“SEPAH İran rejiminin onurğa sütunudur” Gündəm

“SEPAH İran rejiminin onurğa sütunudur”

“İranda ötən ilin 28 dekabrından milli valyutanın dəyərdən düşməsi və sosial-iqtisadi vəziyyətin kəskin pisləşməsi fonunda başlayan etiraz aksiyaları qısa müddətdə geniş vüsət alaraq ilkin iqtisadi məzmununu dəyişib”.

Bunu politoloq Əli Orucov Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, etirazlar getdikcə siyasi xarakter alaraq birbaşa rejimin varlığını təhlükə altına qoyub və beynəlxalq müstəvidə ciddi rezonans doğurub: “1979-cu ildən bəri teokratik hakimiyyət bu qədər dərin və kütləvi daxili təzyiqlə üzləşməyib. Proseslərin ilk mərhələsində rejim müəyyən qədər ehtiyatlı və təmkinli mövqe sərgiləsə də, etirazların miqyası genişləndikcə davranışlar kəskin şəkildə dəyişdi və amansız repressiya mərhələsinə keçildi. Təhlükəsizlik qüvvələri, xüsusilə SEPAH-ın elit bölmələri, “Bəsic” və ETELAAT strukturları genişmiqyaslı divantutma əməliyyatlarına başladılar.Yüzlərlə etirazçı qətlə yetirildi, minlərlə insan həbs olundu, işgəncələrə və ağır repressiyalara məruz qaldı. Heç bir istintaq aparılmadan insanlar İsrail və ya ABŞ agenti damğası ilə edama göndərildi”.

Əli Orucov vurğulayıb ki, ABŞ və İsrailin etirazçılara dəstək xarakterli bəyanatları Ali Dini Lider üçün daxili narazılıqları daha sərt üsullarla boğmaq üçün bəhanə rolunu oynayıb: “Rejimi ayaqda saxlayan və onun onurğa sütunu sayılan SEPAH, ‘Bəsic’ və ETELAAT bu dəfə də verilən tapşırıqları ‘yüksək səviyyədə’ icra edərək etirazların aktiv fazasını susdurmağa nail oldu”.

Politoloq bildirib ki, buna baxmayaraq, baş verən zorakılıqlar və kütləvi qətllər beynəlxalq ictimaiyyətin diqqətindən yayınmayıb: “Reaksiyalar geciksə də, artıq adekvat olmasa belə ciddi təpkilər formalaşmaqdadır”.

Ə.Orucovun fikrincə, Avropa Parlamentinin SEPAH-ı terror təşkilatları siyahısına salması İran rejimi üçün ağır zərbədir: “SEPAH təkcə hərbi güc deyil, eyni zamanda iqtisadi, maliyyə və siyasi baxımdan İran sisteminin əsas dayağıdır. Onun terrorçu qurum kimi tanınması İranın terroru dəstəkləyən və maliyyələşdirən dövlət kimi qəbul olunmasına gətirib çıxara bilər. Əgər Avropa Birliyi Avropa Parlamentinin qərar və çağırışlarını tam şəkildə icra edərsə, bu, İranın beynəlxalq siyasi münasibətlər sistemində tam təcrid olunmasına və terrorçu dövlət kimi tanınmasına yol aça bilər.Bu, eyni zamanda SEPAH və ona bağlı silahlı qüvvələrin legitim hədəfə çevrilməsi deməkdir. SEPAH və ‘Bəsic’in çökməsi isə İran molla rejiminin süqutunu xeyli sürətləndirə bilər”.

Günel Elxan