“Komitə dini təbliğat sahəsinə nəzarəti artırmalıdır” Hadisə

“Komitə dini təbliğat sahəsinə nəzarəti artırmalıdır”

Aqil Lətifov: "Ölkədə dinlə bağlı ən vacib problemlərdən biri dini təbliğatın düzgün qurulmamasıdır"

Rövşən Ziya: "Komitə həm də ölkədə dini maarifləndirmə işlərinin genişləndirilməsinə xüsusi diqqət yetirməlidir"

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivinin ümumi iclası keçirilib. İclasda Dövlət Komitəsinin yeni sədri Mübariz Qurbanlı, DQİDK-nın mərkəzi aparatının işçiləri, habelə bölgə şöbə müdirləri iştirak ediblər. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bundan sonra DQİDK-nın qarşısında duran vəzifələr barədə məlumat verib. Bildirib ki, dövlət-din münasibətləri strategiyası ölkəmizdə yaşayan müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi habelə vətəndaşlarımızda, xüsusən də dindarlarda dövlətə inamın və dövlətçiliyimizə dəstəyin formalşdırılmasına xidmət edir.
Tədbirdə Prezident İlham Əliyev tərəfindən təltif edilmiş DQİDK-nın Qarabağ bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfova Dövlət Komitəsinin sədri tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim edilib. Sonda bir sıra cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ümumiyyətlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri nədən ibarət olmalıdır?
Dinlə bağlı təbliğat işi necə qurulmalıdır?
Politoloq Arzu Nağıyev bildirdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyinatı və artıq rəhbər kadr məsələsinin tam həlli, yəqin ki, bu qurumun fəaliyyətində müəyyən müsbət dönüşlər yaratmalıdır. Onun sözlərinə görə, Təyinatlar doğrudan da təqdirəlayiqdir: "Hər bir rəhbər işçi müəyyən siyasi çəkiyə malik və ictimaiyyət tərəfindən tanınan şəxslərdir, həyat və iş təcrübəsi kifayət qədərdir. Deməli, işləmək və son zamanlar dini zəmində baş verən narazılıqları aradan qaldırmaq lazımdır. Bununla yanaşı əvvəllər də qeyd edildiyi kimi dini icmaların şəffaflığını yaratmaq, hər bir dini işmanın soşial şəbəkədə ünvanları, sosial layihələri, internet saytı olmasına, görüdkləri işlərin hesabatı, planları və s. haqqında məlumatların geniş auditoriyaya çatdırılmaslına nail olmaq gərəkdir. Komitə dini təbliğat sahəsinə nəzarəti artırmalıdır. Tolerantlıq daha ciddi şəkildə təbliğ olunmalı, insanlara doğru dini çatdırmaq lazımdır. Ən mühüm məsələ isə dini radikalizmin qarşısının alınması üçün ciddi maarifçiliklə məşğul olmaq və bunu təbliğ etməkdən ibarət olmalıdır. Birtərəfli dini təbliğatın qarşısı alınmalı, bütün cərəyanlara müəyyən meydan verilməlidir". O, həmçinin əlavə etdi ki, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi (QMİ) arasında səlahiyyət bölgülərinə, müxtəlif dini vəzifələrin təyinat məsələsinə və bunun üçün kimin hansı səlahiyyətə malik olmsaına aydınlıq gətirilməlidir: "Hər iki qurumun mütəmadi olaraq birgə tədbirlərinin keçirilməsinə nail olmaq lazımdır. İslam Universitetinin işində yeniliklər yaratmaq, elmi potensialın dünya miqyasına çıxarılması istiqamətində müvafiq işlər görülməlidir".
Jurnalist Aqil Lətifov diqqətə çatdırdı ki, ölkədə dinlə bağlı ən vacib problemlərdən biri dini təbliğatın düzgün qurulmamasıdır: "Çünki insanlar dinin mahiyyətini tam anlaya bilmirlər. Bu sahədə təbliğatın, maarifləndirmə işinin aparılması vacib şərtlərdən biridir. Bu proses xüsusilə telekanallarda aparılmalıdır. Komitə təbii ki, fəaliyyətini bütün dini konfensiyalara bərabər səviyyədə qurmalı və Azərbaycanın tolerant ənənələrini davam etdirməlidir. Ən əsası dinlərarası qardaşlıq münasibətləri qorunub saxlanmalıdır. Komitəni bu sahəni tam nəzarətdə saxlayan bir biçimdə görmək xoş olar. Yəni yayılan bütün dini ədəbiyyatlara tam nəzarət edilməli, ziyanlı kitabların, eləcə də ziyanlı qüvvələrin din adından sui-istifadə etməsinin qarşısı alınmalıdır. Dinlərlə bağlı əsl həqiqətlər təbliğ edilməli, bu sahədə güclü maarifləndirmə işləri aparılmalıdır".
Ekspert Ceyhun Məmmədov isə hesab edir ki, hazırda bir sıra müsəlman ölkəsində dini müstəvidə baş verən hadisələr Azərbaycan hökumətindən olduqca ciddi düşünülmüş siyasətin həyata keçirilməsini tələb edir: "İraqda və Suriyada baş verənlərin fonunda Azərbaycanda da radikallığa meylli qüvvələrin aktivləşəcəyi ehtimalı güclüdür. Bu baxımdan hazırkı dövrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə kimin rəhbərlik edəcəyi xüsusi əhəmiyyət daşıyır.
Mübariz Qurbanlı dövlətçilik təcrübəsinə malik, ictimaiyyət tərəfindən kifayət qədər tanınmış, dini durumdan məlumatlı şəxslərdən biridir. Kimliyindən asılı olmayaraq bu vəzifədə çalışacaq insanın üzərinə çox böyük məsuliyyət düşür. Uzun müddət bu vəzifənin boş qalması dini durumda gərginliyi daha da artıra bilər. Dini durumda mövcud xoşagəlməz halların qarşısı indidən alınmasa, gələcəkdə Azərbaycan xalqı çox ciddi problemlərlə üz-üzə qala bilər".
İlahiyyatçı Elşad Miri Dini Komitənin konsepsiyasının olmasının vacib olduğunu deyib: "Bu gün vəziyyət elədir ki, çıxış yolu üçün mütləq bu qurumun özünün konsepsiyası olmalıdır. "Regionların inkişaf planı" kimi dinlə bağlı da hökumətin bir konsepsiyası olmalıdır. Buna uyğun olaraq da addım atılmalıdır. Ümid edirəm ki, bununla bağlı addım atılacaq və nəticə əldə ediləcək".
Elşad Miri qeyd edib ki, ilk dövrdən sonrakı vaxtlarda baş verən hadisələr bunu deməyə əsas verir ki, dini sahədə müəyyən problemlər strateji əhəmiyyətli şəxsin təyinatına səbəb oldu: "Son dövrlərdəki Suriya, İŞİD, Fələstin-İsrail və ölkə daxilindəki müəyyən məsələlər göstərdi ki, sədr olan insanlar ya Qafqaz Müsəlmanları İdarəsi ilə ayaqlaşmalı ya da öz konsepsiyası üzrə hərəkət etməlidir".
Jurnalist Rövşən Ziya vurğuladı ki, Dini Qurumlar üzrə Dövlət Komitəsi Azərbaycanda dini tolerantlığın qorunması üçün dini təşkilatların qeydiyyatını və onlara nəzarəti, o cümlədən bu qurumlar arasında münasibətlərin tənzimlənməsini həyata keçirir: "Ancaq son zamanlar ölkədə dini tolerantlığın pozulması ilə bağlı bəzi faktlar ortaya çıxdı. Bu da onu göstərdi ki, bu qurum bütün gücü ilə fəaliyyət göstərsə də, bu sahədə çoxlu nöqsan var. Komitənin əvvəlki sədri Elşad İsgəndərovun adının Nurçuluq cərəyanı ilə birlikdə hallandırılması isə göstərdi ki, qurum təyinatı üzrə fəaliyyət göstərə bilmir. Onu da vurğulayım ki, komitənin işində çoxlu nailiyyətlər əldə olunub". O, həmçinin əlavə etdi ki, komitənin fəaliyyəti yalnız dini qurumların qeydiyyatı ilə kifayətlənməməlidir: "Komitə həm də ölkədə dini maarifləndirmə işlərinin genişləndirilməsinə xüsusi diqqət yetirməlidir. Bəllidir ki, Azərbaycanda dini təbliğat zəif olduğu üçün insanlarımız kənardan gələn dini missionerlərin təsirinə tez düşürlər. Bu da Dini Qurumlar üzrə Dövlət Komitəsinin zəif gözə çarpan fəaliyyəti nəticəsində baş verir. Xüsusilə də son dövrlərdə gənclərimizin çoxunun hardan gəldiyi bilinməyən dini qanadların təsiri altına düşərək, Yaxın Şərq ölkələrində gedən müharibələrə cəlb olunması faktları ilə üz-üzə qalmışıq. Əgər Dövlət komitəsi, xüsusilə də Qafqaz Müsəlmanları İdarəsi əvvəlcədən fəaliyyətlərini düzgün qursaydılar, düşünürəm ki, bu proseslər də baş verməzdi. - Bu qurumu necə görməyimə gəlincə, qurum ilk növbədə fəaliyyətində ciddi dəyişikliklər etməli və ölkədə dini təbliğatı ciddi şəkildə gücləndirməlidir. Əks halda ölkəmizdə daha ciddi neqativ hadisələrin şahidi olacağıq. Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlının DQDK-nın sədri təyin edilməsi gənc araşdırmaçı jurnalist kimi məndə böyük ümidlərin yaranmasına səbəb olub. Mübariz müəllimi uzun müddətdir tanıyan və onun fəlaiyyəti ilə bağlı az-çox məlumatı olan bir şəxs kimi deyə bilərəm ki, onun quruma sədr gətirilməsi bir çox neqativ halların aradan qaldırılmasına səbəb olacaq. Düzdür, artıq bəzi media orqanları onun yeni təyinatını indidən tənqid etməyə başlayıblar. Bir çoxları belə düşünürlər ki, dinlə bağlılığı olmayan şəxsin belə bir qurumun başına gətirilməsi düzgün deyil. Ancaq mən bunun əksini düşünürəm və bildirirəm ki, Mübariz Qurbanlı bu vəzifədə təzə olduğu üçün, onu indidən tənqid etməyə tələsməyək. Bir qədər gözləyək və onun hansı işlər görəcəyini diqqətdə saxlayaq. Əgər doğrudan da Mübariz müəllim xalqın və dövlət başçısının ümidlərini doğrultmasa, hamılıqda tənqid edək və nöqsanları göstərək".

Əli