Dostluğun mübarək, doğma məktəbim Hadisə

Dostluğun mübarək, doğma məktəbim

Arzu Şirinova

Dəyərli həmkarım, Azərbaycan Respublikasının prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu sosial şəbəkədə Qubadlı rayonu Qara İlyasov adına 1 saylı orta məktəbinin İsmayıllı məktəbi ilə dost olduğunu bildirir. Bu dostluğu həmin məktəbin məzunu olan biri kimi alqışlayıram və daimi olmasını arzulayıram. Və bu dostluğa vəsilə olan Bilik Fonduna da təşəkkürlərimi bildirirəm.
Xəbər məni bəxtəvər illərə qaytardı. Cəmi iki il bu məktəbdə oxumuşam. Səbəbi də ondan ibarat idi ki, böyüyüb boya-başa çatdığım Qubadlı rayonunun Mahmudlu kəndində, ancaq səkkizillik məktəb fəaliyyət göstərirdi. Doqquzuncu və onuncu sinifi digər kəndlərin məktəbliləri kimi rayon mərkəzindəki Qara İlyasov adına 1 saylı orta məktəbdə oxumalıydıq. İlk dərs gününə kimi bu məktəbin müəllimləri, direktoru haqqında bilgimiz olurdu. Yəni bizdən yaşca böyüklər hər kəsi xarakterizə edirdilər və sonra buna özümüz əmin olurduq.
Məsələn, tarix müəllimi Bəhmən müəllim işinin ustası idi. Yeni dərsi mükəmməl başa salardı. Ancaq oxumağı hər kəsin öhdəsinə buraxardı və deyərdi ki, "oxuyub bilikli olmağı güclə beyinlərə yeritmək olmaz. Bunu anlayıb bu yolu tutmaq lazımdı". Fəxrlə deyə bilərəm ki, bu yolun yolçusuyam və Bəhmən müəllimə hər zaman minnətdar olmuşam ki, onun sayəsində tarixi mükəmməl öyrənmişəm. Və sevimli şagirdlərindən biri olmuşam.
Kimyadan biliyini əsirgəməyən Həlimə müəllimə. Kimsəyə fərq qoymadan qiymətini verərdi. Kimyanı mükəmməl öyrənməmişəm, ancaq yaxşı qiymətlə mükafatlandırılmışam. Bunun da səbəbkarı və kimyadan bünövrəmizi yaxşı qoyan Surxay müəllim olub. Ancaq etiraf edim ki, Mendeleyev cədvəlini göstərən çubuğundan da dadmışam. Onun dediyi kimi, elementləri ardıcıllıqla saymadığım üçün.
Həlimə müəllimə bizim kəndin uşaqlarına elə ilk gündən belə deyərdi-siz Surxay müəllimin əlindən su içmisiniz, ola bilməz ki, kimya fənnindən anlayışınız olmasın. Həqiqətən də beləydi, bizim kəndin uşaqlar o birilərdən fərqlənirdi.
Cəbr və həndəsənin "atası" saydığımız Nuşirəvan müəllim. Ondan hələm-hələm qiymət almaq mümkün deyildi. 3 qiymət alan sevinirdi, 4 qiymət alan isə özünü bu fənlərin yaxşı biləni sayırdı. 5 qiymətini o qədər xəsisliklə verərdi ki... Nuşirəvan müəllimin ədəbiyyat, şer, sənət zövqü bambaşqaydı. Ona görə də onun fənlərindən "təngə" gələndə xahiş edərdik ki, Nizamidən, Füzulidən desin. Bunlardan deyəndə öz kefi də açılırdı və olurdu başqa dünyanın adamı-həlim və gülərüz...
Bizim biologiya müəlliməmiz, sevimli və mehriban, həm də dostumuz Nəzakət müəllimə. Onun dərsinə hazırlıqsız gələndə utanırdım. Çünki dostluğumuza xələl gələcəyindən qorxurdum. O qədər yaxın dost olmuşduq ki, evinə belə dəvətliydim. Onun həm də məsləhətlərinə hər zaman ehtiyac duyurdum. 8 mart Qadınlar Bayramında üstü yızılgül şəkli olan açıqcada onu təbrik eləmişdim. Təbrikim o qədər xoşuna gəlmişdi ki, sinifdə oxudu və boynumu qucaqlayıb öpdü.
İctimaiyyət fənnindən dərs aldığımız Əli müəllim. Onu filosof kimi də qiymətləndirirdilər. Verdiyi mövzuları əzbərləməkdən təngə gəlirdik. Ancaq sonralar əzbərlədiyimiz həmin mövzular gərəyimiz oldu.
Məktəbimizin direktoru Azad müəllim-əzazil idi. Şilləsini dadan adam bir daha səhv eləməzdi. O məktəbin dəhlizlərində gəzəndə kimsənin səsi belə çıxmazdı. Yerişinə fikir verərdi ki, Azad müəllim görə bilər. Ancaq bir etiraf da edim ki, ədəbiyyat fənnini tədris eləyən biri kimi onu qəbul etmirdim. Çünki ondan heç nə öyrənmirdim. Nə öyrənmişdim əziz və savadlı müəllimim Əmikişi müəllimdən öyrənmişdim.
...Hər gün 6 kilometr yolu gedib gəlsək də yorulmaq nədir bilməzdik. Rayonda yaşayan uşaqlardan tez çatardıq dərsə. Bizim kəndin uşaqlarının geyimi də fərqlənirdi-şabalıdı rəngdə məktəbli forması, ağ önlük və saçlarımıza vurduğumuz ağ lentlər. Həlimə müəllimə səliqəni sevdiyi üçün bizi hər zaman nümunə gətirərdi uşaqlara...
...Bilmirəm nədəndir, son zamanlar daha çox ümüdlüyəm ki, Qubadlını və eləcə də işğal altındakı digər yerlərimizi azad edib, o yerlərə dönəcəyik. Və əminəm ki, Qubadlı və İsmayıllı məktəblərinin dostluğunun təməli burda qoyulsa da, bu dostluq Qubadlıda daha da möhkəmlənəcək. Ceyhun Musaoğlu bunu mövzuya çevirib yazacaq...