Naxçıvanda məktəblərdə interaktiv açıq dərs təşkil olunub Hadisə

Naxçıvanda məktəblərdə interaktiv açıq dərs təşkil olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs təşkil olunub. Dərsdə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova "Termodinamikanın qanunları" mövzusundan danışıb. Bildirib ki, termodinamika müxtəlif növ enerjilərin qarşılıqlı çevrilmələri və bu çevrilmələrin qanunlarını öyrənən elmdir. Termodinamikanın qanunları fizika fənnində öyrənilir. Eyni zamanda kimyəvi reaksiyalarda da termodinamik parametrləri bilmək mütləqdir.
G.Məmmədova qeyd edib ki, XIX əsrin birinci yarısında bir elm sahəsi kimi yaranan termodinamikanın 4 qanunu var. Birinci qanununa enerjinin saxlanma qanunu da deyilir. Bu qanun 3 böyük alimin - alman həkimi Yulius Mayer, alman fiziki German Helmholts və ingilis fiziki Ceyms Coul adı ilə bağlıdır. Termodinamikanın ikinci qanunundan bəhs edən kimyaçı alim şagirdlərin diqqətinə çatdırıb ki, bu qanun entropiya (S) anlayışı ilə bağlıdır. Entropiya sistemin nizamsızlığı funksiyasıdır.
Qeyd olunub ki, termodinamikanın üçüncü qanunu 1906-cı ildə alman fiziki və kimyaçısı Valter Nernst tərəfindən müəyyənləşdirilib və bu qanun Nernst teoremi kimi də ifadə olunur. Termodinamikanın sonuncu qanununa isə 0 qanun deyilir. Açıq dərs ümumilikdə muxtar respublikanın 226 ümumtəhsil müəssisəsindən izlənilib.