Azərbaycan dilini qorumalıyıq Hadisə

Azərbaycan dilini qorumalıyıq

Əli Həsənov: "Azərbaycan dilini yaşada biləcək bir toplum var, o da Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılardır"

Nuşirəvan Məhərrəmli: "Təəssüf ki, telekanallarda yaradılan bədii şuraların fəaliyyəti kağız üzərindədir"

Əflatun Amaşov: "Azərbaycanda Ana dili normalarının pozulmasına görə böyük cərimələr tətbiq etmək olar"

Kamal Abdulla: "İntellekti olmayan aparıcıların ekrana çıxarılması davam edəcəksə, problemlər qalacaq"

Sabir Rüstəmxanlı: "Hər bir xalqın dili onun milli xəzinəsidir"

Dünən Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfrans başlayıb.
Konfransı açan MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu tədbirin hər kəs üçün mənəvi məsuliyyət məsələsi olan Ana dili ilə bağlı olduğunu söyləyib.
Konfransda çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin dövlət dilinin qorunması və inkişafı ilə bağlı fəaliyyətinə toxunub, dövlət başçısının bu istiqamətdə mühüm addımlar atdığı vurğulayıb. Əli Həsənov Heydər Əliyevin də Azərbaycan dilinin qoruması və inkişafında misilsiz xidmətlərini qeyd edib: "Azərbaycan dili dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır. Dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, yəni azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir".
Əli Həsənov qeyd edib ki, Azərbaycan dili hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib: "Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar olub. Bircə onu qeyd etmək kifayətdir ki, onun prinsipial mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib".
Əli Həsənov Heydər Əliyevin 2001-ci ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladığını, 2001-ci il avqustun 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsinin qərara alındığını, Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər fərmanla isə avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildiyini diqqətə çatdırıb.
Prezidentin köməkçisi qeyd edib ki, növbəti mühüm addım 2002-ci ilin sentyabrında "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunun qüvvəyə minməsi olub.
"Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün prezident İlham Əliyev ardıcıl davam etdirir. Cənab prezident 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini vurğulamış, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib. Prezidenti dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün geniş tədbirlər həyata keçirir. Onun 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb", - deyə o bildirib.
Əli Həsənov əlavə edib ki, müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib: "Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, prezident İlham Əliyev 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalayıb. Sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-də işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır. Göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad ünsürlər dilimizə gətirilir. Aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmır. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər halda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər sərəncamda xüsusi qeyd olunur.
Təəssüf ki, hələ 2012-ci ildə imzalanmış prezident sərəncamında sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb. Ona görə də cənab prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü toplantının keçirilməsi barədə tapşırıq verib. Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Televiziya və radio hər evə, ailəyə daxil olaraq insanların gündəlik həyatının adi normasına çevrilib. Teleradio dövlət dilinin qorunub saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir. Biz bu imkanlardan səmərəli istifadə edərək müstəqil dövlətçiliyimizin milli-mənəvi dayaqlarından biri, cəmiyyətdə səfərbəredici vasitə kimi mühüm rol oynayan dövlət dilinin mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməliyik".

"Ən çox pozulan normalar fonetik normalardır"

MTRŞ sədri Nuşirəvan Məhərrəmli çıxışında bildirib ki, hər bir xalqın formalaşmasında, təşəkkül tapmasında Ana dilinin böyük rolu var: "Müstəqillik illərində Ana dilinin inkişafı üçün əlverişli şərait yaranıb və biz bu şəraitdən istifadə etməliyik".
Nuşirəvan Məhərrəmli qeyd edib ki, 2003-cü ildə MTRŞ telekanallarımızı monitorinq edərkən Ana dilinin proqramlarda ümumi çəkisinin 50 faizdən az olduğunu üzə çıxardı".
Nuşirəvan Məhhərrəmli bildirib ki, MTRŞ telekanallar qarşısında Azərbaycan dilinin xüsusi çəkisinin 75 faizə çatdırılması tələbini qoyub və qısa müddətdə buna nail olunub: "Daha sonra verilişlərdə Ana dilinin çəkisinin 100 faizə çatdırılması tələbi qoyuldu və buna da nail olundu. Növbəti mərhələ ədəbi dilin qorunması və inkişafı ilə bağlıdır. Artıq bu istiqamətdə də bir sıra işlər görülüb və görülməkdədir. İlkin monitorinqlərin nəticələri çox narahatlıq doğururdu. Dilçi alimlərimiz bu monitorinqlərlə bağlı ümumiləşdirmə apardılar. Birinci problem danışıq dilinin ədəbi dillə eyniləşdirilməsi ilə bağlı idi. Televiziyalarda şivələr, ləhcələr və digər məqamlar yer alıb. Bunu aradan qaldırmaq lazımdır. Biz ədəbi dili bir ləhcə əsasında yox, ədəbi dil normaları əsasında öyrənirik. Çox təəssüf ki, telekanallarımzda bu normalar hələ də pozulur. Televiziya və radio kanalları bu barədə ciddi düşünməlidirlər".
MTRŞ sədri qeyd edib ki, digər problem əcnəbi sözlərin dilimizə daxil olması ilə bağlıdır: "Bəzi elmi terminlərin ədəbi dilimizə daxil olması başa düşüləndir. Lakin əcnəbi sözlər bəzən yersiz halda aparıcılar tərəfindən danışıq dilində işlədilir. Böyük dövlətlər, böyük güclər bu gün yumşaq gücdən də geniş istifadə edilir. Bu, təhsil, media, danışıq dilinə təsirlə bağlıdır. Dillə bağlı təsir bu istiqamətdə xüsusi yer tutur. Təəssüf ki, xaricdə təhsil alıb gələn mütəxəssislərimiz o dildən daha çox istifadə edirlər. Bu baxımdan Türkiyədə təhsil alıb gələn insanlarımızla bağlı bu problem daha qabarıqdır. Başqa bir problem intonasiya bağlıdır. Ən çox pozulan normalar fonetik normalardır. Bu, daha çox informasiya proqramlarındakı diktorların, aparıcıların üzərinə düşür. Diktorlar, aparıcılar əvvəlcədən hazırlanmış xəbərləri oxuyarkən fonetik normalara əməl etmirlər".
Nuşirəvan Məhərrəmli digər problem kimi sürətli danışıqdan istifadə edilməsini göstərib: "Bəzi aparıcılar sürətli danışıq dilindən istifadə edir, tələsiklikdə normalara riayət olunmur. Digər tərəfdən, reklamların dili ilə bağlı da problem var. Reklamlar xaricdə hazırlanır və Azərbaycan dilinə tərcümə zamanı çatışmazlıqlara yol verilir".
MTRŞ dublyaj sahəsində də problemlərin olduğunu vurğulayıb: "Sovet dövründə dublyaj çox keyfiyyətli idi, biz indi onun həsrətini çəkirik. Diktorlar, aparıcılar işə qəbul olunarkən məsələyə ciddi yanaşılmalıdır, onların hər biri Azərbaycan dilini mükəmməl bilməlidir. Təəssüf ki, telekanallarda yaradılan bədii şuraların fəaliyyəti kağız üzərindədir".
Nuşirəvan Məhərrəmli, eyni zamanda verilişlərə dəvət olunanların məişət, danışıq dilindən istifadə olunmasına qarşı çıxmadıqlarını söyləyib: "Biz sadəcə, diktor və aparıcıların ədəbi dil normalarını qorumasından, bununla da qızıl ortanın tapılmasından danışırıq".


"Media yaradanların üzərinə daha böyük məsuliyyət qoyulmalıdır"

Mətbuat Şurasının sədri Əflatun Amaşov ənənəvi media ilə müqayisədə elektron mediada ədəbi dil normalarının daha çox pozulduğunu söyləyib, bunun qarşısının alınmasının zəruriliyini vurğulayıb və buna görə ədəbi dil normalarının pozulmasına görə böyük cərimələrin tətbiq olunmasını təklif edib.
Əflatun Amaşov bildirib ki, monitorinqlər zamanı duyru işarələrinin, xüsusən vergülün işlədilməsində daha çox problemlərin olduğu üzə çıxıb: "Problemləri aradan qaldırmaq üçün bir neçə addımın atılması vacibdir. Bu gün media orqanlarının yaradılması üçün hər hansı maneə yoxdur. Ona görə də indiki halda media yaradanların üzərinə daha böyük məsuliyyət qoyulmalıdır. Mətbuatda Ana dilindən istifadə sahəsində nöqsanlara son qoyulmalıdır. Qanunvericilik tələblərinə riayət edilməsinə də xüsusi diqqət yetirilməlidir. Məsələn, Fransada Ana dili normalarının pozulmasına görə böyük cərimə nəzərdə tutulur. Bunu Azərbaycanda da tətbiq etmək olar".

"Təfəkkür mədəniyyəti qaydasındadırsa, nitqdə problem olmayacaq"

Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov Azərbaycan dilinin normalarının yazıçı dili hesabına formalaşdığını nəzərə çatdırıb: "Bu gün müasir Azərbaycan ədəbi dilinin normalarını, inkişaf istiqamətlərini publisistika formalaşdırır. Ən çox səhv daha çox inkişaf edən sahələrdə olur. Digər tərəfdən, məişət dili televiziyaya gəlməlidir, buna ədəbi dildən kənarda baxmaq olmaz. Bu gün şifahi dil yazılı dilə təsir edir. Artıq keçən əsrin son onilliklərində olan yazı normativləri yoxdur. Bu gün daha çevik dil üslubu var, reportajın təsiri güclüdür. Bundan çəkinmək lazım deyil. Ancaq bununla yanaşı, düzgün yazılmaq problemi var. Bizdə elə sözlər yoxdur ki, yazılması və oxunması ilə bağlı problemlər olsun".
Nizami Cəfərov kütləvi sahə olan mətbuatda işçilərin hamısını peşəkar səviyyəyə gətirməyin çətin olduğunu qeyd edib: "Ancaq ədəbiyyatda, elmdə belə problem yoxdur. Yeri gəlmişkən, rəsmi mətbuatda ədəbi dil normalarına ciddi riayət olunur, çatışmazlıqlara nadir hallarda rast gəlinir. Ən çox problem isə vergüllərlə bağlıdır".
Nizami Cəfərov deyib ki, televiziya və radiolarda danışıq normalarını bilən diktorlar, aparıcılar olub və var: "Söhbət burada yalnız aparıcı və diktorlardan gedir. Verilişə dəvət olunanların necə danışmasına görə danışanların özləri məsuliyyət daşıyır. Verilişlərə əsasən müğənni və sənət adamları dəvət olunur. Amma nəzərə almaq lazımdır ki, həmin müğənni heç orta məktəbi düz-əməlli oxumayıb. Bəzən cümlədə beş söz olur, beşi də səhv tələffüz olunur. Verilişlərə müğənnilər dəvət olunsun, ancaq Ana dilini bilənlər də dəvət olunsun. Yeri gəlmişkən, normal və mənalı danışıq var. Biz hələ mənalı yox, normal danışıqdan danışırıq. Nitq mədəniyyəti təfəkkürlə bağlıdır. Təfəkkür mədəniyyəti qaydasındadırsa, nitqdə problem olmayacaq".

"Azərbaycan dili rus və fars dilindən üstündür"

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib ki, Azərbaycan dili ahəngdarlığına, səlisliyinə görə rus və fars dilindən üstündür: "Bizim dilimizdə olan 9 sait o dillərin heç birində yoxdur. Dilin səlisliyi dildəki saitlərlə ölçülür".
O bildirib ki, Dilçilik İnstitutuna ədəbi dil normalarının pozulmasına görə cərimələrin tətbiqi barədə layihə hazırlamaq tapşırılıb: "Hazırda bu istiqamətdə iş gedir. Ancaq ilk növbədə ana dilini sevmək lazımdır. Sevəndə bu cür yanlışlıqlar olmayacaq".
Dilçilik İnstitutunun direktoru KİV əməkdaşları arasında ana dili ilə bağlı müsabiqə keçirilməsini təklif edib: "Bir zamanlar AzTV-də "Azərbaycan dili" verilişi vardı. Həmin verilişin bərpa edilməsinə ehtiyac var. Yeri gəlmişkən, hazırda Dilçilik İnstitutunda yeni orfoqrafiya və orfoepiya lüğəti də hazırlanır. Bu da bizim ümumi işimizə xeyirli olar".

"Dilə başqa sözlərin gəlməsindən qorxmaq lazım deyil"

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla qeyd edib ki, dilə başqa sözlərin gəlməsindən qorxmaq lazım deyil, dil özü bunu tənzimləyir: "Məsələn, multikulturalizm sözünü bu gün ucqar kənddə belə bilirlər. Bu gün televiziya rəhbərlərimiz Azərbaycan dilində səlis danışırlar, amma telekanallarımızda tez-tez "musiqilər" sözü eşidirəm. Belə söz ola bilməz, "musiqi"" sözü var. Xarici görünüşünə aldanıb, verilişə aparıcı gətirmək olmaz. Digər tərəfdən, Azərbaycanda müxtəlif millətlər yaşayır. Azərbaycan xalqının gücü müxtəlif millətlərin gücündən, Azərbaycan dilinin də gözəlliyi də həmin millətlərin gözəlliyindən yaranır".
Kamal Abdulla aparıcılara Azərbaycan Dillər Universitetində xarici dil öyrətməyə hazır olduqlarını bildirib: "İctimai əsaslarla aparıcılar üçün xarici dil kursları təşkil edə bilərik. Azərbaycan ədəbi dili ilə bağlı bir sıra problemlər aparıcının xarici dili bilməməsindən qaynaqlanır. Ümumiyyətlə, intellekti olmayan aparıcılar televiziyaya çıxarılmağa davam edəcəksə, problemlər qalacaq".

"Mənəviyyatsız adam mənəviyyatdan danışmasın"

Xalq şairi Sabir Rüstəmxanlı dillə bağlı məsələnin çox ciddi olduğunu xatırladıb və qeyd edib ki, hər bir xalqın varlığı onun ana dilindən asılıdır: "Əgər dil varsa, xalq da var, dil yoxdursa, həmin xalq da yox olur. Biz əvvəlcə uşaqlarımızın ana dilində tərbiyəsinə başlamalıyıq. Məktəblərdə, təhsil ocaqlarında ana dilinin öyrədilməsi məsələsinə xüsusi diqqət yetirməliyik. Xüsusən də rusdilli məktəblərdə ana dili necə öyrədilir? Axı onlar da bizim ölkəmizin vətəndaşlarıdır".
O bildirib ki, hər bir xalqın dili onun milli xəzinəsidir: "Aparıcıların TV-də yol verdikləri yanlışları ön plana çəkirik. Əvvəlcə baxmaq lazımdır ki, bu aparıcı hansı əxlaq yiyəsidir? Əxlaqsız adam TV-də əxlaqdan danışmasın! Mənəviyyatsız adam mənəviyyatdan danışmasın! İnsanın, aparıcının daxili aləmi, mənəviyyatı gözəl olmalıdır, təkcə zahirən gözəl olmaqla iş bitmir. Bəzən rus dilindən hansısa sözü işlədəndə heç kim pis qarşılamır. Amma Türkiyə türkcəsində bir söz eşidəndə həmin an tənqid edirlər. Axı niyə?! Axı Türkiyə türkcəsi bizə doğma dildir. Biz məhz türk dillərindən sözlər götürməklə dilimizi zənginləşdirməliyik.
Başqa bir problem də küçədə sorğu götürən TV əməkdaşları ilə bağlıdır. Yoldan keçən vətəndaşa yaxınlaşıb fikrini soruşurlar, amma baxmırlar ki, həmin adam Azərbaycan dilində danışa bilir, ya yox? Bunlara diqqət etmək lazımdır. Eybəcər müraciətləri, ifadələri yığışdırmaq lazımdır".


"Yaxşı ki, indi o telekanal yoxdur"


Konfransa yekun vuran Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, son zamanlar Azərbaycan ədəbi dilinin normalarının pozulması tendensiya halı alıb.
Əli Həsənov bildirib ki, konfransda faydalı müzakirə aparılıb: "Bütün sahələr üzrə əsas vəzifələrimiz, hədəflərimiz ortaya qoyuldu. Mən tamamilə razıyam ki, bu, tək KİV-in məsələsi deyil. Gündəmdə Azərbaycan dilinin saflığı məsələsi durursa, valideyndən, dayədən tutmuş, orta və ali məktəblər də daxil olmaqla, QHT və KİV-in də öz rolu var. Söhbət 3-5 aparıcıdan getmir. Aparıcı ora gələnə qədər hansı mərhələləri keçir? Hər kəs anlamalıdır ki, Azərbaycan dilini yaşatmaq üçün bir çoğrafi ərazi var, o da bu ərazidir. Azərbaycan dilini yaşada biləcək bir toplum var, o da Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılardır. Hər kəs bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Aparıcılar dilimizi yaxşı bilməklə yanaşı, niyə gözəl fiziki göstəriciləri də olmasın?! Yaxşı olar ki, aparıcılar həm də zəngin intellektə malik olsunlar".
Prezidentin köməkçisi qeyd edib ki, son 10 ildə telekanallarda süni reytinqə qaçmaq, kənar saxta sorğular da müəyyən problemlər yaradıb: "İlk növbədə KİV və telekanal rəhbərləri bilməlidirlər ki, onlar cəmiyyətə nümunə təqdim edirlər. Azərbaycan cəmiyyətinə heç nə verməyəcək insanları tez-tez efirə çıxarmağın heç bir faydası yoxdur".
Əli Həsənov televiziyaların tərkibində akademiyalar yaradılmasını vacib sayıb: "AzTV-də, İctimai Televiziyada Azərbaycan dili ilə bağlı maarifləndirici verilişlər olmalıdır. Nuşirəvan Məhərrəmli bu məsələni son illər tez-tez qaldırır, monitorinqlər keçirir. Bu da bəzilərinin xoşuna gəlmir. Bir telekanalın rəhbəri MTRŞ sədrinə yazmışdı ki, milli-mənəvi dəyərlərin nə olduğunu yazın, altına imza qoyub, mənə göndərin. Yaxşı ki, indi o telekanal yoxdur. Arif Rəhimzadə Moskvada açıqlama vermişdi, identifikasiya aparmışdı ki, türk dili və Azərbaycan dili fərqlidir. O başqa məsələdir ki, Azərbaycan dili türk dili qrupuna daxildir. Lakin bu, Türkiyə əleyhinə məsələ kimi qabardıldı, Arif Rəhimzadə bu sözünə görə bir telekanalda bir aparıcı tərəfindən tənqid olundu. Yaxşı ki, indi o aparıcı və o telekanalın rəhbəri yoxdur".

"Türkiyə bu məsələdə bizi başa düşdü"

Əli Həsənov Azərbaycanda Türkiyə seriallarının verilməsinin bir neçə il əvvəl dayandırıldığını xatırladıb və qeyd edib ki, Türkiyə serialları dilimizi sıxışdırırdı: "Bizim dilimiz üçün əsas təhlükə nədir? Bəzi dairələr kampaniyaya başlamışdı ki, Azərbaycanda Türkiyə türkcəsinə qadağa qoyulub. Ancaq bir məqamı nəzərə salmaq lazımdır. Ukrayna dili üçün türk dili təhlükə deyil, rus dili təhlükədir. Türkiyə də Azərbaycana qardaş, müttəfiq dövlətdir. Ancaq qazaxın qazax, özbəkin özbək dili varsa, niyə Azərbaycan dili yaşamasın? Niyə bu dili məhv etməliyik?".
Əli Həsənov bildirib ki, Türkiyə bu məsələdə Azərbaycanı anlayışla qarşılayıb: "Türkiyə bu məsələdə bizi başa düşdü. Türkiyə telekanalları Azərbaycanda indi də yayımlanır, kim istəyir, baxsın. Hər birimiz Azərbaycan dilini qorumalıyıq".