Təbiətə yad münasibət həmişə fəlakətlə bitir Hadisə

Təbiətə yad münasibət həmişə fəlakətlə bitir

İnsanların ətraf mühitə münasibətlərinin tarixi onların özlərinin yaranma tarixi qədər qədimdir. Belə ki, hələə mağaralarda məskən salan ibtidai insanlar onları əhatə edən mühitdə yaşayan canlılar haqqında müəyyən məlumatlara malik olublar. Mağara divarlarındakı sadə yazmalar, sonrakı dövrlərdə Qobustan və Gəmiqaya abidələrinin qayaüstü rəsmlərində təsvir olunan sənət nümunələrinin (ov səhnələri və s.) çoxu heyvanlarla bağlıdır. Qazıntı halında tapılan bəzək-məişət əşyalarının əksəriyyətinin zoomorf formada hazırlanaraq işlənildiyi məlumdur. Həmin dövrlərdə heyvanat və bitki aləmi haqqında mövcud fikirlərin çoxu xalq mifologiyasında öz əksini tapıb. İbtidai icamalar, daha sonra qəbilələr şəklində həyat tərzi keçirən əhali gerçəklikdə baş verən hadisələrlə üz-üzə gəldiyi zaman istər-istəməz onu duymaq, başa düşmək arzusunda olub. Ancaq təbiətin sirlərini, onun mahiyyətini olduğu kimi anlaya bilmədiklərinə görə, öz təsəvvürlərində sadəlövhcəsinə qeyri-adi rəsmlər, hekayətlər, rəvayətlər yaradıblar.
Mifoloji əfsanələrin birində deyilir ki, kənddə yaşayan bir kişinin daxmasının ətrafı bağ-bağat imiş. O, həmişə tezdən durub, bağ-bağatla məşğul olarmış. Bir səhər yenə də adəti üzrə bağa çıxanda görür ki, böyük bir ilan daşın üzərində qıvrılıb özünü günə verir. Öldürmək istəyəndə ilan fışıltıyla daşların arasında görünməz olur. Kişi bu əhvalatı yaşlı adamlara danışır. Ona məsləhət edirlər ki, ilana toxunmasın. O ocaq ilanıdır, yurdun bərəkətidir. Onu incitsə küsüb gedər, yurdun bərəkətini də özü ilə aparar. Əgər öldürsə, böyük bəla baş verər. Çünki onlar yeddi qardaş olurlar. Harda olsalar, gəlib öz qardaşlarının intiqamını alarlar.
Kişi qocaları dinləsə də, sözlərinə əməl etmir. Səhərisi gün daş götürüb ilana atır, amma daş ona dəymir. İlan səsə oyanıb şahə qalxır, qəzəbli-qəzəbli fışıldamağa, dilini çıxarmağa başlayır. Sonra da sakitləşib, öz yerində uzanır. Kişi bir daş da atır. Bu da hədəfə dəymir. İlan qəfil yerindən sıçrayır və sürünərək ordan uzaqlaşır.
Bu əhvalatdan xeyli keçir. Kişi hər səhər gizlənib ilanı güdsə də, ondan əsər-əlamət görünmür. Beləcə günlər bir-birini əvəz edir. Bir müddət sonra onun bağ-bağatı tamam quruyur, ailəsində tez-tez bədbəxt hadisələr baş verir. Kişi başa düşür ki, qocaların sözünə baxmayıb ocaq ilanını küsdürüb. Bu səbəbdən də ona bədbəxtlik üz verir...
Bu mətndə hekayətdə əhalinin ətraf mühitə münasibəti konkret təsvir edilib. Belə ki, canlı təbiətə qarşı mənfi münasibətin nəticəsi həmişə fəlakətlə bitir. Burada ilan təbiətin təcəssümüdür. O, həm də ocaq ilanı olmaqla, evin bərəkəti sayılır, yəni insanın yaşayış vasitələri rolunda çıxış edən təbii sərvətdir. İnsan təbii sərvətdən düzgün istifadə etmədikdə, onu korladıqda sonda özü məhv olur. Əfsanənin məğzi də elə bundadır. Digər tərəfdən məlum olur ki, əfsanədə təsvir olunan ilan qızıl təlxədir. El arasında ona "qızıl ilan" deyirlər. Bu ilanlar əsasən əhalinin yaşayış məskənlərinə yaxın ərazilərdə, o cümlədən evlərdə, həyət-bacalarda olur. "Yeddi qardaş ilan" deməklə, təbiətə aqressiv münasibət bəsləyən adamın heç vaxt cəzadan qaça bilməyəcəyinə işarə edilir. Qorxu vasitəsilə ətraf mühitə, canlı təbiətə toxunulmazlıq tərbiyə olunur.
Mifologiya totemizm və kultlaşdırmada qədim insanın təbiətə münasibətini ifadə edirdi. Məsələn, boz qurd totem olaraq türklərin xilaskarı kimi qəbul edildiyi üçün xeyli dərəcədə müqəddəsləşdirilərək kulta çevrilib. "Kitabi - Dədə Qorqud"da evi yağmalanan Salur Qazanın "Qurd üzü mübarəkdir, qurdla bir soraqlaşım" deməsi bunu sübut edir. Su və ağac kultununun meydana gəlməsi də ətraf mühitə münasibətlə, təbiətə etiqadla bağlıdır. Məhz bu inamın nəticəsidir ki, "su murdarlıq götürməz" deyiblər. Yəni bu üsulla suyun çirklənməsinin qarşısını almağa çalışıblar. Qədim insan inanıb ki, "pişiyi öldürən", "dağdağan ağacının bir budağını qıran" xeyir tapmaz.
Zoğal ağacını yandırmaq günah sayılıb. Meşədən çinar kəsib gətirmək yasaq edilib. Mümkün olmadıqda "Cümə günü meşəyə getməzlər," – deyiblər. Heç olmasa, həftənin bir günü bu yolla meşəni qırmaqdan xilas ediblər. Qədim və orta əsrlərdə əhali "Qaranquş yuva quran həyətdə həmişə şadlıq olar" inancı ilə qaranquşa məhəbbətini ifadə edib, onun qorunub saxlanmasını asanlaşdırıb. Eyni zamanda o, bununla demək istəyib ki, qaranquş öz taleyini insana bağlamış canlıdır, yaşayış məskənində nəsil verir. Bu da onun müşahidələr əsasında elementar səviyyədə təbiət haqqında müəyyən bilklərə malik olduğunu göstərir. Göründüyü kimi, inancların böyük qismi təbiət hadisələri, bitki və heyvanat ilə bağlı yaranıb. Nəsilvermə dövründə heyvanları ovlamaq həmişə qadağan olub. Xalq inamına görə, boğaz heyvana daş atan, onu ağacla vuran adamın yeddi arxa dönəninin biri şikəst olar. Belə inamlardan biri də ağaclarla bağlıdır; bəhər vaxtı ağacı kəsməzlər, ağac yiyəsinə ziyan dəyər, - demişlər. Təbii ki, hər iki inanc nəslin artırılmasın yönəlib.
Ətraf mühitə təsir göstərən antropogen faktorlar arasında ovçuluq xüsusi əhəmiyyət daşıyır. Qədim insanların yaratdıqları ovçuluq mifləri təkcə həyat tərzi ilə deyil, təbiətə və təbi sərvətlərdən düzgün və səmərəli istifadə ilə əlaqədardır. Körpə heyvanı vurmaq ovçuluqda həmişə yasaq edilmiş, daha doğrusu günah sayılıb. Əhalini bundan qorxmağa, çəkinməyə çağırıblar. Ümumiyyətlə, ətraf mühitə münasibətdə "savab" və "günah" anlayışlarının işlədilməsi təbiətin qorunmasında mühüm rol oynyıb. "Günah" sözü əhalini zərəli vərdişlərdən çəkindirib. Məsələn, nadir bitki növlərindən sayılan narbənd ağacını kəsmək günah hesab edilib. Guya həmin ağacı kəsən adam dəli olar. Qaynar suyu torpağa tökmək günah sayılıb. Bu onunla izah olunub ki, onda adamı cin boğar. Gerçəkdə isə qaynar su torpaqdakı faydalı mikroorqanizmləri məhv edir. Ona görə də torpağın ekoloji cəhətdən qorunması üçün "günah" ifadəsindən daha çox istifadə etmək məcburiyyətində qalıblar. "Sülh quşu" kimi tanıdığımız göyərçin haqqında belə deyiblər:

Göyərçin alabaxta,
Yuvası qəlbi taxta.
Görüm onu kim vursa,
Qan qussun laxta-laxta.

Alabaxta göyərçinin müqəddəs varlıq səviyyəsinə qaldırılması onun indiyədək kifayət qədər qoruna bilməsində əsaslı rol oynayıb.
Qeyd etmək lazımdır ki, həm keçmişdə, həm də indi bəzi canlılara düzgün olmayan münasibət bəslənilib, lakin sonradan həmin səhvləri aradan qaldırmağa çalışıblar. Məsələn, bayquş və ilanla bağlı iki mifoloji inama diqqət yeirək. İnanca görə, bayquş xarabalıq sevən bədheybət quşdur. Əlbəttə, bu, yanlış fikirdir və bayquş xarabalıq yaratmır. Başqa səbəblərdən yaranmış xarabalıqlarda məskunlaşır. Görünür, məlumatsızlıq bu faydalı quş haqqında xoşa gəlməyən, düzgün olmayan fikirlərin meydana gəlməsinə səbəb olub. Meşə bayquşunun dilindən söylənən bir bayatıda deyilir:

Bayquş mənəm, bayquş mən,
Hər quşlardan say quş mən.
Bir bağa bağban oldum,
Sızıldaram yay-qış mən.

Burada bayquşun sayılan, "hörmətli", "bay quş" olması, faydalılığı bildirilir və təbiətin sanitarı kimi təqdim edilir. "Bayquş qapıdan ötəndə daş atmazlar" – xalq məsəlinin kökündə onun əhəmiyyətli quş olduğu dayanır İlanlar haqqında da tarixən formalaşmış "ilanın ağına da lənət, qarasına da" zərb məsəli bizə görə, bu heyvan haqqında düzgün olmayan münasibətin təzhürüdür. İlan da bayquş kimi faydalı heyvandır, zərərvericiləri məhv etməklə insanlara xeyir verir. Lakin zəhərli olması ona qarşı mənfi münasibət yaradıb. Əslində bütün ilanlar heç də zəhərli deyil. İlan mifik obraz kimi xeyirxahlıq və bərəkət simvolu olması ilə xalq yaradaıclığında özünəməxsus yer tutur. Burada bir xalq deyimini xatırlatma yerinə düşər: "İlandan danışanda ürəyində nə arzu tutsan ona qovuşarsan".
Əhalinin mifoloji dünyagörüşündə təbiət yalnız heyvan, bitki, su, torpaq şəklində qalmaqla məhdudlaşmır, o həm də özünü insanda tapır. Filosof Asif Ata təbiət-insan münasibətlərinin bu halını yüksək qiymətləndirirdi: "Özünə sığmırsan, özündən kənara çıxırsan, qəlbində təbiətə eşq yaranır. Eşq səni təbiətə qovuşdurur, təbiətlə bir olursan – Təbiətləşirsən! Anlayırsan ki, insan elə Təbiət demək imiş – Günəş demək imiş!". Doğrudan da bütün tarixi dövrlərdə insan özünün bir çox əlamətlərini təbiətə aid etməkdən çəkinməyib. O, özünün mənşəyindən tutmuş, həyat tərzinə qədər - hər şeyi təbiətdə görməyə çalışmışdır.
Qədim türk inamına görə Göy – Ata, Yer – Ana, yağışdan sonra cücərən otlar Övladdır. Göylə yer arasında əlaqəyə səbəb olan yağış isə mayalanma toxumudur. Burda təbiətin insana bənzədilməsi göz qabağındadır. Bununla da qədim insan təbiətlə bir olduğunu, yəni onunla eyniyyət təşkil etdiyini bildirir. Sonralar bu, panteizm fəlsəfi cərəyanı tərəfindən daha mükəmməl, daha elmi forma alır. Bu yolla, insan təbiəti öz səviyyəsinə qaldırmaqla onun etibarlı mühafizəsinə zəmin yaradıb. Təəssüf ki, bu, dar çərçivədə baş vermiş və həllini tam tapa bilməyib. Bununla belə, göründüyü kimi, elmin olmadığı dövrlərdə mifologiya təbiətin qorunub saxlanmasında tarixi xidmət göstərib.

Yusif DİRİLİ (Mahmudov)
Ətraf mühit üzrə tədqiqatçı