Əraqçı: İrana qarşı təcavüzə kömək edən hər bir ölkə ordumuzun qanuni hədəfi olacaq Gündəm

Əraqçı: İrana qarşı təcavüzə kömək edən hər bir ölkə ordumuzun qanuni hədəfi olacaq

ABŞ-nin İrana qarşı təcavüzündə iştirak edən və ya İslam Respublikasına zərbələr endirilməsinə şərait yaradan istənilən ölkə İran Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Xarici İşlər Naziri Abbas Əraqçı Çolpon-Atada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında bəyan edib.

"İran ölkənin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etmək azmini bir daha təsdiqləyir və bildirir ki, İrana qarşı təcavüzün törədilməsində hər hansı iştirak, əməkdaşlıq və ya köməklik müvafiq tərəflər üçün beynəlxalq məsuliyyət yaradacaq", — deyə İran XİN-in "Telegram" kanalı Əraqçıdan sitat gətirib. Onun sözlərinə görə, Tehran özünümüdafiə çərçivəsində bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır və təcavüzdə iştirak edən istənilən tərəfi silahsız qüvvələr üçün qanuni hədəf kimi qiymətləndirəcək.

İran XİN rəhbəri ŞƏT ölkələrini həmrəyliyə, əməkdaşlığa və "təcavüzün diplomatiyanı, gücün hüququ, ikili standartların isə ədaləti əvəz etməsinə" yol verməməyə çağırıb. "Təhlükəsiz, sabit və ədalətli gələcəyə yalnız hamımız tək bir səslə hüququn aliliyini, dövlətlərin bərabərliyini, ölkələrin suverenliyinə və xalqların ləyaqətinə hörməti müdafiə etdiyimiz zaman nail olmaq mümkündür", — deyə o əlavə edib.

Məryəm Quliyeva