“Dərsliklərə rəy verənlər sifarişlə işləyirlər” Hadisə

“Dərsliklərə rəy verənlər sifarişlə işləyirlər”

Dərsliklərlə bağlı problemlər bitib-tükənmir. Dəfələrlə belə hallar olub ki, orta məktəb dərslikləri yazılıb istifadəyə veriləndən sonra ciddi nöqsanlar ortaya çıxıb. Müəlliflər bir-birlərini ittiham edib. Halbuki, dərsliklər yazılandan sonra ekspertlər tərəfindən qiymətləndirilir, rəy verilir.
Qiymətləndirmədə iştirak edən ekspert heyəti necə müəyyənləşir?
Təhsil eksperti Kamran Əsədov deyib ki, dərsliklər yazılarkən ekspertlərin bilik və bacarıqlarının olması nəzərə alınmalıdır.
"İlk növbədə qeyd etmək istəyirəm ki, orta məktəblər üçün dərslik və tədris proqramları hazırlanarkən uşaqların psixoloji durumu, qavrama qabiliyyəti nəzərə alınmalıdır. Dərslikləri çoxyönlü ekspertlər işləməlidir. Dərslik auditoriyaya hesablanmalıdır; hansı şagirdə təqdim ediləcək, şagirdin parta arxasında əyləşmək səbri ölçülməlidir. Bunun üçün də dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidir. Ən əsas meyar kimi hesab edirəm ki, dərsliyi qiymətləndirən ekspertlərin, müəlliflərin yüksək bilik və bacarıqlara sahib olmasıdır. Lakin hər il dərslikləri qiymətləndirən ekspert qrupunun tərkibinin dəyişdirilməsi, yenilənməsi bu sahədə mövcud problemlərin yaranması ilə nəticələnir".
Kamran Əsədov qeyd edib ki, bununla bağlı ayrıca qurum yaradılsa, daha yaxşı olar.
"Düşünürəm ki, dərsliklərdə problemlərin həlli istiqamətində görüləcək ən mühüm addım kimi, dərslik komitəsinin, mərkəzinin, qurumunun yaradılması ola bilər. Orta məktəb kitablarını elmi tədqiqat müəssisələrinin əməkdaşları yaza bilməz. Çünki bu zaman onlar elmi tədqiqat işlərinin materiallarını dərsliklərə gətirəcəklər ki, onda da kitablar əlavə materiallarla yüklənəcək. Danılmaz faktdır ki, dərsliklərin qiymətləndirilməsi zamanı bu işi həyata keçirən ekspertlər bəzi hallarda kənar qüvvələrin təsirinə məruz qalır və sifariş yerinə yetirirlər. Bu zaman keyfiyyəti aşağı olan dərsliklər qalib seçilir və çapa hazırlanır. Hesab edirəm ki, ekspertlərin kimliyi və fəaliyyəti gizli saxlanılmalıdır".