May ayı toy ayıdır Hadisə

May ayı toy ayıdır

Hələ 2014-cü mayında televiziya vasitəsilə etdiyim çıxışımda bu fikrimi səsləndirmişdim: may ayı toy ayıdır. Yayılmış şayiəyə cavab olaraq söyləmişdim. Belə ki, hələ tələbə olarkən Bakıda təhsil aldığım dövrlərdə eşitmişdim ki, may ayı boş aydır, ona görə də mayda toy eləməzlər. Düzü, o vaxtlar çox utancaq olduğumdan, bu tipli sözlərə o qədər də reaksiya verməmişdim. Heç düzü, bu ifadənin məğzinə də o qədər fikir verməmişdim. Çünki bu sözlər mənə anlaşılmaz görünmüşdü: bizim Qarabağ tərəflərdə həmişə gül-çiçək ayı olan may ayı həm də çal-çağırlı toylar ayı idi. Hətta rəhmətlik atam da həmişə deyərdi ki, Şakirin toyunu mayda eləyəcəm.
Tarix elə gətirdi ki, 1993-cü ildə doğma yurdumuzdan məcburi köçkün düşdük, Bakı və Bakıətrafı ərazilərdə məskunlaşdıqdan sonra gördük ki, "boş ay" dedikləri may ayında Bakıda və eləcə də ətraf zonalarda toy eləmirlər. Yadıma tələbə vaxtı eşitdiyim sözlər düşdü. Biz eşitmişdik ki və həm də bilirdik ki, məhərrəmlik ayında toy-nişan eləməzlər, onda bədbəxtçilik olar, ailə quran gənclərin axırı yaxşı olmaz.
Bəs may ayı niyə "boy ay" hesab olunsun, gənclər nikaha girməsin? Nə səbəbə?
May ayında toy edilməməsinin nə bir dini, nə də bir mifoloji əsası yoxdur. Heç bir din mayda toy eləməyi qadağan eləmir. Heç bir mifoloji görüşdə də may ayında toy-izdivaca girmək yasaq sayılmır. Heç elmi baxışda da may ayının izdivac-evlənmə məqamına dair heç bir uyğunsuz yanaşma yoxdur. Hələ əksinə, təqdiretmə var. İndi yavaş-yavaş fikirlərimizi şərh edək. Nəyə görə bu əsassız "boş ay" söhbəti Bakı və Bakıətrafı bölgələrəcən yeriyə bilib, amma daha uzaqlara-ucqarlara yeriyib gedə bilməyib?
Məlumdur ki, Bakı beynəlmiləl şəhərdir, yəni müxtəlif dinlərin və millətlərin nümayəndələrinin yaşadığı şəhər. Belə çoxmillətli, çoxdinli mühitdə, yəni hər kəsin hamını, yaxud hamının hər kəsi tanıya bilmədiyi ictimai ab-hava şəraitində isə hansısa bir panikanı-şayiəni yaymaq asan olur. Rayon, kənd yerlərində isə əksəriyyət bir-birini tanıdığından anormal söhbətləri, qeyri-ciddi məlumatları yaymaq, ötürmək elə də asan olmur. Çünki qeyri-dəqiq informasiyanın fərqinə varan camaat duyuq düşüb, həmin yanlış xəbəri yaya bilən adamın kim olduğunu soraqlayıb tapacaq və nəticədə yalan faş olaraq, şayiə yerindəcə ifşa olunacaq. Ancaq buna nisbətdə şəhər mühitində xaotik məqamdan yararlanan yalanını cəmiyyət içərisinə ötürməyə nail ola bilər. Ermənilər-haylar kütlənin içərisinə "may ayı boş aydır, bu ayda toy eləmək olmaz" tipli yanlış informasiyanı ötürüb yaymağı bacarıb. Bəs bundan düşmənlərin məqsədi nə olub sualının üstünə gələk. Ötən yüzillikdə ermənilər xalqımıza qarşı dəfələrlə soyqırım aktı törədiblər. "May ayı boş aydır, mayda toy eləməzlər" məzmunlu yanlış təbliğatın beyinlərə, düşüncəyə oturdulması isə xalqımıza qarşı hiyləgərcəsinə düşünülmüş soyqırım siyasətidir. Bu cür yanlış təbliğat soyqırım aktının "dinc yolla" – səssiz-səmirsiz aparılması üsuludur. Bir var ki, açıq-aşkar şəkildə fiziki güc, işgəncə yolu ilə dinc insanları qətlə yetirməklə həyata keçirilən soyqırım faktı, bir də var gözə görünməyən formada - yanlış təbliğat hesabına düşüncəni iflic, şikəst eməklə evlənmənin, bu izdivacdan doğulacaq insan artımının qarşısını almaq yolu ilə həyata keçirilən soyqırım forması.
Bəli, fiziki zorla qətləyetirmə hesabına xalqımıza qarşı törədilən soyqırım faciəsinin bir üsulu da "dinc yolla" xalqımıza tuşlanmış əks-təbliğatdan gələn zərbədir ki, gənclərimiz evlənməkdə bir ay da geciksinlər və soyumuzun davamçısı olan övladlarımızın dünyaya gəlməsinin müəyyən müddətdə qarşısı alınsın. Özü də hansı ay düşünülüb hədəf seçilib? May ayı. O may ayı ki, bu ayda gül gülü çağırır, bülbül bülbülü. Bu, obrazlı dillə o deməkdir ki, may (eləcə də bu aya qonşu olan mart, aprel ayları) ayı canlı və hətta cansız təbiətin də sevişmə ayıdır, güllər-çiçəklər də, (nəbatat aləmi də), quşlar da (heyvanat aləmi də) may ayında səs-səsə verirlər, meyvə yetişdirmək üçün ağacların çiçəkləri də bu ərəfələrdə tozlandırılır (mayalandırılır). Bu kontekstdən düşünəndə həm də o nəticə çıxır ki, bu ay(lar) bar-bəhrə vermək üçün ən əlverişli fəsildir. Canlı-cansız təbiət bu ərəfədə "sevib-sevilirsə" – artım verirsə, demək, əslində insanların da bu ay(lar)da evlənməsi, sağlam övladların dünyaya gəlməsi üçün gözəl vaxtlardır. Hətta cansız bildiyimiz daş parçası da bu aylarda "bala verir"- qiymətli daş-qaş dünyaya gətirir. Dahi şairimiz M.Füzulinin bir misrasını xatırlayaq: "Sədəf su almayınca əbru-nisandan gövhər verməz". Nə deməkdir bu? "Əbru-nisan" sözünün tərcüməsi (mənası) aprel yağışı deməkdir. Dənizin təkində sədəf deyilən daşlar olur ki, o daşlar ildə bir dəfə öz-özündən gövhər adlı qiymətli daşa çevrilə bilirlər. Bu isə o zaman olur ki, aprel ayında dənizə yağış suyu dəyir və o məhsuldar aprel yağışının təsirindən dənizin dibindəki sədəflər gövhər kimi qiymətli daşa çevrilirlər. Deməli, aprel yağışı olmasa, həmin il dənizin dibindəki sədəfdən gövhər adlı inci alınmaz. Məhz aprel yağışı mayalayıcı (törədici) gücə malik olub, adi daşı da gövhər adlı incinin doğulmasına hamilə edir. Hər bir ailənin xoşbəxtliyi isə birinci növbədə o ailədə doğulacaq sağlam uşaqlarla şərtlənir. Bir ilimiz on iki aydır, onun da bir ayını – hələ bir aydan da çoxunu məhərrəmlik təziyəsilə bağlı alaraq toy eləmirik. Bundan sonra Orucluq ayında da səhvimiz ucbatından toy eləmirik. Bunlara da əlavə olaraq "may ayında toy eləməmək" təşviqatı yüklənəndə, genofondumuzun artımına dəyəcək zərbənin miqyasını aydınlığı ilə görərik.
"May ayı boş aydır" deyib, onu "boş ay" kimi səciyyələndirməyin, yuxarıda da qeyd etdiyim kimi, bir daha gördük ki, nə elmi, nə dini, nə də mifoloji əsası var. Amma bir incə məqamı da bura əlavə edim ki, yazıda oxucu üçün heç bir boşluq - anlaşılmaz olan heç bir şey qalmasın. Hər hansı bir deyimin, deyimdən irəli gələn adətin, ənənənin folkloristik əsası-mifoloji kökü olub-olmadığını yoxlamağın bir yolu da, mənim fikrimcə, ucqar əyalətlərdə, kəndlərdə yaşayan əhali arasında həmin məsələyə dair ümumi bir baxışın-düşüncənin olub-olmadığını öyrənib-bilməkdədir. Əgər mayda toy etmək bizim xalqımıza yabançı olsaydı, onda həmin xalqın bir nümayəndəsi kimi mənim atam öz böyük oğlu olan mənə mayda toy eləməyi nəinki arzulamazdı, heç eyninə belə gətirməzdi. Çünki atam el adətlərinin-ənənələrinin və inanclarının bilicisi və daşıyıcısı idi. İkincisi, Qarabağ-Zəngəzur bölgəsi, eləcə də digər bölgələrimiz xalqımızın ruhunun beşiyidir; madam ki, o beşikdə doğulan, yaşayan camaat ta qədimdən bu günəcən güllü-çiçəkli may ayında toy mağarları qurub, gənclərini evləndiribsə, deməli, bu, may ayını "boş ay" kimi qələmə verməyin heç bir mifoloji (eləcə də dini və elmi) cəhətdən əsası olmadığının əyani göstəricisidir. Dini-mifoloji və elmi qənaətlərdən gəlinən nəticə isə bizə qətiyyətlə belə bir fikir səsləndirməyə əsas verir ki, deyək: may ayı toy ayıdır!


Şakir Albalıyev
filologiya üzrə fəlsəfə doktoru