Şərq-Qərb mövzusu Azərbaycan ictimai düşüncəsində Hadisə

Şərq-Qərb mövzusu Azərbaycan ictimai düşüncəsində

İctimai mühitin saflığının qorunması dövrün qlobal problemlərindən biridir

I yazı

İnsanı insan edən onun mənəviyyatı, dünyaya, həyata, insana özünəməxsus baxışıdır. Yüzillərdir ki, dünyada Şərq və Qərb baxışları mövcuddur. Fəlsəfə üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov "Şərqdə və Qərbdə milli-mənəvi dəyərlər" mövzusunda araşdırmasında bu haqda qənaətlərini təqdim edir. Onun fikrincə, insan bir tərəfdən xarici mühitlə əlaqə xüsusiyyətləri, digər tərəfdən özünəməxsus daxili xüsusiyyətlərilə səciyyələnir. Hər bir insan bioloji varlıq olaraq lap yaranışdan daşıyıcısı olduğu genlərdə kodlaşdırılmış olur: "Genlərdə onun fiziki-cismani imkanlarının, sağlamlıq dərəcəsinin, hətta intellektual və bir sıra mənəvi-psixoloji xüsusiyyətlərinin əsası qoyulmuş olur. Sonrakı həyatı boyu insanın sağlamlığı, cismani-bioloji varlığı xarici təbii mühitdən, orqanizmin daxil olduğu fiziki və bioloji əlaqələrdən asılı olaraq dəyişir. Bu mənada insan orqanizmi hər bir mərhələdə ilkin genetik imkanlarla xarici təbii mühitin əlaqəsi və hətta mübarizəsi şəraitində formalaşır. Lakin insan sadəcə cismani-bioloji varlıq deyil və onu əhatə edən mühit də sadəcə təbii mühit deyil. İnsan həm də sosial varlıq olaraq digər insanlarla və ümumən cəmiyyətlə qarşılıqlı əlaqəyə girir və bu əlaqələr onun formalaşmasına ciddi təsir göstərir. Bu mənada insanın ekologiyası bioloji ekologiya ilə yanaşı sosial və mənəvi ekologiyanı da əhatə edir. İnsanın mənəviyyatı bir tərəfdən genetik əsaslara malik olsa da, əsasən sosial-mənəvi mühitin təsiri ilə formalaşır. Burada cəmiyyətin mədəni-mənəvi həyatı, insanın yetişdiyi mühitin kulturoloji aspektləri mühüm rol oynayır".
Araşdırmaçı vurğulayır ki, insanın formalaşdığı ictimai mühit mövcud dəyərlər sistemi, sosial və hüquqi normalar, mövcud dövlət quruluşu, iqtisadi münasibətlər, ailə münasibətləri, təhsil sistemi və s. bu kimi elementlərin sintezindən ibarətdir. Mədəni-mənəvi mühit isə cəmiyyətin müvafiq rakursu ilə yanaşı əvvəlki nəsillərdən qalmış sənət əsərləri, xüsusən bədii ədəbiyyat və kinonun təsiri ilə formalaşır: "Bütün bunlar insanların bir mütəxəssis və bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Fiziki-bioloji ekologiyada olduğu kimi sosial-mənəvi ekologiyada da böhran baş verə bilər. Ona görə də sosial-mənəvi mühitin saflığının qorunması dövrün qlobal problemlərindən biridir. Bu gün mədəni-mənəvi köklərimizə qayıdış istiqamətində, milli mənsubiyyətimizin təkcə formal surətdə deyil, məzmun baxımından təsbit olunması uğrunda aparılan mübarizə həm də elmi-nəzəri əsaslara malik olmalıdır. Burada milli özünüdərk prosesi ilə özünüqoruma instinktinin vəhdətindən çıxış etmək lazımdır. İnstinkt əsasən psixik-bioloji anlayış olsa da, biz burada sosial instinktdən bəhs edirik. Yəni ictimai həyatımıza kənardan daxil olan yad təsirlərdən qorunmaq üçün bu gün gənclərimizdə sosial özünümüdafiə instinkti formalaşdırılmalıdır".
S.Xəlilov qeyd edir ki, müasir dövrdə ən aktual problemlərdən biri milli özünütəcrid və qloballaşma kimi iki kənar hal arasında optimal nisbətin tapılmasıdır. O, qloballaşmanın təsir, əhatə dairəsinin genişliyini belə xarakterizə edir: "Qloballaşma prosesi elm, texnika, texnologiya ilə - ümumbəşəri dəyərlərlə yanaşı milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. İstər düşünülmüş şəkildə, istərsə də qərəzsiz olaraq - fərqi yoxdur. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu, məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənəçi, konservator olmağın labüdlüyünü ziyalılar müəyyənləşdirməlidir. Yeri gəlmişkən, əsrin əvvəlində bizim böyük ziyalılarımız oriyentir kimi "türkçülük, islamçılıq və müasirliyin vəhdəti" prinsipini tövsiyə edirdilər ki, bu prinsip indi də aktuallığını saxlamaqdadır. Bununla belə, bizcə, ilk növbədə meyarlar müəyyənləşməlidir. İdeal halda biz özümüzü necə təsəvvür edirik və ya bizim milli-mənəvi idealımız nədən ibarətdir? İndi biz hansı real durumdayıq və daşıdığımız hansı keyfiyyətləri məhz milli səciyyə kimi qiymətləndirmək olar? Keçmişə də məhz bu real durum və ideal prizmasından, onun əsasında formalaşan meyarlardan çıxış edərək yanaşmaq lazımdır. Həqiqi milli keyfiyyətlər milləti yaşadan, onu inkişaf etdirən keyfiyyətlərdir. Bu baxımdan, keçmişimizdən qalan, lakin tərəqqiyə deyil, tənəzzülə xidmət edən cəhətləri yaşatmaqdansa, onlardan xilas olmaq yolu tutulmalıdır. Lakin biz yenə də nəyin pozitiv, nəyin neqativ, yaxud nəyin həqiqi, nəyin saxta olduğunu aydınlaşdıra bilmək üçün keçmişdən daha çox bugünümüzə və gələcəyimizə, milli-mənəvi idealımıza xidmət etməliyik. Ərazinin tarixi, xalqın tarixi, millətin tarixi, dövlətin tarixi fərqləndirilmədən məsələyə milli şüur prizmasından baxmaq çətindir. Minilliyin və yüzilliyin əsas səciyyələrini vermək üçün əvvəlcə bütövlükdə tarixi inkişaf prosesi heç olmazsa ən ümumi şəkildə nəzərə alınmalıdır".
S.Xəlilovun aşağıdakı fikirləri də ciddi maraq doğurur: "İnsanın ətrafında onun daxilindəki mənəviyyat üçün qoruyucu mühit olmalıdır. Necə ki, ozon qatı deşiləndə müxtəlif radiasiyalı şüalar atmosferə daxil olaraq insan həyatı üçün təhlükə yaradır, eləcə də bizi əhatə edən qoruyucu mədən-mənəvi mühit deşiləndə birbaşa yad təsirlər insanın daxilinə yol tapır. Belə qorumsuzluq şəraitində yalnız hansı insanlar ki, iradəlidir - onlar tab gətirir, əksəriyyət isə təsir altına düşür. Ona görə, bizim əsas iki vəzifəmiz var: Birincisi, insanların mədəni-mənəvi kamillik, özünüdərk dərəcəsini və iradəsini yüksəltmək istiqamətində iş görməliyik. Biz ənənələrimizə sədaqət prinsipindən, yüksək mənəvi dəyərlərimizi, milli kimliyimizi qorumaq prinsipindən çıxış etməliyik. Çünki özünütəsdiq milli-tarixi köklərə arxalanır. Bizim əsas işimiz bütün istiqamətlərdə mədəni-mənəvi mühitin saflaşdırılmasına nail olmaqdır".
Araşdırmaçı milli-mənəvi dəyərlərin qorunmasının gərəkliyindən söz açır: "Sağlam mədəni-mənəvi mühit formalaşdırmaq və onu qoruyub saxlamaq qloballaşma şəraitində çox çətindir. Bu çətinlik müqabilində təslimçilik isə tam bir anarxiya yaranmasına səbəb olur. Onda məktəb tərbiyəsi də öz təsirini itirmiş olur".
S.Xəlilov Şərqdə və Qərbdə mənəviyyat məsələsinə baxışı xarakterizə edir: "Şərqdə mənəviyyat daha çox dərəcədə fərdin öz miqyası ilə məhdudlaşdığından, cəmiyyətin mədəni-mənəvi həyatından ayrılaraq özünə qapıldığından, insan daha çox öz dünyasında yaşadığından onun xarici dünya ilə, maddi həyatla əlaqəsi əsasən iki formada həyata keçir:
1. Fərdi mənəviyyat aləminin qapıları ani olaraq açılır və xarici mühitlə intensiv əlaqə yaranır. Bu əlaqə özü müstəqilləşir və insanın xarici təsirə məruz qalmadığı dövrdə, soyuqqanlı düşüncə şəraitində qərarlaşmış fərdi mənəviyyat oyundankənar vəziyyətdə qalır. Fərdi aləm unudulur və insan dünyaya ancaq mühitlə intensiv əlaqənin təsirindən, emosional reaksiyadan doğan konkret bir tapşırıq, hökm, qərarla çıxır. İllər boyu formalaşmış konseptual düşüncə arxa plana keçir, emosiya vulkanının püskürdüyü lavanın altında qalır. İmpulsiv emosional reaksiyalardan xilas olmağa çalışan, Qərbin soyuqqanlı düşüncəsinə həsəd aparan Şərq adamının istəyini Əbu Turxan belə ifadə edir:

Hikmət sirdaş olub qala biləydi,
Zəngli saat kimi çala biləydi,
Gen gündə Gün kimi aydın olanı
Məqamda yadıma sala biləydi.

Şərqdə insanın dünyaya münasibəti əsasən aksioloji xarakter daşıyır, fərdi mənəviyyat prizmasından kənar hadisəyə ancaq qiymət verilir, ona yaxşı və ya pis münasibət bəslənir, ya da daha sistemsiz və daha impulsiv yolla adi şüur səviyyəsində büruzə verilir. İnformasiyanın xaricdən fərdi mənəvi dünyaya qəbul olunması da əsasən təəssürat formasında, aksioloji xətlə həyata keçir.
2. Fərdi mən prizmasından dünya ancaq ağ və qara rənglərdə görünə bildiyindən çox vaxt təsadüfi amillər nəticəsində ya ağların, ya da qaraların siyahısına düşən hadisələr uyğun olaraq ya təriflənir, ya da pislənir. Eyni hadisənin müxtəlif yönümlərdə müxtəlif rəngləri üzə çıxarılmır, məsələyə dialektik baxımdan, sistemli şəkildə yanaşılmır. Təhlil olmadığından bir münasibətdə "yaxşı" kimi qəbul olunan hadisənin pis cəhətləri üzə çıxarılmır və əksinə.
Bəli, Şərq təfəkkürü nöqsanlardan azad deyil. Lakin kim belə hesab edirsə ki, müasir dövrdə xalqımızın tərəqqisinə mane olan Şərq təfəkkür tərzidir - səhv edir. Şərq təfəkkürünün müəyyən çatışmazlıqları varsa, bu, onun üstün cəhətlərinə də neqativ planda baxmaq üçün əsas vermir. Digər tərəfdən də, ona qarşı qoyulan Qərb təfəkkür tərzi də özünəməxsus nöqsanlara malikdir. Bəziləri Avropa ilə bağlı olan hər şeyi mədəniyyət hesab edir, müasirliyi onunla ayaqlaşmaqda görürlər. Lakin bu zaman nədənsə Avropanın elmi, texnikası, maddi istehsal və xidmət mədəniyyəti yaddan çıxır, Avropanı Avropa edən, onu irəlidə zənn etməyə vadar edən əsl cəhətlər unudulur, Qərbin tərəqqisində həqiqətən böyük rol oynamış olan, onun maddi mədəniyyətini tamamlayan mütərəqqi mənəvi mədəniyyət nümunələri yaddan çıxır və əksinə, Qərbin tənəzzülünə, süqutuna, mənəvi deqradasiyasına aparıb çıxara bilən, onun ilkin tərəqqi dövrünün ənənələrinə əsaslanmayan, yandançıxma (çox vaxt Afrikasayağı) "mədəniyyət" nümunələri, o cümlədən, bayağı rok, varyete, pornoqrafik musiqi lövhələri, gecə klubları, kazino, striptiz və s. "Avropa mədəniyyəti" kimi qəbul edilir. Qərbin tərəqqisinin əsil hərəkətverici qüvvələri, böyük elm korifeyləri, maarifçilər və filosoflar isə yada da düşmür. Nyutonların, Volterlərin, Bethovenlərin həyat və yaradıcılığından söhbət açmaq unudulur. Məgər müasir gəncliyin onlara mənəvi ehtiyacı yoxdurmu? Acınacaqlı haldır ki, gənclərimizin əksəriyyəti Maykl Cekson və Şvartsnegeri Rassel və Bordan daha yaxşı tanıyırlar".
Azərbaycanda məşhur satirik şair Sabirin imzası ağlı söz kəsən hər kəsə yaxşı tanışdır. Üslub sarıdan heç kəsə bənzəməyən Sabirin şeirləri indi də çoxunun dilində əzbərdir. Əslində Sabirinki şairlik deyildi, dərdkeşlik idi. Şairlik ona fikirlərini çatdırmaqda yardımçı idi.
Sabir dərd şairi idi: əsərlərini satirik üslubda yazırdı. Sabirin satirasında sərtlik var, kəskin tənqid var, güzəştsizlik var. O, millət fədaisi idi...

Uğur