Acınacaqlı vəziyyət: tələbələr ev tapa bilmir Hadisə

Acınacaqlı vəziyyət: tələbələr ev tapa bilmir

Kirayə mənzil bazarında hazırda acınacaqlı vəziyyət yaşanır. Bölgələrdən təhsil almaq üçün gələn tələbələr ev tapa bilmir. Universitetlərə yaxın yerlərdə olan münasib qiymətə kirayə evlərin hamısı plana düşərək sökülüb. Yeni inşa edilmiş binalardakı qiymət isə tələbələrin büdcəsinə uyğun deyil.
Bu sözləri Axar.az-a əmlak eksperti Elnur Fərzəliyev yeni təhsil ilinin astanasında yaşanan kirayə mənzil problemi barədə danışarkən deyib.
Ekspertin sözlərinə görə, son bir ilə yaxındır ki, universitetlərin bölgələrdən gələn tələbələri ev tapmaqda çətinlik çəkir. Zaman daraldıqca isə qiymətlər daha da artır:
“Avqustun ortalarından başlayaraq Bakıda kirayə mənzil bazarında bölgələrdən ev axtarmağa gələnlər sayəsində canlanma yaranıb. Avqustdan ev axtarmağa başlayanlar ev tapa bilib. Ancaq indi gələnlərin əksəriyyəti çətinlik yaşayır. Problem isə bölgədən gələn tələbələrin büdcəsinə uyğun kirayə mənzillərin məhdud sayda olmasıdır. Buna əsas səbəb isə köhnə mənzillərin sökülməsi, tələbələr üçün uyğun olan köhnə tikililərin bir-bir sıradan çıxmasıdır.
Universitetlərin əksəriyyəti metronun “Elmlər Akademiyası” stansiyasına yaxındır. Bu səbəbdən bir çox valideyn çalışır ki, həmin əraziyə yaxın yerlərdə, Yasamal, “Sovetski” adlanan ərazidə ev tapsın. Həmin ərazilərdə evlərin qiyməti 100-150 manat arasında idi. İndi “Sovetski”nin böyük bir hissəsi söküldüyü üçün demək olar ki, ucuz kirayə evlərin hamısı sıradan çıxıb. Bununla paralel, yeni layihələrlə əlaqədar köhnə tikililər sökülür. Nəzərə alın ki, köhnə binalarda mənzillərin böyük hissəsi kirayə verilirdi. Belə binaların sökülməsi ilə də kirayə mənzil bazarında vəziyyət dəyişdi. Hazırda Bakıda elə şəhərin ənənəvi sakinlərinin əksəriyyəti hansısa layihə səbəbindən müvəqqəti olaraq kirayələrdə məskunlaşıb. Bu da təbii olaraq münasib kirayə evlərin sayını azaldır və boş qalmış evlərin qiymətini artırır”.
Ekspert bildirib ki, bu illər ərzində kirayə evlərin qiyməti təxminən 100-150 manata qədər artıb:
“Bunu tənzimləmək üçün Dövlət Şəhərsalma və Arxitektura İdarəsi söküntü işlərinin şərtlərini bir qədər çətinləşdirdi ki, işlər mərhələli şəkildə getsin. Eyni vaxtda şəhərin bir neçə istiqamətində söküntü işlərinin getməsi mənzil bazarında problem yaradır, kirayə evlərin sayını azaldırdı. Buna baxmayaraq, universitetlərə yaxın yerdə münasib qiymətə kirayə evlər yoxdur”.
E.Fərzəliyev bildirib ki, yeni tikilən göydələnlərdə hazırda kifayət qədər kirayə evlər var:
“Ancaq belə evlərin lüks şəraiti var və ona görə də qiymətlər çox bahadır, tələbənin cibinə uyğun deyil. Bölgədən gələn tələbənin cibinə uyğun mənzillər isə şəhərdən kənardadır. Günəşli, Xırdalan, Binəqədi, Masazır kimi yerlərdə ucuz evlər var, ancaq bu evlər universitetlərdən çox uzaqdır. Bir tələbə üçün də belə evdə yaşamaq həm pul, həm də vaxt itkisidir.
İçində bütün texniki avadanlıqları olan, soyuducu, paltaryuyan, kondisioner, televizor və digər lazımi əşyaları olan mikrorayon, Yasamal, “Qara Qarayev”, Əhmədlidə 1 otaqlı mənzillər 300-400 manat arasındadır. Bu, bölgədən gələn tələbə üçün çox bahadır. Hətta iki tələbə yaşasa belə, yenə də bahadır. Birotaqlı ev də 3-4 tələbə üçün uyğun deyil”.
Ekspert problemin həlli üçün iki mühüm təklif irəli sürüb. Xarici təcrübədən danışan ekspert bildirib ki, tələbələr üçün yataqxanalar inşa edilməlidir:
“Birincisi odur ki, ya ali məktəblərin yataqxanaları boşaldılıb yenidən tələbələrin ixtiyarına verilməli, ya da universitetlərin yeni yataqxanaları yaradılmalıdır.
İkincisi isə iş adamları, biznesmenlər və ya tikinti şirkətləri yataqxanalar inşa etməkdə maraqlı olmalıdır. Tələbələr üçün nəzərdə tutulmuş aylıq 70-80 manata münasib evlər olmalıdır ki, iki tələbə rahatlıqla belə yerdə qala bilsin. Bu, həmin tikintini həyata keçirən quruma da sərf edər. Bir neçə ildən sonra tikintiyə sərf etdiyi xərci götürüb sonrakı illər qazanc əldə edəcək. Universitetlərin Bakıda yerləşdiyini nəzərə alsaq, deyə bilərik ki, belə yataqxanalar heç vaxt boş qalmaz. Bu özü böyük bir biznesdir. Xarici təcrübədə də bu var. Türkiyədə də bir çox iş adamı bundan istifadə edir. Xüsusilə universitetlərin yaxınlığında yataqxana tipli bir neçə mərtəbədən ibarət evlər tikirlər. Bakıda da tələbələr üçün bu tip münasib qiymətə yataqxanalar inşa edilməlidir.
Hətta hansısa universitet belə bir layihə hazırlayıb banka təklif etsə, istənilən bank bunun üçün pul ayırar”.