“Azərbaycan dilində isim kökləri” adlı kitab nəşr olunub Hadisə

“Azərbaycan dilində isim kökləri” adlı kitab nəşr olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin "Azərbaycan dilində isim kökləri" adlı kitabı "Elm" nəşriyyatında çapdan çıxıb. Nəşrin elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri filologiya elmləri doktoru, professor Elbrus Əzizov və filologiya elmləri doktoru, professor Məmmədəli Qıpçaqdır.
Kitabda Azərbaycan dilində işlənən təkhecalı və çox hecalı isimlərin etimoloji şərhi verilib. Əsərdə isim kökləri müqayisəli tarixi istiqamətdə təhlil edilib, 83 sözün etimologiyası müəyyənləşdirilib. Azərbaycan dilinin kompleks etimoloji lüğəti hazırlanmadığından bu kitabda verilən şərhlər isim köklərinin arxetiplərinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Monoqrafiya iki fəsildən ibarətdir. Birinci fəsil "Təkhecalı isimlər", ikinci fəsil isə "Çoxhecalı isimlər" adlanır. Müəllifin qənaətinə görə, müasir Azərbaycan dilində quruluşca sadə hesab olunan isimlərin müqayisəli tarixi təhlili göstərir ki, onlar bir çox halda ikiqat, üçqat kök şəkilçi daşlaşmasına məruz qalıb.