“Türkiyə doğru addım atıb” Hadisə

“Türkiyə doğru addım atıb”

Politoloq Ərəstun Oruclu : "İŞİD-in məqsədi Türkiyəni Suriya ərazisində hərbi əməliyyatlara cəlb etmək, bununla da Suriya və Türkiyə arasında savaşa zəmin yaratmaqdır"

Politoloq Ərəstun Oruclu rəsmi Ankara ilə İraq Kürdüstanındakı PKK silahlıları arasındakı razılaşmanın əməkdaşlıq olmadığını, sadəcə Türkiyə tərəfindən İŞİD-ə qarşı hesablanan gediş olduğunu bildirib.
Ə.Oruclunun sözlərinə görə, Türkiyənin İŞİD-ə qarşı PKK qüvvələrindən istifadəsi bu ölkənin marqları baxımından məqsədəuyğundur: "Mən Ankaranın İraq Kürdüstanındakı PKK qüvvələrinin Türkiyə ərazisindən keçməklə Kobaniyə daxil olmasına icazə verməsini Türkiyənin terror təşkilatı ilə əməkdaşlığı kimi qəbul etməyin əleyhinəyəm. Düşünmürəm ki, baş verənləri bu cür dəyərləndirmək düzgün olsun. Baxmayaraq ki, Türkiyə də, beynəlxsalq aləm də PKK-nı terror təşkilatı kimi tanıyır. Lakin reallıq bundadır ki, bu gün bütün bölgə, eləcə də Türkiyə üçün daha təhlükəli bir amil var, bu da İŞİD-dir. İŞİD-lə PKK-nın marasqları toqquşub. Belə olan şəraitdə təbii ki, Türkiyə seçim eləməlidir. Türkiyənin iradəsindən asılı olmayaraq, onun üzv olduğu koalisiya, anti-terror koalisiyası faktiki olaraq PKK-nı Suriya və İraqda silahlandırmaqla məşğuldur. Türkiyənin proseslərdən kənarda qalması nəticə etibarilə sabah daha böyük hərbi potensiala, döyüş təcrübəsinə malik, Suriya və ya İraqda dövlət quracaq gücə malik təşkilatla üz-üzə gəlməsinə səbəb ola bilər ki, bu da arzuedilən deyil. Buna görə də Türkiyənin bu addımını düzgün hesab edirəm".
Politoloqun sözlərinə görə, İŞİD-in məqsədi Türkiyəni Suriya ərazisində hərbi əməliyyatlara cəlb etmək, bununla da Suriya və Türkiyə arasında savaşa zəmin yaratmaqdır. İŞİD ideoloqları hesab edir ki, Türkiyə və Suriya arasında belə bir savaşın reallaşması bölgədə anarxiya və qarışıqlığı daha da artıracaq ki, bu da İŞİD-in gələcək hücumları və uğurları baxımından mühüm amildir: "İŞİD hər vasitə ilə çalışır ki, Türkiyə bu prosesə cəlb olunsun. Amma hər kəs bilir ki, əgər Türkiyə prosesə cəlb olunsa, o zaman yalnız İŞİD-lə deyil, həm də Əsəd qüvvələri ilə döyüşməli olacaq. Bu, falktiki olaraq Suriya və Türiyə arasında müharibə demək olacaq. Türkiyə nə qədər çətin və həssas durumda olsa da, zənnimcə indiki halda düzgün addım atır. Nə qədər ki, sərhədin Türkiyə hissəsi üçün ciddi təhlükə yaranmayıb, türk ordusunun müdaxilə etməməsi düzgün addımdır. Çünki lüzumsuz müdaxilə müharibəyə səbəb ola bilər".