarə Əliyeva ilə çox yaxın münasibətim vardı. Minə yaxın bayraq tikib vermişdim ki, Dilarə xanım xarici ölkələrə gedəndə paylasın. Deyirdim ki, qoy xaricdə Azərbaycanın bayrağını tanısınlar.
Günlərin bir günü mitinqlər vaxtı Dilarə xanım əlimdən tutub tribunaya qaldırdı. Orada məni Əbülfəz bəyə təqdim edərək dedi: "Bayrağımızı tikən Gültəkin ana budur". Əbülfəz bəy mənimlə çox səmimi görüşdü. O vaxtdan mənə "ana", mən isə ona "oğul" deyə müraciət edirdim. AXC yarananda Dilarə təklif elədi ki, Cəbhəyə üzv yazılım. Etirazımı bildirdim. Söz vermişdim ki, əgər Müsavat Partiyası yaransa, onun sıralarında olacağam. Çünki atam müsavatçı idi. Dediyim kimi də Müsavat Partiyası yarananda ərizə ilə müraciət elədim".
1992-ci ildə milli qüvvələr hakimiyyətə gəldilər. Əbülfəz Elçibəy prezident kürsüsündə oturdu. Milli Məclisdə andiçmə zamanı oturanlar arasında Gültəkin ana yox idi.
"Həmin gün sözlə ifadə edə bilmədiyim günlərimi yaşadım. Heçə illərdən bəri həsrətini çəkdiyimiz müstəqilliymizi qazansaq da, başda oturanlar demokratiyadan uzaq şəxslər idi. 92-ci ildə bu arzuya da çatdıq. Əbülfəz bəyin andiçməsindən sonra ona bir məktub yazdım. Həmin məktubu evdə qiymətli saydığım qədimi Quran kitabının arasına qoyub prezidentimə göndərdim. Hədiyyəmi alan Əbülfəz bəy məni iqamətgahına dəvət elədi. Oturub ana-bala kimi xeyli dərdləşdik. Vidalaşanda həyətə qədər məni ötürdü. Prezidenti həyətdə görən mühafizəçiləri onu müşayət etmək istəyəndə Əbülfəz bəy bildirdi ki, "ehtiyac yoxdur, narahat olmayın". O zaman mən dedim ki, "niyə qoymursan səni qorusunlar?" Sonra da yanımızca addımlayan mühafizəçiyə bildirdim ki, "qoruyun prezidentimizi". Əbülfəz bəy yenə də narazılığını bildirdi və söylədi: "Anam, mənə heç kim təcavüz edə bilməz. Çünki xalqım məni sevir və qiymətləndirir". Doğrudan da xalq onu sevirdi. Ancaq ayrı-ayrı iddialı qüvvələr qoymadılar arzularını həyata keçirsin. Ən böyük arzusu Azərbaycanı bütöv görmək idi".

Rəssamlar İttifaqının sədri Lembonun sürücüsü işləyib

1993-cü ilin 4 iyununda Gəncə qiyamı baş verdi. Qiyamdan sonra Elçibəy tərəfdarlarının əksəriyyətinin başına olmazın müsibətlər gəlir. Bu tərəfdarlar arasında Gültəkin ananın oğlu Azər də vardı.
Azər Xarkovda ali təhsil alıb. Dizayner-rəssam sənətinə yiyələnmiş Azərin Azərbaycana dönüşünü anası xahiş edib və bildirib ki, "indi Vətənə gərəkli insanlar-sənət adamları, ziyalılar da lazımdır". Anasının arzusuna əməl edən Azər Bakıya gələn kimi az bir vaxtda tanınıb. İşgüzarlığına və bacarığına görə Rəssamlar İttifaqının sədri, Dizayner İnstitutunun direktoru vəzifəsinə irəli çəkiblər. Dövlətçilik naminə əlindən gələni əsirgəməyib. 4 iyun qiyamından üç gün sonra Surət Hüseynovun tərəfdarları onu cəzalandırıb. Rəhbərlik etdiyi institutda axtarış aparıblar. Guya "silah gizlədib" adı ilə həbs ediblər və 3 il həbsdə saxlayıblar. Bu müddət ərzində ona olmazın işgəncələr veriblər.
"Həbsdə olanda oğlum vərəmə tutulmuşdu. Evimizdə qiymətli nəyimiz vardı satıb onu azad etdik. Azadlığa çıxanda artıq yarımcan olmuşdu. Balama üç il icbari iş kəsdilər. Bir müddət də işsiz qaldı. Sonradan dostumun köməyi ilə BMT-nin Azərbaycandakı nümayəndəliyində işə düzəldi. Paulo Lembonun sürücüsü işlədi. Bir neçə xarici dil bilirdi. İşlədiyi müddətdə özünə hörmət qazanmışdı. İcbari işinin qurtarmağına üç gün qalmış infarkdan öldü. Paulo Lembo oğlumun dəfninə gələndə dedi ki, "mən xəcalət çəkirdim ki, Azər kimi sənətkar, ziyalı, siyasi savadlı gözəl bir insan mənim sürücüm işləyir".
20 müəllif əsəri dünya muzeylərini bəzəyən Azərin Azərbaycanda qiyməti həbsxana olub. Bu laqeydliyə, ədalətsizliyə ürəyi dözməyib. Vaxtsız dünyasını dəyişib. Bir tərəfdən oğul dərdi, bir tərəfdən də Elçibəyin hakimiyyətdən devrilməsi, sonra Kələkiyə getməsi ananın qamətini əyib, ümidləri ölüb.
"Elə bilirdim dünya dağılıb. Mənim üçün heç nəyin mənası qalmamışdı. Təskinliyimi yalnız Əbülfəz bəyin məktublarında tapırdım. Dönə-dönə oxuyurdum. Həhayət, bəy uzun ayrılıqdan sonra Bakıya döndü. Ardımca maşın göndərdi. Görüşünə getdim. Onunla görüşəndə gözlərimə inanmadım. Saçı-saqqalı ağarmışdı. Başımı köksünə sığıb doyunca ağladım. Mənə təsəlli verdi. Dərdimə şərik oldu və könlümü almaq üçün dedi: "Anam, indi niyə ağlayırsan? Mən artıq qayıtmışam. Hər şey yaxşı olacaq". Ancaq nəsə ürəyimə dammışdı ki, yeni faciə yaşayacam. Oturub xeyli söhbət etdik. Olanlardan-keçənlərdən danışdıq. Söhbət əsasında o bildirdi ki, "deyəsən mən də peyğəmbər ömrü yaşayacam". Bunu deyəndə ağladım. Pis oldu. Sonra səhvini düzəltdi: "Zarafat edirəm. Səni Təbrizə aparacağam. Təbrizin küçələrində birgə addımlayacağıq". Zalım fələk bu arzusunu da ürəyində qoydu.
Kələkidən qayıdanda görüşlərimizin birində ona belə bir sual verdim: "Yurd deyirlər, bu nə söz-söhbətdir?" Köksünü ötürdü və təsdiq elədi ki, düz eşitmisən. Onda dedim ki, "niyə buna əncam çəkmirsən?" Yenə də dərindən köksünü ötürüb dedi: "Bu adam (Əli Kərimlini nəzərdə tuturdu) cəbhəyə gələndən sonra mövqeyini dəyişdi. Onun bir əli hakimiyyətin, bir əli cəbhənin ətəyindədir. Mən çalışıram ki, onun əlini hakimiyyətin ətəyindən qoparım. Çox istəyirəm ki, onun ürəyindən şeytanı çıxarım".
Əbülfəz bəy belə ürək sahibi idi. O, bağışlamağı bacarırdı. Ancaq belə ürək sahibini dərdə saldılar. Pis əməlləri ilə bəyin ömrünü qısaltdılar. Elçibəyin süfrəsinin başında oturanlar ona xəyanət etdilər".
2000-ci il avqustun 22-də Əbülfəz Elçibəy Türkiyədə dünyasını dəyişdi. Həmin gün çoxları şok yaşayırdılar. Bu xəbəri eşidənlər hava limanına yollanırdı. Bəyin cənazəsini qarşılayanlar arasında Gültəkin ana da vardı. Yanıqlı səsi ilə Əbülfəz bəyi oxşayıb ağlayırdı:" Ümidlərimi qırdın, belimi sındırdın. Təbriz arzusu ürəyində gedən balam".
"Oğlum zəng edib dedi ki, televizoru aç, deyirlər Əbülfəz bəy ölüb. Eşitdiyim qəfil xəbər məni o qədər sarsıtdı ki, bir müddət nə edəcəyimi bilmədim. Sonradan özümü ələ alıb Cəbhəyə yollandım. Otağının qarşısında gözü yaşlı kişiləri görəndə dünya başıma fırlandı. Bəy Türkiyəyə sonuncu dəfə getməmişdən istəyirdim gedib görüşəm. Mənə dedilər ki, Əbülfəz bəy elə vəziyyətdədir ki, görsən ürəyin ağrayacaq. Dözə bilməyəcəksən. Qoymadılar. Gərək sözlərinə baxmayaydım. Gedib görüşərdim. Bəlkə mənə bir sözü olacaqdı".
Elçibəy bütün bayramlarda Gültəkin ananı təbrik edib, sonra isə ən gözəl güllərdən bir dəstə bağlatdırıb anaya göndərərmiş. Bəyin göndərdiyi gül dəstəsini ana əzizləyib evin yuxarı başında saxlayarmış. Bu gün həmin güllərin yeri görünür. Və bir də telefonun o başında "ana bayramın mübarək" sözünün həsrəti yaşanır. O həsrətinsə sonu yoxdur...

"Hürriyyət" qəzeti;
18-19 yanvar 2001-ci il