Big Data mühitində anomaliyaların aşkarlanması üsulu təklif edilib Hadisə

Big Data mühitində anomaliyaların aşkarlanması üsulu təklif edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları "Big Data mühitində anomaliyaların aşkarlanması üçün klassifikatorların hibridləşdirilməsi" adlı məqalə "Inderscience" nəşriyyatında çapdan çıxan "International Journal of Big Data Intelligence" jurnalında dərc edilib.
İnstitutdan bildirilib ki, "bulud" infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün sistemlərin vəziyyəti və proqram təminatının yerinə yetirilməsində baş verə bilən keyfiyyət göstəriciləri anomaliyalarının aşkarlanması vacib məsələlərdən hesab olunur. Məqalədə bulud infrastrukturunun keyfiyyət göstəricilərində anomaliyaların aşkarlanması üçün klassifikatorlar ansamblına əsaslanan yarımöyrədilən klassifikasiya üsulu təklif edilir. Təklif edilmiş model "Bayes" klassifikatorları, neyron şəbəkələri və qərar ağacları kimi məşhur klassifikator siniflərinə daxil olan alqoritmlər əsasında qurulub. Modelin müxtəlif maşın təlimi üsulları ilə müqayisəli təhlili böyük ölçüyə malik "Google cluster trace" və "Yahoo!S5" açıq bulud verilənlər bazaları üzərində aparılıb.
Qeyd edək ki, "International Journal of Big Data Intelligence" jurnalı "Asian Digital Library", "cnpLINKer" (CNPIEC), "Computer Database" (Gale), "DBLP Computer Science Bibliography", "Google Scholar" beynəlxalq elmi bazalarda indeksləşir.