Çaldıran savaşından 500 il ötür Hadisə

Çaldıran savaşından 500 il ötür

Türk bir də yadlara uyub özünə qarşı bu boyda dəhşətli savaş törətməsin

Bu vuruşdan sonra Şah İsmayıl bir də heç bir döyüşə girməyib, ancaq dövlət quruculuğu ilə məşğul oldu...

Avqustun 23-ü iki böyük türk hökmdarı Şah İsmayıl Xətai ilə Sultan Səlim arasında baş vermiş dəhşətli Çaldıran fəlakətindən (1514-cü il) 500 il ötür. Unutqan olmayanlar xəyalən o çağlara qayıdıb tariximizin, bütövlükdə türk tarixinin ən qanlı, tükürpədən, yalnız yenilgidən ibarət savaşını, türkün türkə qənim kəsildiyi Çaldıran döyüşünü xatırlasınlar. Bu andan o çağlara boylandıqda böyük, qüdrətli babalarımızın adi yanlışlarından öz ulusları üçün necə sarsıdıcı bir fəlakət törətdiklərinin şahidi oluruq.
Bu savaş aradan keçən sürədə tarix kimi dartışılmaqda, çək-çevir edilməkdədir. İstək birdir: türk bir də yadlara uyub özünə qarşı bu boyda dəhşətli savaş törətməsin, öz soyuna qıymasın!
XVI əsrin başlanğıcında Şərqdə ciddi, dayanıqlı güc olan iki türk imperiyasının varlığı Avropanı qorxutmağa başlamışdı. Türkü sevməyənlər nə olur-olsun, onları bir-biri ilə vuruşdurmağa, zəiflətməyə çalışırdılar. Nəhayət, Şah İsmayılla Sultan Səlimin arasını vura bildilər. Şər türklərin zəif damarını tapdı, babalarımızın bir-birini sevməməsindən ustalıqla yararlandı. İki türk cahangiri öncə sözlə döyüşdülər, sonra isə Çaldıranda.
Çaldıranla yeni fəlakətimizin özülü qoyuldu. Bu savaşda qalib olmadı. Əslində hər iki tərəf məğlub idi. Ona görə ki, "Türk türklə döyüşəndə həmişə məğlub olub" (Asif Ata).
Hər ikisinin türklüyün yayılması ilə bağlı gözəl istəkləri də vardı. Türklər fəlakətlərindən dərs ala biliblərmi? Hər sayaq özgə hadisələr (dini, siyasi) az qala hər kəsin ağlında, ürəyində kitablaşdığı dərəcədə niyə fəlakətlərimiz demək olar, yada salınmır? Başqa yandan da fəlakətli tarixi hadisələrimiz daha çox tarix kimi araşdırılır, xəlqi-mənəvi itkilərin nədən ibarət olduğu bilinmir.
O zaman savaş Osmanlı imperiyası ilə Azərbaycan Səfəvilər dövləti arasında gedirdi. Sonradan Səfəvi hökmdarı Şah Abbas babası Şah İsmayılın gördüyü bütün böyük işləri yox etdi.
İndi də dünya türklərin birliyini istəmir, əlindən gələni edir ki, nə olur-olsun, türklər birləşməsinlər. Unutmayaq: siyasi dünya bizi bizdən yaxşı tanıyır.
Buradaca bir doğma ərkimi də çatdırmaq istəyirəm. Qoy Türkiyə türkləri bizi "azəri" deyə çağırmasınlar. Dünyada "azəri" adında türk soyu yoxdur. Bizim bir adımız var - türk! Azərbaycan isə yaşadığımız bölgənin, yurdun adıdır.
Çaldırandan qabaq Azərbaycanın Midiyanın çöküşü, Babəkin qətli kimi böyük, sarsıdıcı faciələri olmuşdu. Xalq olaraq fəlakətlərimizin ölçüsünü anlaya bilmədik. Əksinə, Çaldırandan sonra yeni-yeni fəlakətlərimiz (Türkmənçay faciəsi, Azərbaycan Xalq Cümhuriyyətinin çöküşü, 20 Yanvar, Xocalı) baş verdi.
Çaldıran fəlakəti - bütün türklər üçün böyük dərsdir.
İndisə bu sarsıdıcı faciəmizi ayrıntıları ilə yada salaq.
Səfəvilər dövlətinin meydana çıxması (1501) və onun gücünün artması Osmanlı İmperiyasını çox qayğılandırırdı. Hələ 1502-ci ildə sultan hökuməti Səfəvilərin durumu ilə bağlı bilgi toplamağa başlamışdı. Sultan I Səlim Yavuz Çaldırana kimi Anadolu şiələri tərəfindən yaranmış təhlükəni yox etdi. Osmanlı imperiyası Səfəvilərin yağısı olan Ağqoyunlu başçılarına yardım edir, yeni dövlətin bərkiməsinə qarşı çıxırdı. Ancaq Osmanlı sultanı II İldırım Bəyazid (1481-1512 - hakimiyyət illəri) Səfəvi hökmdarı Şah İsmayıla (1486 -1524) qarşı savaşa başlamağa cəsarət etmədiyindən 1504-cü ildə Səfəvilər dövlətini tanımalı oldu. Bununla belə Osmanlı feodalları Azərbaycanı və qonşu ölkələri ələ keçirmək istəklərindən əl çəkmirdilər. Səfəvilər də Osmanlının bir sıra doğu torpaqlarını özlərindən asılı etmək istəyirdilər.
I İsmayıl Osmanlı dövləti ilə toqquşmanın qaçılmaz olduğunu duyur və savaş üçün qıraqdan özünə yardım axtarırdı. 1505-ci ildə Səfəvilər dövləti Osmanlı imperiyasına qarşı birgə çıxış etmək üçün Venetsiya ilə danışıqlar apardı. Özəlliklə bir sıra Avropa ölkələri bu iki qardaş dövlətin vuruşmasını çox istəyir, bununla bağlı tərəfləri bir-birinə qarşı salışdırırdılar.
İsmayılın Avropa dövlətlərindən yardım almaq istəyi sonacan baş tutmadı. Şah İsmayıl qorxulu qonşusu Şeybani xanın dövlətini çökdürəndən sonra Osmanlıya qarşı bir sıra yanlış addımlar atdı: onları qorxutmaq üçün Şeybani xanın başının dərisinə saman doldurub İstanbula göndərdi. Osmanlı sarayının içərisində gedən çəkişmə və Bəyazidin kiçik oğlu Səlimin çevrilişi ilə bağlı bu, cavabsız qaldı. Bəyazid yalnız İsmayıla gələcəkdə belə işlərdən əl çəkməyi və müsəlmanlar (Çaldıran döyüşünün baş verməsində şiə-sünnü məsələsi başlıca amillərdən olub, ona görə də qanıbir, dilibir qardaş dövlətlər bir-birinə yağı kimi baxıblar) arasında qan tökməməyə çağırdı.
1512-ci ildə I İsmayılın sərkərdəsi Ərzincan hakimi Rumlu Nurəli xəlifə yerli qızılbaşların yardımı ilə Kiçik Asiyada Qarahisar və Malatya şəhərlərinə yiyələndi. Bununla bir çağda qızılbaş sərkərdəsi Məhəmməd xan Ustaclı Diyarbəkri ələ keçirdi. Sultan I Səlim Yavuz taxta çıxan kimi qonşu Avropa və Asiya dövlət başçıları onu tanımaq üçün səfirlərini Ədirnəyə göndərdilər. Onların içərisində Səfəvilərin elçisinin olmaması sultana toxundu.
O, hakimiyyətə gələn kimi (1512-1520) Osmanlı dövlətinin qızılbaşlarla ilişkiləri dəyişdi və onda qardaş qırğınına getmək düşüncəsi daha da alovlandı. Bunun üçün o, bir sıra işlər gördü: Avropa ölkələri ilə ilişkilərini artırdı, onlarla işbirliyi sazişləri bağladı; yardım üçün Mavərənnəhrin özbək padşahı Ubeydulla xanın razılığını aldı; ölkədə qızılbaş dərviş təriqətlərinin tərəfdarları olan şiələri ucdantutma qırdı. Bunun üçün hər vilayətdə 7-dən 70 yaşınacan bütün şiə kişiləri siyahıya aldırdı. Təkcə bu tədbirlərin birində 40 min şiə türk qılıncdan keçirildi; sultan işğalçılıq istəyini ört-basdır etmək üçün 1514-cü ilin yazında Ədirnədə gözlənilməz bir toplantı çağırdı. Toplantıda sünnü alimləri qızılbaş şiələrlə savaşı bütün müsəlmanların müqəddəs vəzifəsi olduğunu bildirdilər. Sultanın vəzirləri isə Şah İsmayılla savaşın qorxulu olacağını söylədilər.
Osmanlı sultanının göstərişi ilə ölkənin hər yerindən qoşun toplandı. O, döyüşçülərin ruh yüksəkliyini qaldırmaq üçün onların hər birinə min akça payladı. Az sonra 140 min nəfərlik bir qoşun yarada bildi və ordu qızılbaşlarla vuruşa hazır duruma gətirildi. Sultanın qoşunu Osmanlı - Səfəvi sınırı boyunca axan Çaysu çayını keçib Ərzincana girdi. Buna kimi Nurəli Xəlifə Şah İsmayılın göstərişilə şəhərdən çıxıb Azərbaycana doğru çəkildi. Osmanlı sultanı savaşa başlamazdan öncə Şah İsmayıla göndərdiyi iki məkubunda onunla ciddi döyüşəcəyini bildirmişdi. İsmayıl isə onu saymadığından məktublarına da cavab vermədi. Sultan üçüncü məktubunu göndərəndə İsmayılı "qorxaq" adlandıraraq ələ saldı. Şah İsmayıl bu dönə ona sanballı bir məktub yazdı və onu sultan kimi tanımadığını bildirdi.
Osmanlı sultanı anlayırdı ki, İsmayılın geri çəkilməsinin, savaşdan yayınmasının arxasında düşünülmüş bir addım dayanır. Doğrudan da İsmayıl döyüşü qışacan yubatmaq, qışda sultan qoşununu aclıqla sınağa çəkmək istəyirdi. İsmayılın saymaz davranışı hər an sultanı qıcıqlandırır, onda yağısına qarşı acıq yaradırdı. İş o yerə çatdı ki, ölkəsində olan Səfəvi elçisi Şahqulu Boynökəri heç bir siyasi ölçülərə sığmayan biçimdə edam etdirdi və ardınca İsmayıla dördüncü məktubunu göndərib, döyüş fikrinin kəskin olduğunu vurğuladı. İsmayılın da döyüşə hazır olduğunu duyunca sultan Güney Azərbaycandakı Maku yaxınlığındakı Çaldıran düzünə doğru irəlilədi. Osmanlı qoşunu İsmayılın qoşunundan bir neçə dəfə çox idi.
Döyüşdən öncə toplanan hərbi şurada Səfəvi sərkərdələri Məhəmməd xan Ustaclı və Rumlu Nurəli Xəlifə osmanlılar üzərinə gecə ikən basqın etməyi Şah İsmayıla bildirdikdə o, bunu qorxaqlıq, ürəksizlik adlandırıb "Mən karvanbasan quldur deyiləm!" - demişdi.
Beləliklə, gözlənilən gün gəlib çatdı: 1514-cü il avqustun 23-ü. Çaldıran düzündə qanı, canı, dili bir iki türk övladı qanlı savaşa girdilər. Qaynaqların yazdığına görə, bu döyüş başlıca olaraq bir-birinə qarşı din düşmənçiliyi prinsipi üzərində qurulmuşdu və burada hər iki tərəfdən özlərinə şəhidlik arzulayan yetərincə fanatik türklər var idi. Bu fakt Çaldıran vuruşmasının türk ulusunun ən böyük fəlakətlərindən biri olduğunu ortaya çıxarır. Şah İsmayıl bütün döyüşlərdə öndə gedib, vuruşların hamısından uğurla qayıtmışdı. Ancaq bu döyüşdə o, uğur qazana bilmədi, bir səbəbi o idi ki, Sultan Səlimin ordusunda o çağın yeni silahları - topu-tüfəngi vardı. Bu da faktdır ki, Şah İsmayıl Osmanlı sərkərdələrindən biri ilə döyüşə girərək onu ikiparça edib yerə sərmişdi. Şah İsmayılın ordusu Osmanlıların piyada qoşununu geri oturtsa da, qarşı tərəfin top atəşləri qarşısında yenildi. Yaralanmış Şah İsmayıl ordusunun sağ qalan kəsimi ilə mühasirəni yarıb Təbrizə doğru çəkildi. Şah İsmayıl qarşı tərəfdən ordu sayında və ümumi hazırlıq məsələsində geridə idi, topu olsa da, ondan osmanlılar kimi yararlana bilmədi.
Çaldıran döyüşü Azərbaycan Səfəvi dövləti üçün böyük itkilərlə yadda qaldı, torpaqlarının bir hissəsinin itirilməsinə gətirib çıxardı. Osmanlılar düz Təbrizə kimi irəliləsələr də, onlar burada cəmi 8 gün qala bildilər. Çaldıranda qazandığı uğurdan sonra Osmanlı imperiyası Ərzurum şəhərilə birlikdə Batı Anadolu və Quzey Mesopotomiyaya yiyələndi. Bağdad daxil olmaqla ərəb İraqısa Səfəvilərin əlində qaldı. Bu vuruşdan sonra Şah İsmayıl bir də heç bir döyüşə girməyib, ancaq dövlət quruculuğu ilə məşğul oldu...

Uğur