BDU-nun alimləri Lissabon Universitetində elmi tədqiqat aparıblar Hadisə

BDU-nun alimləri Lissabon Universitetində elmi tədqiqat aparıblar

Bakı Dövlət Universitetində (BDU) kimya fakültəsinin “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasının (ETL) aparıcı elmi işçisi, kimya elmləri doktoru Kamran Mahmudov və Üzvi kimya kafedrası nəzdində fəaliyyət göstərən “Zərif üzvi sintez” ETL-nin aparıcı elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru Ataş Qurbanovun Portuqaliyanın Lissabon Universitetində uzunmüddətli ezamiyyəti zamanı yerinə yetirdikləri elmi tədqiqat işlərinin yekunlarına həsr olunmuş elmi seminar keçirilib.
BDU-dan bildiriblər ki, seminarda bu ali məktəbin elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə elmi-tematik plan üzrə yerinə yetirilmiş işlər əsasında mühüm elmi nəticələrin kollektivə təqdim edilməsi, müzakirəyə çıxarılması, həmçinin tələbələrin elmi axtarışlara sövq edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra Kamran Mahmudovun “Qeyri-kovalent qarşılıqlı təsirlər: sintez, kataliz və materialların dizaynı”, Ataş Qurbanovun “Kristal mühəndisliyində qeyri-kovalent qarşılıqlı təsirlər” mövzularında məruzələri universitetin elmi ictimaiyyətinə təqdim edilib. Məruzəçilər ezamiyyət müddətində Lissabon Universitetində mövzu üzrə elmi-tədqiqat işlərinin təşkili, BDU-nun kimya fakültəsi əməkdaşlarının və xarici alimlərlə birgə əldə etdikləri elmi nəticələr, həmçinin uyğun dövrü əhatə edən nəşrlər barədə geniş məlumat veriblər.
K.Mahmudov bildirib ki, qeyri-kovalent qarşılıqlı təsirlər (hidrogen, halogen, xalkogen, pnictogen, tetrel və triel rabitələr, kation-π, anion-π, π-π, n-π*, aqostik, pseudo-aqostik, anaqostik, dispersion, lipofil, və s.) biomolekulların və materialların özülünü təşkil edir. Keçid mərhələlərini və intermediatları stabilləşdirən qeyri-kovalent qarşılıqlı təsirlər kimyəvi reaksiyaların selektivliyi və katalitik proseslərin istiqamətini müəyyənləşdirir. Hidrogen rabitəsinin sintez və katalizdə rolunun yaxşı öyrənilməsinə baxmayaraq, yeni növ rabitələr - halogen, xalkogen, pniktogen, tetrel və triel - sintetik kimyada geniş istifadə edilməyib. Ezamiyyət dövrü ərzində üzvi və koordinasion birləşmələrin sintezində qeyri-kovalent qarşılıqlı təsirlərin rolunun öyrənilməsi, azot və hidrazonlarda E/Z izomerləşmənin qeyri-kovalent qarşılıqlı təsirlərlə nəzarəti, qeyri-kovalent qarşılıqlı təsirlər mövzusunda beynəlxalq konfransın təşkili əsas məqsəd olub. K.Mahmudov onu da əlavə edib ki, “Clarivate Analytics” agentliyinin siyahısına daxil olan yüksək impakt faktorlu jurnallarda 4 geniş icmal, 2 kitab fəsli, 25 məqalə və 12 tezis nəşr etdirməklə Bakı Dövlət Universitetini layiqincə təmsil edib.
A.Qurbanov isə koordinasion və üzvü birləşmələrin xassələrinin molekullararası zəif qarşılıqlı təsirlərin (hidrogen, halogen, xalkogen, tetrel ve s. rabitələr) təbiətindən asılı olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb. Məlum olub ki, molekula qeyri-kovalent rabitə donor və ya akseptor əvəzedicilər daxil etməklə onların xassələrini dəyişmək (tənzim etmək) mümkündür. Koordinasion birləşmələrin katalitik aktivliyini artırmaq üçün ligand molekuluna əlavə sulfo və ya karboksil qruplarının daxil edilməsi hidrogen rabitəsi hesabına reaksiyanın seçiciliyini təmin edir. Tək hidrogen rabitəsi deyil, digər qeyri-kovalent qarşılıqlı təsirlər - halogen və ya tetrel rabitələr də molekulların kristalloqrafik parametrlərini və xassələrini dəyişir.